"Həm təlimdə, həm də döyüşdə tuşlayıcının üzərinə məsuliyyətli vəzifələr düşür" - Artilleriyaçılarımızın çöl məşğələsindən REPORTAJ

2022/07/84c9d-1658995762.jpg
Oxunub: 888     14:43     18 Avqust 2022    
İlıq bir yay səhəridir. Üfüqdən boylanan Günəş şüalarını səxavətlə ucsuz-bucaqsız çöllərə, düzlərə səpələyir. Artilleriyaçı zabit və əsgərlər döyüş hazırlıqlarını daha da artırmaq üçün çöl məşğələsi keçirdilər.

Zabit Faiq Mehdiyev hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində iştirakından söz açaraq dedi ki, zabit və əsgərlərimiz döyüşlərdə cəsarətlə vuruşublar. Böyük hünər və qəhrəmanlıq göstərmiş şəxsi heyətlə fəxr edir, qürur duyuruq. Vətən müharibəsində qazandıqları uğurların davamı kimi şəxsi heyət çöl məşğələləri keçərək döyüş hazırlıqlarını daha da artırırlar.

Artilleriyaçıların təlim keçdikləri ərazidə bir anlıq döyüş mənzərəsi ilə qarşılaşdıq. Bir-birindən tələb olunan məsafədə "Döyüş" vəziyyətinə gətirilmiş topların və "Qrad" qurğularının lülələri hədəflərə tuşlanıb. Sanki bu dəqiqə atəş açılacaq, mərmilərin gur səsi Günəşin ilıq şüalarına bürünmüş çölləri bürüyəcək.

Çöl məşğələsinin həlledici anlarıdır. Komanda verilən kimi heyət nəfərləri artilleriya qurğusunun ətrafında öz yerlərini tutdular. Əsgərlər tapşırığı böyük peşəkarlıqla yerinə yetirməyə çalışırdılar. Heyət nəfərlərinin cəld hərəkətləri diqqətimizdən yayınmırdı. Belə peşəkarlıq sayəsində çox qısa bir zamanda hədəf uğurla məhv edildi. Fasilə elan olunanda məşğələdə fəal iştirak etmiş zabit və əsgərlərlə söhbət etdik.


- Artilleriyaçılarımız Vətən müharibəsində böyük qəhrəmanlıqla vuruşdular, üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldilər, - deyə zabit İdrak Ağayev dedi. - İkinci Qarabağ müharibəsində qalib gəldik. Vətən müharibəsində bütün zabit və əsgərlərimiz düşmənin hədəflərinin vurulmasında böyük hünər göstərdilər. Təlim-məşqlərdə qazandıqları döyüş təcrübələrindən bəhrələnərək qalib gəldilər. İşğala son qoyuldu. Bununla da döyüşlər zamanı dəqiq artilleriya zərbələri ilə ermənilərin onlarla canlı qüvvəsini və döyüş texnikasını məhv etdik. Gücümüz, qüdrətimiz qarşısında dayana bilməyən düşmən ağır itkilər verərək geri çəkildi. Vətən müharibəsində qələbənin qazanılmasında böyük hünər göstərmiş artilleriyaçılarımız bu zəfərlərin davamlı olması üçün yenə də təlimlər keçərək, silahların və hərbi texnikanın sirlərinə dərindən yiyələnirlər. Zabit və əsgərlərimiz yaxşı bilirlər ki, qələbələrə, uğurlara gedən yol təlim-məşqlərdən keçir. Buna görə də çöl məşğələsində də fəal iştirak edərək döyüş hazırlıqlarını daha da artırırlar. Danılmaz faktdır ki, müharibədə həmişə döyüş hazırlığı yüksək olanlar qalib gəlirlər. Vətən müharibəsindən sonra da ordumuzun zabit və əsgərlərinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır. Şəxsi heyət təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq bu gün çöl məşğələsi keçir, peşəkarlıqlarını artırır. Peşəkarlıq isə qələbəni təmin edən başlıca amillərdəndir.

Baş leytenant Pünhan Şirinov dedi ki, hərbi hissəmizin zabit və əsgərləri Vətən müharibəsində yaxından iştirak edərək düşmən hədəflərinə dəqiq və sarsıdıcı zərbələr endirdilər. İkinci Qarabağ müharibəsində biz qələbə və zəfərlə yanaşı, həm də yeni döyüş vərdişləri qazandıq. İndi dərs və məşğələlərdə bu təcrübədən də istifadə edirik. Təlimdən-təlimə şəxsi heyətin döyüş təcrübəsi daha da artır. Düşmənə yeni sarsıdıcı zərbələr vurmaq üçün məşq edir, döyüş hazırlığımızı daha da təkmilləşdiririk. Bizə uğur gətirən yeni döyüş vərdişlərinə yiyələnirik. Dərs və məşğələlər çox səmərərli keçir. Əsgərlərimiz "Qrad" qurğusunun da taktiki-texniki xüsusiyyətlərini daha dərindən öyrənirlər. İnanıram ki, döyüş təcrübəsi heyət nəfərlərinə gələcək xidmətlərində daha böyük uğurlar qazandıracaq. Bu gün əsgərlərimiz ixtisas hazırlığına uyğun olaraq "Atış və atəşin idarə olunması" tapşırığını məşq edirlər. Bir qayda olaraq şəxsi heyət tapşırıqların öhdəsindən bacarıqla gəlir, vəzifələrini uğurla icra edir.

Söhbətimiz başa çatandan sonra çöl məşğələsi ardıcıllığı ilə davam etməyə başladı. Məşğələni izlədik. Döyüş maşınının komandiri əsgər Amil İsayev məşğələnin mövzusunu heyət nəfərlərinə ətraflı izah etdi. Qurğunun hissə və detallarını bir-bir onlara göstərdi. Əsgərlər məşğələnin gedişinə diqqət edərək, dərsin mövzusunu daha dərindən öyrənməyə çalışırdılar.

Döyüş maşınının komandiri dərsin mövzusunu şəxsi heyətə geniş izah etdikdən sonra əsgərlərə sual verir, keçirilmiş dərsləri onlardan soruşurdu. Əsgərlər çətinlik çəkmədən verilən sualları cavablandırır, mövzunu geniş izah edirdilər. Bu qürurverici mənzərə bir daha sübut etdi ki, əsgərlər dərsə maraqla qulaq asır, mövzuları dərindən mənimsəyirlər.

Əsgər Amil İsayev dedi ki, hərbi hissəmizin şəxsi heyəti Vətən müharibəsinin ilk günlərindən düşmənə sarsıdıcı zərbələr vurdu. İnamla deyə bilərəm ki, düşmən üzərində qələbənin qazanılmasında hərbi hissəmizin zabit və əsgərlərinin də böyük qəhrəmanlıq payı var. Bu gün dərs və məşğələlərimiz qələbələrə və zəfərlərə köklənib. Məşğələ üçün ayrılmış vaxtın hər dəqiqəsindən səmərəli istifadə edərək hərbi bilik və döyüş vərdişlərini daha da dərindən mənimsəməyə çalışırıq.

- İxtisasım tuşlayıcıdır. Həm təlimdə, həm də döyüşdə tuşlayıcının üzərinə məsuliyyətli vəzifələr düşür, - əsgər Kamran Quliyev belə dedi. - İxtisasımı dərindən mənimsədiyimə görə məşğələ zamanı çətinlik çəkmirəm. Biz keçirilən təlim-məşqlərdə fəal iştirak edərək, gələcəkdə bu qələbələrin, bu uğurların davamlı olmasını təmin edəcəyik.

Heyət nəfərlərindən Pərvin Hüseynov, İlkin Məmmədov, Mərhəmət Əliyev və başqalarının da dediklərini böyük maraqla dinlədik. Əmin olduq ki, zabit və əsgərlərimiz bir qayda olaraq döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirəcəklər.

Yay səhərində çöl məşğələsi keçərək döyüş hazırlığını artıran əsgərlərlə söhbətimiz başa çatdı. Məşğələ mövzusuna uyğun olaraq öz axarı ilə davam edirdi. Daim döyüş hazırlıqlarını artıran zabit və əsgərlər sabahkı xidmətlərində daha da böyük uğurlar qazanacaqlar.

...Ana təbiət onların da istəyinin cəfakeşi olacaq...

Vahid Məhərrəmov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin