"Hər bir komandir əvvəl özü şəxsi nümunə olmalıdır" - "N" saylı hərbi hissədən REPORTAJ

2022/07/f3312-1658993550.jpg
Oxunub: 809     12:31     18 Avqust 2022    
Ordumuzun bütün bölmələrində xidmət keçən hərbçilərə günün nizam qaydasına uyğun olaraq, taktiki, atəş, sıra, ictimai-siyasi, fiziki hazırlıq dərsləri və təlim-məşqlər keçirilir. Keçirilən bütün təlim-məşqlər bir məqsədə köklənir - döyüş qabiliyyətinin inkişaf etdirilməsi. Bir hərbçi üçün isə ən əsası yüksək nizam-intizamdır. Müasir Azərbaycan Ordusunun banisi ulu öndər Heydər Əliyev çıxışlarının birində demişdi: "Orduda gərək dəmir nizam-intizam olsun. Nizam-intizam hər yerdə lazımdır. Amma ordu üçün bu, əsas şərtdir. Hər bir əsgər üçün, hər bir zabit üçün əsas şərtdir".

Nizami ordu olmasa, heç bir döyüş hazırlığından danışmaq olmaz. Ona görə də ordu quruculuğunda daim diqqətdə saxlanılan məqamlardan biri də şəxsi heyətin nizam-intizamlı olmasıdır. Nizam-intizam isə sıradan başlayır. Şəxsi heyətin döyüş hazırlığından, gündəlik fəaliyyətindən danışdıqda sıra hazırlığı məşğələlərini mütləq qeyd etməliyik.

Sıra hazırlığı məşğələsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinin tələblərinə uyğun olaraq dərslər keçirilir, sırada silahsız və silahla sıra hərəkətlərini və yerişini, əsgəri salamlaşma qaydalarını, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borclarını, sıra hazırlığına olan tələbləri, yuxarı rəislərə yaxınlaşma, digər fənn və elementlər öyrədilir. Bunlarla yanaşı, sıra hazırlığı həm də şəxsi heyətə yüksək intizam aşılayır.

"N" hərbi hissəsində sıra hazırlığı məşğələsini izlədim. Bölmənin şəxsi heyəti leytenant Cavad Cavadzadənin "Düzül!" komandası ilə cəld sıraya durur, zabitin növbəti komandası ilə əsgərlər sıra meydanına doğru addımlayırlar. Nizamnaməyə uyğun olaraq, "Addımla marş!" komandası verildikdə bədən bir qədər irəli verilir, onun sabitliyini saxlayaraq ağırlığın çoxu sağ ayağın üzərinə keçirilir, icra komandasında sol ayaqla tam addımla hərəkətə başlanılır.

Zabit şəxsi heyətə silahla sıra üsulları və hərəkətlərini, silahla sıra duruşunun qaydalarını həm nəzəri, həm də praktiki şəkildə çatdırır. Silahla sıra duruşunun silahsız sıra duruşu ilə eyni olduğunu bildirdi. Silahla duruşda avtomatın "qayışda" lüləsinin ağzı yuxarı, qatlanan qundaqlı avtomatın lüləsinin aşağı vəziyyətdə saxlanıldığını, sol əlin barmaqlarının bitişik vəziyyətdə və orta barmağın şalvarın tikişi üzərinə qoyulduğunu, əlin ovucunun tam ayağa yapışdırıldığını çatdırdı.

Sıra meydanının görüntüsü isə şəxsi heyətə ayrıca müsbət aura aşılayır. Belə ki, sıra meydanının genişliyi, asfalt üzərində çəkilən ağ xətlərin, düzbucaqlı formasında fiqurların canlılığı dərsin daha da səmərəli keçirilməsinə zəmin yaradır.

Dərsi maraqla izlədim. Şəxsi heyət sırada silahlı hərəkətlərin fənn və üsullarını məşq edirdi. Leytenant Cavad Cavadzadənin komandası ilə onlar silahın "qayışda" vəziyyətindən "sinəyə" və ya əksinə, həmçinin silahın ayağa alınması, yerə qoyulması və digər komandaları bacarıqla icra edir, verilən komandaları cəld və dəqiq yerinə yetirirdilər. Onların şux qamətlərini və məğrur duruşlarını eyni anda və nizamla yerinə yetirdikləri sıra hərəkətlərindən yaranan ritmik səslər tamamlayırdı. Müşahidə etdiklərim məndə könül xoşluğu yaradırdı. Üzlərdəki təbəssümü seyr etdikcə mənəvi-psixoloji durumun yüksək səviyyədə olduğundan xəbər verən nizami ordumuzla və qətiyyətli əsgərlərimizlə bir daha fəxr edirəm.

...Məşğələ başa çatdıqdan sonra şəxsi heyətlə söhbətləşdim. Cavad 1998-ci il iyulun 7-də Cəlilabad rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitutu) bitirib. Hal-hazırda leytenant hərbi rütbəsi ilə xidmətini davam etdirir. 2020-ci ilin 27 sentyabrında düşmənin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə başlanan əks-hücum əməliyyatlarında iştirak edib. Şanlı Zəfərimizlə başa çatan və Vətən müharibəsi kimi tarixləşən döyüşlərdə tarix yazan igidlərimizdən olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Cavadın hərb peşəsinə olan sevgisi məşğələni izlədikcə aydın şəkildə hiss olunurdu. O, mövzuya aid bütün lazımi məlumatları həvəslə izah edir, həm də praktiki olaraq göstərirdi. Sıra hazırlığının vacibliyindən söz açan zabit düzülüşqabağı və sırada komandirin vəzifələrindən danışdı. "Hər bir komandir əvvəl özü şəxsi nümunə olmalıdır. Bunun üçün seçdiyin peşənin sirlərinə dərindən yiyələnməyə can atmalı, öz üzərində çalışmalı, peşən üzrə daha da ixtisaslaşmaq üçün səy göstərməlisən. Üzərinə düşən vəzifələri yaxşı bilməlisən ki, şəxsi heyəti həm öyrədə, həm də onlardan lazım olanı tələb edə biləsən. Komandir əvvəlcə düzülüşün yerini, vaxtını, qaydasını, geyim formasını təyin edir və şəxsi heyətə çatdırırdı. Sonra isə sıraya duranlara baxış keçirir, onların üst-başını yoxlayırdı. Həmçinin verilən tapşırıqların dəqiq yerinə yetirilməsinə nəzarət edirdi. Hər dəfə sıra hazırlığı məşğələsinin ilk dəqiqələrini sıranın müqəddəsliyindən danışmağa həsr edirəm. Bəli, sıra müqəddəsdir. Çünki bu sıralarda torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik məqamına yüksələn neçə-neçə igidlərimiz dayanıb. Biz onların əziz xatirəsini hər zaman dərin ehtiramla yad edir, qəhrəmanlıqlarını nümunə bilirik".

Çavuş Murad Qasımov, kiçik çavuş İlham Yəhyayev, əsgər Mirnicat Ağayev və başqaları yüksək əhval-ruhiyyədə xidmət etdiklərini bildirdilər. "Vətənin keşiyində dayanmaq hər birimiz üçün müqəddəsdir. Azərbaycan Ordusunun gücü və qüdrəti bütün dünyaya səs salıb. Fəxr edirik ki, qalib ordunun nümayəndələriyik. Döyüş hazırlığımızın artırılmasına istiqamətlənən bütün fəaliyyətlərdə, keçirilən məşğələlərdə fəal iştirak edir, hərbi sirlərə və vərdişlərə yiyələnməyə səy göstəririk. Dövlət rəhbərliyinin diqqət və qayğısını hər an hiss edir, heç nədən korluq çəkmədən xidmətimizi uğurla davam etdiririk".

Mahmud Möhbaliyev "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin