"Əkinçi"nin işığında yaranmış Azərbaycan hərbi mətbuatı

2022/08/345-1660373589.jpg
Oxunub: 480     14:44     13 Avqust 2022    
"Əkinçi"nin meydana çıxması bir neçə cəhətdən əlamətdar idi. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəy Zərdabi "Əkinçi"nin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı.

"Əkinçi" özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinin başlanğıcı oldu.

"Əkinçi" ilə başlayan milli mətbuatımız müvafiq inkişaf mərhələləri keçdi, bu inkişaf sosial həyatın bütün sahələrini əhatə etməklə təqdir olunası mətbu mədəniyyət ənənələri yaratdı.

Azərbaycanda hərbi mətbuat da "Əkinçi"nin işığında yaranıb, onun amalının davamçısı olub. Nəşrə "Xalq Ordusu" kimi başlayan "Azərbaycan Ordusu" qəzeti də, az sonra nəşr edilən "Hərbi Bilik" jurnalı da belə dövri nəşrlərdən olub. İlk sayı 1992-ci il fevralın 11-də nəşr edilən "Xalq Ordusu" qəzeti Azərbaycanda ordu quruculuğu prosesində yaxından iştirak edib.

Müdafiə Nazirliyinin Mətbuat Xidməti istər Birinci Qarabağ müharibəsində, istərsə atəşkəs dövründə, istərsə də Vətən müharibəsində əməliyyat şəraiti haqqında ictimaiyyətə gerçək operativ informasiyalar vermişdir.

"Azərbaycan Ordusu" qəzeti mətbu orqan kimi müəyyən inkişaf mərhələləri keçib, bütün mərhələlərdə dövlətə, dövlətçiliyə sədaqətin qəzeti olub, Azərbaycan zabitinin, əsgərinin düşüncələrinin sirdaşı olan qəzet kimi nəşr edilib...

"Hərbi Bilik" jurnalı 30-cu illərdə nəşr edilmiş eyniadlı nəşrin davamı kimi 1993-cü ilin yanvarından nəşrə başlayıb. Jurnalda, əsasən, nəzəri hərbi bilikləri əhatələyən məqalələr dərc olunub.

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin fəaliyyəti də mətbu mahiyyətli fəaliyyət olub. Belə ki, mərkəz bilavasitə ordu ilə ictimaiyyət arasında tele-ünsiyyət vasitəsi funksiyasını indi də uğurla yerinə yetirir...

"Hərbi Nəşriyyat" qəzetin, mərkəzin fəaliyyətini nəşr baxımından yaradıldığı vaxtlardan tamamlayır. Bu anlamda "Hərbi Nəşriyyat"ı da hərbi mətbuatın bir sahəsi hesab edə bilərik...

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ordumuz yarana-yarana formalaşırdı. "Xalq Ordusu" da bu formalaşma prosesinin mətbu iştirakçısı idi. Ordu yaranırdı, ordu elan edilmədən başlayan müharibə aparırdı. Belə bir şəraitdə Müdafiə Nazirliyinin mətbu orqanı olmaq etibarilə "Xalq Ordusu"nun ("Azərbaycan Ordusu"nun) söz tribunası da ordunun şəxsi heyətinin döyüş əzminin, Qələbə ruhunun yüksəldilməsində olduqca mühüm əhəmiyyət kəsb edirdi. Bu istiqamətdə mətbu sözün həmişə böyük təsiri olub. Qəzet bu amilə istinadən xalqımızın döyüş, müharibə tarixindən, bu anlamda tariximizdən məzmunlu məqalələr dərc edirdi.

"Xalq Ordusu" nəşrə başladığı ilk vaxtlardan etibarən döyüşən ordunun qəzeti oldu. Oxucular da döyüşçülər idi, əksər kənar müəlliflər də. Qəzet kabinet qəzeti olmadı, bölgələrdə, səngərlərdə döyüşənlərlə nəfəs-nəfəsə dayandı, əməkdaşlar səngərli anların istisini yazacağı sözün - məqalənin, reportajın, düşüncələrin istisinə hopdururdu.

"Xalq Ordusu" qəzeti fəaliyyətini 1992-ci ilin iyununda döyüş bölgəsində davam etdirdi, əməkdaşlar bunu qəzetçilik üçün, Azərbaycan mətbuatı üçün gərəkli məcraya yönəldə bildi. Mətbuat tariximizdə ilk dəfə səyyar qəzet nəşri edildi. Bu təcrübə Vətən müharibəsində bir qədər fərqli formatda təkrarlandı...

Qəzetdə dərc edilən müxtəlif janrlı məqalələr əsgərlərin döyüş əzmini, qələbə ruhunu yüksəldir ki, bu da mahiyyəti etibarilə mənəvi-psixoloji hazırlığa mətbu yardımçı olmaq idi. Keçirilən müxtəlif təyinatlı təlimlər haqqında istər informativ, istərsə də təhlili məqalələr şəxsi heyətin döyüş hazırlığının, döyüş hazırlığını tamamlayan mənəvi-psixoloji hazırlığının mətbu təbliğatçısı rolunu oynayır.

"Azərbaycan Ordusu" qəzetində "Ön xətdən reportaj", "Gənc zabitlərimiz", "Nümunəvi xidmət", "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır", "Milli Qəhrəmanlarımız", "Ordu və cəmiyyət", "Fiziki hazırlıq", "Sıra hazırlığı", "Könlüm şeir istəyir", "Redaksiyamızın qonağı" və s. rubrikalarla dərc edilən məqalələri oxucular maraqla qarşılayırlar.

Oxucular qəzet vasitəsilə Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsindən əvvəl ictimaiyyətə ünvanladığı qələbə ruhlu çıxışları, Vətən müharibəsində xalqa müraciətləri, ordu quruculuğu ilə bağlı müvafiq fərman və sərəncamları, Azərbaycan Ordusunun qalibiyyət paradı, dövlət başçısının, eləcə də Müdafiə Nazirliyi rəhbərliyinin ön xəttə səfərləri, Azərbaycan Ordusunun həyata keçirdiyi taktiki təlimlər, şəhidlərin döyüş yolu, qədimlərdən günümüzə qədər qəhrəmanlarımızdan, dahi şəxsiyyətlərimizdən, sərkərdələrimizdən, şair və yazıçılarımızdan, bir sözlə, şanlı tariximizdən, milli-əxlaqi dəyərlərimizdən materiallar dərc etməklə qəzet ordu ilə cəmiyyətin əlaqələrinin güclənməsini mətbu baxımdan təmin edib.

Qəzetdə, həmçinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsindən təqdim olunan ictimai-siyasi hazırlıq mövzuları da dərc edilib. Dərc olunan yazılar hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını daha ətraflı dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanıb. Keçirilən təlimlər, tədbirlər yüksək səviyyədə işıqlandırılıb. Ümumilikdə redaksiya təyinatı üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsinə daim hazır vəziyyətdə saxlanılıb.

"Hərbi Nəşriyyat" hüquqi bazasını Azərbaycan Respublikasının nəşriyyat işinin və kütləvi informasiya vasitələrinin qanunverici bazası ilə tənzimləyir və eyni zamanda, müdafiə nazirinin Azərbaycan Ordusunda nəşriyyatın fəaliyyətinin təşkili və tənzimlənməsi üzrə əmr, qərar və sərəncamlarına uyğun quraraq, xidməti nəşrlərin, dərslik və dərs vəsaitlərinin çap olunub, ordumuzun şəxsi heyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.

Vətən müharibəsində "Hərbi Nəşriyyat" da şərəfli xidmət yolu keçərək, ordumuzun qələbəsinə öz töhfəsini verdi. Döyüş əməliyyatları aparılan istiqamətlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və ruh yüksəkliyinin daha da artırılmasında mühüm vasitələrdən biri olan səyyar mətbəələrin qurulması və gündəlik fəaliyyətinin təşkili, təbliğat-təşviqat məqsədilə hazırlanan bukletlərin, broşürlərin, bayraq fonu üzərində "Biz Zəfər çalacağıq", "Qarabağ Azərbaycandır!", "Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu" şüarlarının, "İrəli", "Şimşək" döyüş vərəqələrinin çap olunması, onların ön cəbhədəki əsgər və zabitlərə çatdırılması nəşriyyatın Vətən müharibəsində keçdiyi xidmət yolunun şərəfli tarixidir.

"Sənədli Filmlər Kino-Telestudiyası" kimi yaranmış Sənədli və Tədris Filmləri Mərkəzi istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində müharibə tariximizin xronikasını yaradıb, onun müharibənin ən qaynar nöqtələrindən canlı döyüş kadrlarının efirə verilməsində, telereportajların hazırlanmasında böyük xidmətləri olub. Mərkəzin əməkdaşlarının hazırladıqları verilişlər uzun illər gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində təbliğat proqramı kimi "AND" proqramı ilə efirə verilirdi. Bu, həm hərbi qulluqçuların, həm də gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsində əhəmiyyətli olurdu. Bu gün də Sənədli və Tədris Filmləri Mərkəzinin yüzlərlə sənədli və tədris filmləri, video süjet və reportajları, ordumuzun irimiqyaslı təlimləri, hərbi sahədə qazanılan bütün nailiyyətlər, keçirilən tədbirlər Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə çatdırılır.

Vətən müharibəsi başlayan andan hərbi mətbuat da əsgərlərimizlə birlikdə üç istiqamətdə fəaliyyət göstərirdi. İstər səyyar mətbəələrdə çap olunan qəzetlər, istərsə də döyüş əməliyyatlarında hazırlanan video süjetlər qələbə müjdəli xəbərlər gözləyən xalqımızı sevindirirdi. Vətən müharibəsi başa çatdıqdan sonra hərbi mətbuatın döyüşdə iştirak edən şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı və müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə həm medal, həm də fəxri fərmanlarla təltif olundu.

Məhəmməd Nəsirli "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-mətbuat   Əkinçi  


Bizi "telegram"da izləyin