8,3 faizlik inflyasiya Ermənistanda yoxsulluğu daha da dərinləşdirəcək – ANALİZ

2020/08/15846-1598078990.jpg
Oxunub: 692     20:39     09 Avqust 2022    
Ermənistan Statistika Komitəsinin açıqladığı məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında 8,3 faiz yüksək inflyasiya qeydə alınıb, yəni yanvar-iyun ayları ilə müqayisədə inflyasiya 0,2 faiz artıb. 2022-ci ilin iyul ayında 2021-ci ilin iyul ayı ilə müqayisədə inflyasiya 9,3 faiz təşkil edib. Belə yüksək inflyasiya son 10 ildə qeydə alınmayıb. Maraqlıdır ki, iyulda iyun ayı ilə müqayisədə 1,4 faiz azalma qeydə alınıb, bu da ərzaq məhsullarının qiymətlərinin mövsümi amili ilə bağlıdır.

Bununla belə, yanvar-iyul aylarında 13,7 faiz təşkil edən ərzaq inflyasiyası Ermənistanda xalq arasında narahatlıq doğurur və xüsusilə sosial cəhətdən həssas qrupların, pensiyaçılar, müavinət alanlar və çoxuşaqlı ailələrin narazılığına səbəb olub. BMT-nin araşdırmasına görə, bu il Ermənistanda qida çatışmazlığından əziyyət çəkənlərin sayı 80 min nəfər artıb.

Məsələn, iyul ayında çörək məhsulları və dənli bitkilərin qiyməti 20,6 faiz artıb. Ancaq Ermənistan əhalisinin pensiya və müavinətləri əvvəlki kimi qalıb. Eyni zamanda, 2022-ci ilin iyul ayında unun 18 faiz inflyasiyası qeydə alınıb və bu müddət ərzində çörəyin 21,2 faiz, makaron məmulatının qiyməti 31,3 faiz bahalaşıb.

Ermənistanın Rəqabət Komissiyasının davamlı fəaliyyətsizliyi səbəbindən şəkər bazarı özünün yüksək inhisar səviyyəsi ilə səciyyələnməkdə davam edir, xüsusilə şəkər və şəkər əmtəə qrupunda inflyasiya 2022-ci ilin iyul ayında 2021-ci ilin iyul ayı ilə müqayisədə 7,5 faiz təşkil edib.

Dünyada hökm sürən iqtisadi sanksiyalar müharibəsi və logistika problemlərinin dünya ərzaq bazarında böyük sarsıntılara səbəb olacağı proqnozlaşdırılırdı. Lakin Ermənistan bazarında inflyasiya yalnız xarici amillərlə izah oluna bilməz, çünki 2022-ci ilin birinci yarısında Ermənistanın kənd təsərrüfatı sektorunda 5,5 faizlik azalma inflyasiya vəziyyətini daha da ağırlaşdırıb,

Eyni zamanda, Ermənistanın bağçılıq sektorunun tənəzzülü, satınalma problemləri və gübrələrin qiymətinin artması tərəvəz və meyvə bazarında görünməmiş yüksək inflyasiyaya səbəb olub. O cümlədən, tərəvəzin 36,8 faiz, pomidorun 69,8 faiz, badımcanın 86 faiz, sarımsağın 16,1 faiz, kartofun 7,2 faiz, göbələyin 16,8 faiz, bibərin 11,8 faiz və s. bahalaşması müşahidə olunub.

Ermənistanda əhaliyə göstərilən xidmətlər (su, qaz, elektrik enerjisi və s.) sahəsində qeydə alınan inflyasiya da sıravi ermənilər üçün xeyli yük olub, xüsusən 2022-ci ilin iyul ayında 2021-ci ilin iyul ayı ilə müqayisədə tariflər 5,7 faiz artıb.

Yekun olaraq qeyd etmək lazımdır ki, Ermənistanda davam edən inflyasiya sosial cəhətdən həssas qrupların həyat səviyyəsini pisləşdirir. Hökumətin gecikmiş və cüzi sosial yardımları vəziyyəti düzəldə bilməyəcək, ona görə də yoxsulluq daha da dərinləşəcək.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İnfilyasiya  


Bizi "telegram"da izləyin