Ermənistan ordusunun 21 artilleriyaçısının məhvinə səbəb olan zabitin məhkəməsi yenidən təxirə salındı

2022/08/maxre-1660135545.jpg
Oxunub: 594     21:44     10 Avqust 2022    
Avqustun 9-da İrəvanın birinci instansiya məhkəməsi “Tsori” hərbi hissəsinin 21 artilleriyaçısının məhvi ilə bağlı məhkəmə iclasını yenidən təxirə salıb.

Ordu.az xəbər verir ki, iş üzrə müttəhim Gevorq Gevorqyanın müdafiəçisi olan Qor Gevorqyan məzuniyyətə gedib və bu səbəbdən iclasın təxirə salınması barədə qərar qəbul edilib.

Məhv edilən artilleriyaçıların qohumları narahat olub və müdafiəçinin onlara qarşı hörmətsizlik etdiyini bildiriblər.

Hərbçilərdən biri olan Davit Azatyanın anası Kristine Azatyan qeyd edib ki, təkcə Gevorq Gevorqyan deyil, həm də Gennadi Bağdasaryan, Cəlal Harutyunyan da günahkardır.

“Ümid edirəm ki, onların hamısı öz cəzalarını alacaqlar. Əgər geri çəkilməyi vaxtında təşkil edə bilsəydi, bütün bunlar baş verməzdi. Mən ədalətin gecikməsinin təhlükəsini görürəm”, - deyə o bildirib.

Digər erməni əsgər Artur Asryanın atası Armen Asryan deyib ki, hərbçilər komandirlərin səhv əmri ucbatından ölüblər:

“Yalnız Gevorq Gevorqyana qarşı ittiham irəli sürülüb və onun həbsi barədə qərar çıxarılıb. Təbii ki, Gevorqun da günahı var, amma bu məsələdə daha böyük günahkarlar var”.

Qeyd edək ki, Gevorq Gevorqyan Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 4-cü hissəsi ilə ittiham olunub. İttihama görə, şəxsi mənafeyindən irəli gələrək, Silahlı Qüvvələrin N saylı hərbi hissəsinin artilleriya diviziyasına rəhbərlik edən zabit öz həyatını xilas etmək məqsədilə ağır nəticələrə səbəb olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin