Analiz| Rusiya-Ukrayna PUA müharibəsi - Onlar müharibənin taleyini dəyişə bilərmi?

2022/08/1660288399.jpg
Oxunub: 2411     11:15     12 Avqust 2022    
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsi Avropa qitəsində bir sıra siyasi, təhlükəsizlik və enerji böhranına və böyük silah yarışına səbəb olub. Rusiyanın Ukraynanın iri şəhərlərində artan hücumu ilə NATO-ya üzv dövlətlər Ukrayna qoşunlarına müasir döyüş texnikası, tank əleyhinə və qanadlı raketlər, kamikadze və kəşfiyyat PUA-ları, orta mənzilli raket sistemləri və s. göndərib.

Rusiya ordusunun NATO dövlətləri ilə müqayisədə təkmil silah və müdafiə texnologiyasına malik olmadığını nəzərə alsaq, zəif hərbi planlaşdırma, aşağı döyüş hazırlığı və maddi-texniki problemlərlə üzləşdiyi deyilir.

Rusiya qoşunları dörd lazerlə idarə olunan bomba daşımaq üçün təchiz edilmiş Türkiyə istehsalı “Bayraktar TB2” zərbə PUA-ları da daxil olmaqla müasir silahlardan narahat olub.

Türkiyə 2021-ci ildə, genişmiqyaslı müharibənin başlamasından qısa müddət əvvəl flaqman PUA-larının Ukraynaya ixracına başlayıb. Müharibənin ilk üç ayında “Bayraktar” rus birliklərinə, zirehli texnikalarına və donanmasına qarşı çox təsirli olduğunu sübut edib. “Bayraktar”ın 2022-ci ilin aprelində Rusiya donanmasının əsas gəmisi olan “Moskva” kreyserini məhv etmək üçün istifadə edildiyi bildirilir.

Beləliklə, “Bayraktar”ın uğur hekayələri Ukraynada və xaricdə xəbərlər silsiləsində üstünlük təşkil etməklə yanaşı, Rusiyanın müasir zərbə PUA-larına qarşı zəifliyini nümayiş etdirirdi. Bununla belə, Rusiya müharibənin ilk aylarında verdiyi fəlakətli itkilərdən tez dərs aldı və Ukraynanın PUA-larına qarşı çıxmaq üçün hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini əhəmiyyətli dərəcədə artırdı.

Yenilənmiş hərbi taktika ilə Rusiya indi bütün zenit aktivlərini bütün ölkəyə yaymaq əvəzinə, Ukraynanın şərqində cəmləşdirdi və beləliklə, əvvəllər zədələnmiş nəqliyyat vasitələri və sistemləri təmir etmək üçün kifayət qədər vaxt qazandı.

Ukrayna qüvvələri tərəfindən idarə olunan təxminən 50 “Bayraktar TB2” var. Ancaq Ukrayna türk platformaları ilə yanaşı digər PUA-lar da alır. Ukrayna indi yüksək imkanlara malik “Grey Eagle” PUA-larını almağa çalışır.

Buna baxmayaraq, hazırkı mərhələdə 10 milyon dollara başa gələn “Grey Eagle” platformlarının idxalı qeyri-real görünür, çünki ABŞ Ukraynaya mürəkkəb və həssas hərbi texnologiyaları daşıyan PUA tədarük etməkdən çəkinir. Narahatlıq ondan ibarətdir ki, Rusiya qoşunları onları vursa, sistemin xüsusiyyətlərini öyrənə bilərlər.

Rusiyanın Donbas bölgəsindəki hazırkı atəş gücü ilə “Grey Eagle” bu döyüş meydanında bütöv qala bilməz. Buna görə də bəzi ukraynalı ekspertlər “Grey Eagle”ın texniki xüsusiyyətlərinin aşağı salınmasını və Ukrayna qüvvələrinə təhvil verilməsini təklif edirlər, belə bir variant isə PUA-nın əsas imkanlarını əhəmiyyətli dərəcədə pisləşdirəcək.

“Grey Eagle” ilə bağlı rasional narahatlıqlara baxmayaraq, ABŞ Ukraynaya ən azı 700 ədəd birdəfəlik istifadə olunan “Switchblade 300” və “Switchblade 600” platformaları tədarük etməyə razılaşıb.

Maraqlıdır ki, Rusiya şərqdəki separatçı bölgələr üzərində onlarla Ukrayna döyüş təyyarəsini vurduğunu iddia etsə də, hələ də hava üstünlüyünə nail olmayıb. Bunun əvəzinə Rusiya kəşfiyyat, müşahidə və nəzarət missiyaları üçün öz PUA-larından fəal şəkildə istifadə etməyə başladı, çünki bu mərhələdə lazımi kəşfiyyat məlumatlarının toplanması taktiki üstünlük baxımından daha kritikdir.

Beləliklə, keçən ay toplanan daha həssas kəşfiyyatla Rusiya qüvvələri qısa zamanda şərq cinahda yeni hücuma keçməyə çalışır.

PUA-larla yanaşı Ukrayna indi daha mürəkkəb missiyaları yerinə yetirmək üçün F-15 və F-16 kimi ABŞ istehsalı olan döyüş təyyarələrini almağa çalışır. PUA-lardan fərqli olaraq, texnoloji cəhətdən daha inkişaf etmiş döyüş təyyarələri Ukraynada əsl oyun dəyişdirici ola bilər, lakin onlar da qaçılmaz risklərə malikdir. Birincisi, belə döyüş təyyarələri adekvat təlim və işlənmiş taktika tələb edir.

Sovet dövründən qalma texnologiyadan istifadə edən ukraynalı pilotlarla bu, gözləniləndən daha uzun çəkə bilər. Həmçinin, F-16 təyyarələrinin ixracı uzun Konqres prosedurundan sonra təyyarələrin gəlişi üçün logistika məsələlərini tələb edir ki, bu da bir ildən çox çəkə bilər.

Qarabağdakı döyüş əməliyyatları teatrından fərqli olaraq, zərbə PUA-ları Donbasdakı müharibədə qalib gələn texnologiya deyil, o, ancaq qələbə üçün şərait yaradır. Rusiyanın şərq cəbhəsində artan hava gücünü və geniş şəhər ərazilərinə tez-tez raket hücumlarını nəzərə alsaq, hətta ABŞ istehsalı olan “Grey Eagle” platformalarının tədarükü də Ukraynaya üstünlük verməyəcək. Üstünlüyü isə ukraynalı əsgərin gücü, şücaəti müəyyən edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin