Ordu.az xəbər verir ki, bunu Ankarada Türkiyə KİV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O, İkinci Qarabağ müharibəsi dövründə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə rəsmilərinin, siyasi partiyalarının və bütün türk xalqının Azərbaycana dəstək olduqlarını vurğulayıb: “Bu, bir daha sübut edir ki, Azərbaycan və Türkiyə əlaqələri dünyada bənzəri olmayan səviyyəyə yüksəlib. Dünyada etnik, dini və mədəni olaraq bir-birinə yaxın olan qonşu ölkələr çoxdur. Lakin heç biri Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın deyil. Bunun ikinci bir nümunəsini dünyada görə bilmərik”, - nazir bildirib.
XİN rəhbərinin sözlərinə görə, Azərbaycan və Türkiyənin ortaq layihələri regionda sülh və sabitliyi təmin edir.
Nazir vurğulayıb ki, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə yüksəldilib və mövcud qardaşlıq və müttəfiqlik əlaqələri rəsmiləşdirilib.
Ordu.az