Düşmənin növbəti təxribatlarına imkan verməyək!

2022/08/atesk-1660126511.jpg
Oxunub: 732     14:13     10 Avqust 2022    
XXI əsr informasiya əsridir və informasiya təhlükəsizliyi çox mühüm əhəmiyyət kəsb edən amillərdəndir. Alman ekspertlərinin fikrincə, vacib informasiyaya malik olmaq hakimiyyətə, vacib informasiyanı qeyri-vacib informasiyadan ayırmaq ikiqat hakimiyyətə, vacib informasiyanı yaymamaq və susmaq qabiliyyəti isə üçqat hakimiyyətə malik olmaq deməkdir. Əgər bu istiqamətdə hərbi qulluqçuların hərbi sirrin qorunmasında hüquqi maarifləndirməsinin səviyyəsi yetərincə deyilsə, arzulanan nəticəni əldə etmək çətinləşir. Bu məsələlər məlum hadisələr fonunda qabarıq şəkildə özünü göstərir.

Son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı, hansısa texnika və silahla, hərbi geyim formasında hərbi qulluqçuların bəzi sosial şəbəkələrdə foto və video görüntüləri paylaşmaları orduda və cəmiyyətdə ciddi narahatlıq doğurur. Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq paylaşımlar edən bir qrup hərbi qulluqçu müəyyən edilərək barələrində ciddi tədbirlər görülmüşdür.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Mədədov Urfan İsə oğlu, Fərəcov Sənan Məhəmməd oğlu, Süleymanzadə Seymur Əmrah oğlu, Abdullayeva Afət İzariyyə qızı və əsgər Bayramlı Yusif Eldar oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi sosial şəbəkə hesablarında xidmətə aid foto-video görüntüləri paylaşmaları səbəbindən Müdafiə Nazirliyi rəhbərliyinin əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıblar. Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub: "Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir".

Peşəsinə bu cür etinasız yanaşan hərbi qulluqçuların məlum video və fotolarını paylaşmaları məxfiçiliyin, informasiya təhlükəsizliyinin pozulmasına gətirib çıxardır. Xüsusilə Ermənistan-Azərbaycan sərhədində xidmət edən hərbi qulluqçularımız son dərəcə ehtiyatlı olmalı, qarşı tərəfin törədə biləcəyi təxribatlara yol açmamalıdırlar. Erməni saytlarına, xüsusilə də teleqram səhifəsinə nəzər salsaq, orada ordumuz haqqında informasiya toplamaq üçün nələr etdiklərini aydın görmək olur. Hətta "Qisas" cavab əməliyyatı ərəfəsində teleqramda "Azərbaycan saytlarını nəzarətdə saxlayın. Texnikaların və şəxsi heyətin hərəkəti barədə materiallar yerləşdiriləcək. Onları toplayın və mərkəzə göndərin" ifadələri öz əksini tapmışdır. Bütün bunlar düşmən qüvvələrinin bizi izləməsinin bariz nümunəsidir. Çünki hər zaman ermənilərin informasiya cəbhəsində çalışan təxribat maşını işlək vəziyyətdədir. Ordu və informasiya təhlükəsizliyi təminatı məsələləri bir-biriylə sıx bağlı olan məsələlərdir. Vətənin keşiyində dayanan hərbi qulluqçularımız daha məsuliyyətli, milli mənafeyini şəxsi mənafeyindən daha üstün tutan əsl vətəndaş olmalıdırlar.

Unutmayın ki, sizin böyük həvəslə çəkib sosial şəbəkə hesabınızda paylaşdığınız fotolar, videogörüntülər birmənalı şəkildə hərbi sirrin, məxfiçiliyin qorunmamasına və ölkənin informasiya təhlükəsizliyinin pozulmasına xidmət edir. Bütün bunlar, düşmənin ölkəmizə qarşı antitəbliğat aparmasına gətirib çıxarır. Çünki xidmət etdiyiniz yerdən paylaşdığınız foto və videogörüntülər birbaşa düşmənin ölkəmizə qarşı yaratdığı informasiya cəbhəsinin işini asanlaşdırır.

Bununla da, qarşı tərəf bölmələrimizin istiqamətini, yerləşdiyi ərazini, relyefi asanlıqla müəyyən edə bilir. Texnologiya o qədər sürətlə inkişaf edib ki, koordinatlar saniyələr ərzində müəyyən edilir. Belə hallar yolverilməzdir. Əsas da əməliyyatlar gedən müddətdə mobil telefonla çəkiliş aparmaq və video paylaşmaq olmaz. Belə olan halda düşmən həmin ərazini qısa vaxtda müəyyən edərək həmin nöqtəni hədəfə alır, izləməyə başlayır.

Ermənistan-Azərbaycan sərhədində xidmət edən şəxsi heyət diqqətli olmalı, düşünməlisiniz ki, düşmən fitnəkar və təhlükəlidir. Vətənə xidmət edən hər bir hərbi qulluqçudan tələb olunan vəzifələr var. O vəzifələrdən biri ölkənin bir vətəndaşı kimi sən də daxilində məsuliyyət hissini artırmalı, şərəf öhdəliyini unutmamalısan. Hər birimiz ordunu evimiz bilməli, evimizin sirrini düşmənə verməməliyik. Gördüyümüz kimi, erməni terrorçu-təxribatçı dəstələri naqis əməllərindən əl çəkməyiblər. Sizin smartfon telefon vasitəsilə paylaşdığınız bir məlumat cəmiyyətdə faciələr törədər, xoşagəlməz fəsadlara yol aça bilər. Alman filosofu Fridrix Nitsşenin dediyi kimi, "Bəzən bir sözdən fırtına qopa bilər".

Sosial şəbəkə hesablarından istifadə edən hərbi qulluqçular bilərəkdən və yaxud bilməyərəkdən hərbi sirrin qorunması haqqında tələbləri kobudcasına pozarsa, məsələnin hüquqi müstəvidə həlli önə çəkilir. "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması qanunla tənzimlənir.

Həmçinin, Azəbaycan Respublikası Prezidenti 24 sentyabr 2014-cü il tarixli 745 H-li "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam imzalamışdır.

Hər bir əsgər hərbi sirrin qorunmasına məsuliyyət hissi ilə yanaşmalı, hərbi etik normalara, nizamnamələrin tələblərinə birmənalı şəkildə riayət etməli, Hərbi Andı qəbul edərkən Vətənə mənəvi borcunu ləyaqətlə, vicdanla ödəyəcəyi haqda verdiyi sözü unutmamalıdır. Əks halda, belə qanunsuz əməllərə yol verənlər haqqında daha da ciddi tədbirlər görüləcəkdir.

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu   Təxribat  


Bizi "telegram"da izləyin