“Oh, bu, çox yaxın idi”| Donbasda “Warhammer 40,000” video oyunu reallaşdırılır – TERRA

2022/08/214d2-1660117553.jpg
Oxunub: 1606     21:38     10 Avqust 2022    
“Atəş”, - Ukrayna kəşfiyyat bölməsinin komandiri artilleriya komandasından mesaj aldıqdan sonra bildirib.

Ukraynanın cənubunda Ukraynanın nəzarətində olan Nikolayev və Rusiyanın işğalı altında olan Xerson arasındakı cəbhə xəttindəki bu dar meşə zolağına gedən Ukrayna artilleriyasının səsi 20 saniyədən çox davam etdi. Mərmi əsgərlərin başının üstündən uçarkən komandanın başqa bir üzvü onun hara düşdüyünü görmək üçün terminalının ekranına yaxınlaşır. Üçüncü Ukrayna ordusu üçün hazırlanmış “Kropyva” adlı xəritəçəkmə və artilleriya proqramı ilə təchiz edilən planşetdə yeri qeyd edir.

Partlayış səs gəlməzdən əvvəl Pilotsuz Uçuş Aparatı (PUA) ilə zərbənin endirilməsi yuxarıdan izlənilirdi. Zərbə BMD zirehli döyüş maşını ilə Rusiya mövqeyi arasındakı əraziyə dəydi və zaman prosesi izləyən 34 yaşlı hərbçi dedi: “Oh, bu, çox yaxın idi”.

Şərqdəki Donbas ərazisinin bəzi hissələri istisna olmaqla, cəbhə xəttinin aylar ərzində çox hərəkət etmədiyi Ukraynada bu günlərdə döyüşlərin çoxu belədir. İki ordu PUA-larla müşahidələr apararaq gündəlik artilleriya zərbələri ilə bir-birini zəiflətməyə çalışır.


“Terra” kimi tanınan bu xüsusi PUA kəşfiyyatı taqımının komandiri Abdulla artilleriyanın növbəti hədəfinin koordinatlarını ötürdü.

Bir neçə dəqiqə əvvəl Abdulla və adamları havada Rusiyaya məxsus PUA-nı gördükdən və onlara tərəf bir neçə mərmi atıldıqdan sonra gizlənmək üçün qaçdılar. Mərmilər çox uzaq yerə düşdü. Hadisə yerindən çox da uzaq olmayan yanan avtomobilin qalıqları Rusiya hərbçilərinin bir neçə həftə əvvəl burada vurulduğunu göstərir.

Müharibədən bir qədər əvvəl hüquq təhsili almış motosiklet yarışçısı Abdulla deyir: “İndi müharibə başqa cürdür. Burada insanların dediyi kimi, əgər söhbət yalnız atışmadan gedirsə, siz artıq səhv etmisiniz”.

O, 2014-15-ci illərdə Donbas bölgəsində müharibə zamanı könüllü olub.

“Mən ilk müharibədə olanda fikirləşirdim ki, bu PUA-lar nədir, mən əsl kişi olmalıyam, çiynimdə silah gəzdirməli, düşməni axtarmalıyam. Mən indi daha yaşlı və müdrikəm”, - deyə ukraynalı hərbçi bildirir.


PUA-lar onilliklər ərzində ABŞ tərəfindən Əfqanıstan və İraqda, Azərbaycan tərəfindən isə 2020-ci ildə Ermənistan qüvvələrinə qarşı dağıdıcı təsir göstərmək üçün istifadə edilsə də, cəbhə xəttinin PUA-larla yüksək səviyyədə təchiz edilməsi Ukrayna müharibəsinin unikal xüsusiyyətidir.

Həm Rusiya, həm də Ukrayna peşəkar hərbi PUA-lardan istifadə edir. Rusiyanın “Orlan-10” müşahidə PUA-ları Ukrayna qüvvələri üçün ciddi problem yaradır və onların çox vaxt bu sistemləri vurmağa imkanları yoxdur. Ukrayna özünün sabit qanadlı “Leleka” və “Furia” müşahidə PUA-larından istifadə edir, eləcə də müharibənin ilk günlərində Rusiya zirehli karvanalarının məhv edilməsində mühüm rol oynayan Türkiyə istehsalı “Bayraktar TB2” zərbə PUA-larını tətbiq edir. Kiyev, həmçinin ABŞ istehsalı olan “Switchblade” və Polşa tərəfindən təchiz edilmiş “Warmate” kimi kamikadze PUA-larından da istifadə edir.

Cəbhə xəttlərində daha çox PUA-lar mülki platformalardır. Çin istehsalı DHI kvadrakopterləri ayrı-ayrı bölük və taborlar tərəfindən idarə olunur. “DJI Mavic 3” platformalarının qiyməti 3000 dollar və daha böyük “DJI Matrice”in qiyməti 10 min dollardır, ucuz olmaları ilə yanaşı bu sistemlər döyüş meydanında əhəmiyyətli fərq yarada bilər.

İyun ayında Donbas bölgəsində Lisiçansk uğrunda döyüşən ukraynalı PUA operatoru Aleks deyir: “Onları dostlar, qohumlar, könüllülər alır və sonra cəbhə bölmələrinə göndərirlər. Vəziyyət 10 dəqiqəyə dəyişə bilər və düşmənin nə etdiyini dərhal görmək lazımdır”.

O deyir ki, Rusiyanın Donbas bölgəsindəki güclü radioelektron mübarizə imkanları əksər PUA-ların GPS naviqasiya sistemlərini çıxara bilir, lakin “DJI Mavic 3” kimi kvadrokopterlərin uçuşlarına mane olmur.


Daha böyük və daha yaxşı təchiz olunmuş düşmənlə qarşı-qarşıya gələn Ukrayna ordusu daha çevik və ixtiraçı olmalı, “Terra” PUA taqımı kimi könüllülərdən ibarət komandaları öz strukturuna daxil etməlidir. Nikolayev cəbhəsində piyada briqadası ilə işləyən taqımın əksər üzvləri orta əsr cəngavərlərinə bənzəyən peşəkarlardır. “Warhammer 40,000” video oyunundakı ana planetin adını daşıyan taqım Rusiyanın işğalı zamanı Kiyevin Ərazi Müdafiəsinin bir hissəsi kimi fəaliyyətə başlayıb.

Taqım çantalarında iki PUA və ehtiyat batareyalarla dolu kürək çantaları ilə maşına dolduşdu. PUA və maşınlar komanda üzvlərinin öz töhfələri və ya topladığı pullarla alınıb. Pikap Nikolayevdən cənuba doğru sürətlə gedir, dağılmış yollardakı mərmi kraterləri ətrafında hərəkət edir və müharibənin ilk aylarında məhv edilmiş kəndlərin yanmış qalıqlarının yanından keçir. Atəş meydançası kimi istifadə edilən maşə zolağında komanda üzvləri Rusiya PUA-ları tərəfindən görünməmək üçün pikapı ağacların altına gizlətdi.

Gələn kimi Abdulla internet bağlantısı yaratdı. “Ruslarla qeyri-şifahi ünsiyyət zamanıdır”, - o dedi. Müharibədən əvvəl Kiyev bankı üçün problemli kreditləri həll edən komanda üzvü “DJI Mavic 3” PUA-sını havaya qaldırdı və Rusiya mövqelərinə tərəf göndərdi. Kitab ölçüsündə olan PUA nisbətən sakitdir və 4 mil qədər uça bilir.

Komanda üzvlərindən biri rus səngərlərinin və möhkəmləndirilmiş mövqelərinin mənzərəsini öyrənərək, açıq yerdə artilleriya qurğuları, tanklar və ya sursat ehtiyatları kimi prioritet hədəfləri axtarırdı. O, “Qrad” Yaylım Atəşli Reaktiv Sisteminə (YARS) baxaraq deyir ki, onu vurmaq çox yaxşı olardı, amma çox sürətlə hərəkət edir.

Bir dəqiqə sonra komanda rus mövqeyindən uzaqlaşan başqa bir rus maşını, ehtimal ki, zirehli təcili yardım maşını gördü. Heç bir asan seçim olmadı və Abdulla diqqətini qalın beton panellərin altında zirehli texnikanın saxlandığı rus istehkamlarına yönəltmək qərarına gəldi. Bu cür müdafiələrə qarşı yalnız uğurlu birbaşa zərbə təsirli ola bilər.


Lakin strategiya daha mürəkkəb idi. Bu istehkamlara atəş açmaq rusları əlavə mövqelər ortaya çıxararaq və qoşunların hərəkətinə təhrik etməklə reaksiya verməyə məcbur edə bilərdi. Rusiyanın cavab artilleriya atəşi rus silahlarını dəqiq təyin etmək və hədəf almaq üçün istifadə edilə bilər. Rus mövqelərinin bilavasitə yaxınlığındakı maneələrin vurulması fiziki itkilərə səbəb olmasa belə, rus qoşunlarını aşkara çıxaracaqdı.

“Burada pişik-siçan oyunu oynayırıq. Onlar hər gün stres altında olmalıdırlar. Bu, çox vacibdir. Əgər bir gün hücuma keçməli olsaq və ya hücum əmri alsalar, ruhdan düşəcək və yorğun olacaqlar”, - deyə Abdulla bildirir. Ruslar da eyni səbəbdən Ukraynanın mövqelərini daim atəşə tutur.

Balaca PUA ilk uçuşdan qayıdarkən rus artilleriyasının gurultusu və ardınca fit səsi quşların səslərini pozdu. Hamı yerə yıxıldı və sığınacaq axtarmağa başladı. Mərmilər təsadüfi yerlərə dəyirdi. “Onlar bizim harada olduğumuzu bilmirlər. Biz işləməyə davam edirik”, - deyə Abdulla nəfəsini dərərək bildirir.

O, 30 dəqiqə sonra atəş tapşırığına hazırlaşmaq üçün arxada olan Ukrayna artilleriya dəstəsini təşkil etdi. Atəşi istiqamətləndirmək üçün komanda üzvləri havada daha uzun müddət qala bilən və üstün optika sayəsində düşmən xəttinə o qədər də yaxın uçmaq məcburiyyətində qalmayan daha böyük “DJI Matrice” PUA-sını havaya qaldırdı. Hər zərbə Ukrayna artilleriyasını Rusiya mövqelərinə yaxınlaşdırmağa çalışırdı.

Abdullanın sözlərinə görə, bir neçə gün əvvəl onun komandasının istiqamətləndirdiyi Ukrayna artilleriya atəşi taxta damın altında gizlənmiş rus piyada döyüş maşınına dəyib, daha sonra rus əsgərləri yanğını söndürmək üçün gizləndikləri yerdən çıxanda yenidən atəş açıb. “Terra”nın “YouTube” və “Instagram” hesablarında yerləşdirdiyi videolar arasında bir neçə rus tankı, özüyeriyən və yedəkdə daşınan artilleriya qurğuları və digər hərbi maşınlar var.

“Onlarda daha çox şeyin olması bizi bir qədər ruhdan salır. Bir şeyi partladırsan və sonra görürsən ki, ertəsi gün onu əvəz edirlər”, - deyə komanda üzvü bildirir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA   Matrice  


Bizi "telegram"da izləyin