Yunanıstan və Türkiyə Aralıq dənizi Əbədi Müharibəsinin içindədir? - ANALİZ

2022/09/1663828067.jpg
Oxunub: 1784     10:30     22 Sentyabr 2022    
Hələ iyulun 10-da Türkiyənin sağçı Milliyyətçi Hərəkət Partiyasının (MHP) lideri Dövlət Baxçalıya Egey dənizində yerləşən Yunan adalarının Kritə qədər olan hissəsinin Türkiyəyə məxsus olduğu təsvir edilən ay-ulduzlu çərçivəli xəritə hədiyyə edilərkən rəsmi Afinada ciddi təşviş yaşanmışdı. Təşviş o qədər böyük idi ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis cavab olaraq tvitter hesabında yazırdı: “Ekstremistlərin arzusu, yoxsa Türkiyənin rəsmi siyasəti? Başqa bir təxribat, yoxsa əsl məqsəd?”.

Xəritə prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının (AKP) kiçik ortağı olan MHP-yə bağlı Türkiyənin ultra-millətçi “Boz Qurdlar” qrupu tərəfindən hədiyyə edilmişdi.

Ən son baş verən hadisələrə toxunmazdan öncə qeyd edək ki, Yunanıstan və Türkiyə arasında gərginlik uzun müddətdir davam edir. Aralıq dənizinin şərqində böyük qaz yataqlarının kəşfi vəziyyəti daha gərginləşdirir və bu, üst-üstə düşən dəniz zonalarının ərazi problemini daha da artırır. Bununla belə, son aylarda Rusiyanın Ukraynaya hücumu və Avropanın Moskvadan enerji idxalına alternativ təmin etmək üçün mübarizə aparması regionun əsas dəniz qaz ehtiyatlarından istifadəni aktuallaşdırıb.

ABŞ-Meksika sərhədindən daha uzun olan 5,200 millik sahil xətti ilə Türkiyə Aralıq dənizinin şərqində mühasirəyə alınma və təcrid olunmaqdan məyus olduğunu ardıcıl olaraq ifadə edib və Mavi Vətən doktrinasını müdafiə etmək üçün hərbi qüdrətindən istifadə etməkdən çəkinməyib. Afina və Ankara arasında uzun müddətdir davam edən düşmənçilik bir neçə uzun sürən mübahisələr ətrafında cərəyan edir və həll olunmağa yaxın görünmür. Buraya Kiprlə bağlı siyasi nizamlanma, Aralıq dənizinin şərqindəki Eksklüziv İqtisadi Zonaların (EEZ) dəniz sərhədlərinin müəyyən edilməsi və Ankaranın Yunan adalarının militarizasiyasından narahatlığı kimi məsələlər daxildir.

İki tərəf arasında hərbi qarşıdurmaya başlamaq üçün nə lazımdır? NATO-nun iki ittifaq üzvü arasında münaqişənin aradan qaldırılması mexanizmi olsa da, bu, yetərli deyil. Regional enerji geosiyasəti üzrə alim Corc Tzoqopulosun fikrincə, son iki ildə Yunanıstan-Türkiyə münasibətləri təhlükəli spirala daxil olub. Aralıq dənizinin şərqində istənilən vaxt hərbi toqquşma baş verə bilər, potensial eskalasiya əsasən ABŞ-ın NATO-nun Cənub-Şərq cinahını qorumaq qabiliyyətindən asılıdır.

Son aylar Türkiyə və Yunanıstanın Aralıq dənizinin şərqindəki suverenlik iddiaları ilə bağlı 2019-2020-ci illərdə qızışan gərginlikdən sonra danışıqlara şans verilmişdi. O zaman Ankara Yunanıstan və Kipr Respublikasının mübahisə etdiyi sulara seysmik tədqiqat gəmiləri yerləşdirdi, Liviya ilə mübahisəli dəniz sərhədlərinin müəyyən edilməsi üzrə saziş imzaladı və bu saziş Yunanıstan və müttəfiqləri tərəfindən rədd edildi.

Ərdoğan Vaşinqtonu Türkiyəyə F-16 qırıcı təyyarələrinin satışına yenidən baxmağa çağırdıqdan sonra Mitsotakislə görüşməyəcəyini bildirib. Aprel ayında rəsmi Afina Türkiyənin Yunanıstanın ev sahibliyi etdiyi NATO hava təlimində iştirakını ləğv edib və Türkiyənin “nə müttəfiq, nə də dost” olduğunu bildirib. İyun ayında Ərdoğan Türkiyənin Yunanıstanla Yüksək Səviyyəli Strateji Şura adlı ikitərəfli əməkdaşlıq platformasını ləğv etdiyini bildirib: “Türkiyə ilə rəqs etməyə çalışmayın. Yorulacaqsınız və yolda ilişib qalacaqsınız. Artıq onlarla ikitərəfli danışıqlar aparmırıq”.

Yunanıstan və Türkiyə Aralıq dənizinin şərqindəki adaların dəniz hüquqları ilə bağlı mübahisə edir. Türkiyənin mövqeyi adaların MEB delimitasiyasına daxil edilməsinə imkan verməyəcək.

Yunanıstan iddia edir ki, onun adaları, 500-ə yaxın əhalisi olan Yunanıstanın Oniki adalarının ən kiçiyi və Türkiyənin Antalya şəhərindən cəmi 2,1 km məsafədə yerləşən Kastellorizo da daxil olmaqla, Türkiyə sahil xəttini əhatə edən adalar da bərabər tutumda dəniz hüquqlarına malikdir. 2020-ci ildə hüquqşünas alim Yunus Emre Açıkgönül müvafiq presedent hüququ və tribunal qərarları əsasında Şərqi Aralıq dənizində ədalətli həllin necə görünəcəyini göstərmək üçün xəritə hazırladı. Xəritə göstərir ki, heç bir tərəf maksimalist dəniz proqnozlarına nail ola bilməyəcək.

Kipr

İki tərəf arasında dənizin suverenliyi ilə bağlı mübahisələrə səbəb, Aİ üzvü olan Kipr Respublikası ilə yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikası (KKTC) arasında bölünmüş Kipr adası ilə bağlı münaqişədir. Maraqlı tərəflər arasında uzun müddətdir mövcud olan konsensus ondan ibarətdir ki, Kiprlə bağlı siyasi nizamlanma olmadan, Kipr (və əlavə olaraq Yunanıstan) və Türkiyəni əhatə edən heç bir enerji razılaşması ola bilməz. Lakin Rusiyanın Ukraynaya hücumu Avropa üçün enerji məsələsini kökündən dəyişdi. “Cəmi sıfıra bərabər olan” yanaşmanı dəyişdirmək və hərtərəfli nizamlanmadan əvvəl Kipr və İsrail qazını Türkiyə ilə birləşdirən və daha sonra mövcud Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) boru kəməri vasitəsilə Avropa bazarlarına nəql edilə bilən boru kəməri tikməyin vaxtı gələ bilər.

Lakin bu, açıq-aşkar mübahisəlidir: İsrailin Leviafan yatağından Türkiyəyə boru kəməri Kipr sularından keçəcək və Kiprin beynəlxalq hüquqa əsasən razılığı tələb olunacaq. Bununla belə, tərəflər və enerji şirkətləri (mümkün üçüncü tərəfin zəmanətləri ilə) arasında xüsusi kommersiya enerji sazişləri ildə təxminən 10-16 milyard kubmetr (bcm) daşıya bilən daha sərfəli və daha sürətli həll təklif edə bilər. Birgə enerji layihəsi üzrə əməkdaşlıq real vaxt rejimində bütün tərəflərin faydalana biləcəyi etimadı artıran tədbir rolunu oynayacaq və siyasi danışıqların çətin olsa da, zamanla açılacağı şansını artıracaq.

2019-cu ildə KKTC Birləşmiş Millətlər Təşkilatının, eləcə də müşahidəçi qismində iştirak edən Aİ-nin himayəsi altında bərabər sayda kiprli yunan və türklər üçün müştərək komitə yaradılmasını təklif edib. Təklif Kipr Rum hökuməti tərəfindən rədd edilib. Bu ayın əvvəlində KKTC təklifi təkrarlayıb, bu dəfə komitənin tərkibinə hər iki tərəfdən səlahiyyətli neft şirkətlərinin nümayəndələrinin də daxil olacağı bildirilib.

Digər variant isə 2021-ci ildə 8,9 milyard kubmetr LNG göndərən Misirin İdku və Damiettadakı LNG obyektlərində mövcud olan iki LNG terminalına qaz nəql etməkdir. Bu, hazırda ABŞ və Aİ-nin bəyəndiyi diplomatik baxımdan ən mürəkkəb variantdır. Lakin infrastruktura əlavə sərmayələr olmadan Misirin qısa müddətdə potensialını əhəmiyyətli dərəcədə artıracağı gözlənilmir.

Bu ilin əvvəlində Birləşmiş Ştatlar Aralıq dənizindəki İsrail və Kipr qaz yataqlarını Yunanıstan və İtaliyaya birləşdirməyi planlaşdıran və maye təbii qazın Avropa ölkələrinə daşınacağı texniki cəhətdən mürəkkəb və qeyri-iqtisadi “EastMed” qaz kəmərinə verdiyi dəstəyi geri götürdü. Bu isə Ankarada nikbinliyi təzələdi.

İsrail

Yunanıstan və Türkiyənin çıxılmaz vəziyyətə düşməsi ilə İsrail Aralıq dənizinin şərqində “padşah” kimi ortaya çıxdı. Şərqi Aralıq dənizində strateji ittifaqın qurulması son on ildə iki mühüm ox boyunca sürətləndi: Yunanıstan-Kipr-İsrail və Misir-İsrail. İsrailin Aralıq dənizi sahillərində təxminən 690 milyard kubmetr təbii qaz ehtiyatı olan iki istismar qaz yatağı var.

Avropa bazarlarına qaz ixracı imkanlarını gücləndirmək istəyi həm Yunanıstan, həm də İsrail tərəfindən nümayiş etdirilir. AKP hökumətinin qarşılıqlı şübhəsi də təhlükəsizlik sektorunda kommersiya sövdələşmələrinə çevrilən başqa bir faktordur. Yunanıstanın gündəlik “Kathimerini” qəzeti yazır ki, Yunanıstan bu yaxınlarda adalarını və ölkə daxilində digər mühüm obyektləri müdafiə etmək üçün Pilotsuz Uçuş Aparatı (PUA) əleyhinə sistemlər əldə edib. İsrail texnologiyası ilə təchiz edilmiş və “Drone Dome” kimi sistemlər Ukraynanın Rusiyaya qarşı apardığı döyüşlərdə uğurla istifadə edilən “Bayraktar TB2” PUA-larına qarşı istifadə ediləcək. Yunanıstan ən pis ssenariyə hazırdır və İsrailin heç bir halda Yunanıstan-Türkiyə qarşıdurmasında iştirak etməyəcəyini bilir.

Bu arada üçtərəfli enerji əməkdaşlığı da irəliləyir. Aralıq dənizinin altında təxminən 825 milyon dollar dəyərində 1500 kilometrlik kabel layihəsi olan Avro-Asiya interkonnektoru Yunanıstan, Kipr və İsrailin elektrik şəbəkələrini birləşdirəcək və 2024-cü ildə tamamlanmalıdır. İyun ayında İsrail, Misir və Avropa İttifaqı Avropaya qaz ixracını artırmaq üçün Qahirədə saziş imzalayıb. Bu, 2018-ci ildə razılaşdırılmış 15 milyard dollarlıq sazişə əsaslanır, bu da İsrailə “Tamar” və “Leviafan” dəniz qaz yataqlarından qazın Misirə ixracına imkan verir, orada mayeləşdirilərək Avropa ölkələrinə göndərilir. Sənaye rəsmilərinin dediyinə görə, İsrailin layihələri genişləndirdiyi üçün qaz hasilatını ildə təxminən 40 milyard kubmetrə çatdıracağı gözlənilir.

İsrail praqmatik aktordur, öz imkanlarını diqqətlə qoruyur və öz milli maraqlarına xidmət edən tərəflərlə əlaqələri balanslaşdırır. İsrail dayaq nöqtəsi kimi xidmət etməklə, Yunanıstan və Türkiyə arasında enerji əməkdaşlığına dair danışıqları asanlaşdırarkən dolayı yolla təxribatı neytrallaşdıra bilər, çünki hər iki tərəf İsraili öz tərəfinə çəkməyə çalışır. İsrail həmçinin Kiprə təsir etmək üçün hərəkətə keçə, adanın statusu ilə bağlı siyasi razılaşmadan əvvəl onu kommersiya enerjisi sövdələşməsinə razı sala bilər.

Son aylarda Ankara və İsrail arasında təmaslar artıb. İsrail prezidenti Hersoq mart ayında Türkiyəyə səfər edib. İllik qaz istehlakının 50 milyard kubmetrinin demək olar ki, hamısını idxal edən Türkiyə özünü Avropaya enerji ixracı üçün təbii bir mərkəz olaraq görür və münasibətlərinə düzəliş etmək üçün addımlar atır. Ötən ay Türkiyə və İsrail İstanbulda israilliləri hədəf alan İranın təhdidlərinə qarşı birgə kəşfiyyat əməliyyatları həyata keçirib. Naftali Bennet rəsmi tvitter hesabında paylaşdığı videoda “Türkiyədə israillilərə qarşı hücumların qarşısının alınmasında əməkdaşlığa görə prezident Ərdoğana və xalqına xüsusilə təşəkkür etmək istəyirəm” deyib.

İsrail həm Ankaranın, həm də Afinanın arzuladığı tərəfdaş olmaq yolunda sürətlə irəliləyir. Təhlükəsizlik və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində Türkiyə İsrail üçün faydalı müttəfiqdir. İki dövlət arasında 2010-cu ildə “Mavi Mərmərə” hadisəsinə qədər işləyən bir sıra mexanizmlər, strateji hərbi əməkdaşlığın uzun tarixi var, Suriya və İran üzərində ortaq maraqlar var.

Habelə bu ölkələr seçki dövrlərinə hazırlaşsalar da, danışıqlar Aralıq dənizinin şərqində şiddətli qarşıdurma riskini idarə etmək və strateji enerji həllini asanlaşdırmaq üçün ən yaxşı variant olaraq qalır. Türkiyənin Şərqi Aralıq dənizi Qaz Forumu kimi regional karbohidrogenlərin inkişafı üzrə tərəfdaşlıqlara daxil edilməsi yollarını nəzərdən keçirmək xoşməramlı jest olardı ki, bu da bütün tərəfləri xilas edə və Türkiyəyə dialoqa sadiqliyini sübut etmək şansı verə bilər. Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsi Avropa üçün enerji proqnozunu qəfil dəyişib.

Dörd dövlət - Yunanıstan, Kipr, İsrail və Türkiyə qızğın seçki ilinə gedir, bu, kövrək status-kvonu qorumaq ən yaxşı seçim kimi görünə bilər. Lakin gələcək münaqişənin alovlanmasının qarşısını almaq kifayət qədər uzunmüddətli variant deyil. Seçki dövründə böhran riski həm yüksəlir, həm də eyni zamanda dözülməz dərəcədə baha başa gəlir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   İsrail   Kipr   Türkiyə  


Bizi "telegram"da izləyin