“Qələbə güc, iradə və ruh yüksəkliyi hesabına qazanılır” - Baş leytenantla MÜSAHİBƏ

2022/07/c1dc8-1658993153.jpg
Oxunub: 922     15:30     10 Avqust 2022    
Müsahibimiz Vətən müharibəsində düşmənə qarşı ləyaqətlə vuruşan baş leytenant İsmayıl Qasım oğlu Mustafayevdir. O, 18 dekabr 1995-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin məzunudur. "N" hərbi hissəsində xidmətdədir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə, Talış və Suqovuşan kəndlərinin işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunub.

- İnsanın məcburiyyətdən deyil, mənəvi meyillərə uyğun bir peşə seçməsi həm onun dünyagörüşünün, həm də fərdi xüsusiyyətlərinin təcəssümüdür. Həyat yolunuzu bu peşə ilə bağlamağınıza hansı amillər təsir edib?

- Bəşər tarixinin ilk milyarderi Con Devidson Rokfellerin belə bir deyimi var: "Sizin gələcək rifahınız öz verdiyiniz qərarlardan asılıdır". Peşə seçərkən verdiyiniz qərar həyatınızın gedişini müəyyənləşdirir. Peşəni düzgün seçmək, sevdiyin işi görmək isə çox vacibdir və uğurların təməlidir. Elə seçim etməlisən ki, səni görəcəyin işə bağlayan amillər olsun. Müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan bir ildən az keçmişdi ki, həyat yolumu hərb sənətinə bağladım. Əslində, seçimimi illər öncə etmişdim. Bu şərəfli peşəyə məni bağlayan bir çox amillər var idi. Əsas amillərdən biri də ailəmdə hərbçi peşəsinə verilən yüksək dəyər idi. Dayım kapitan Mirəli Cüməli oğlu Nuhov Birinci Qarabağ müharibəsində döyüşüb. 1993-cü ildə şəhidlik zirvəsinə ucalıb. Babamın qardaşı polkovnik Xıdır Həsən oğlu Mustafayev Sovet İttifaqı Qəhrəmanıdır. O, 1943-cü ilin payızında Ukraynanın paytaxtı Kiyevin azad edilməsi uğrunda döyüşlərdə xüsusilə fərqlənmişdir. Atam hərbçi olmasa da, 1990-cı illərdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparanlardan, azadlıq hərəkatında iştirak edənlərdən olub. Bütün bu amillər də həyat yoluma təsirsiz ötüşməyib. Xıdır babamın, dayımın və onlar kimi minlərlə Azərbaycan oğullarının qəhrəmanlıqlarını eşitdikcə hərbi peşəyə marağım artırdı. Əsgəri xidmətdə olanda bu peşəyə sevgim və bağlılığım daha da artdı, hərbçi olmaq qərarım qətiləşdi. Müqəddəs vəzifələr yerinə yetirənlərdən, Vətən müdafiəçilərindən olmağı qarşıma məqsəd qoydum.


- Torpaqlarımızı işğaldan azad etmək məqsədilə əks-hücum əməliyyatında iştirak etmisiniz. Həsrətində olduğumuz haqq savaşımız gerçəkləşəndə hansı hissləri keçirdiniz?

- Dövlət və xalq olaraq hər zaman sülh danışıqlarının tərəfdarı olsaq da, torpaqlarımızı erməni işğalçılarından təmizləmək üçün gücümüzü səfərbər etməyə həmişə hazır idik. Demək olar ki, Azərbaycan Ordusu bu savaşa 30 ilə yaxın idi hazırlaşırdı. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu parlaq ordu quruculuğu siyasətinin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində güclü maddi-texniki bazaya malik qüdrətli ordumuz formalaşıb. Hələ 2016-cı ilin Aprel döyüşlərində düşmən Azərbaycan Ordusunun gücünü görmüşdü. Bir neçə gün davam edən Aprel döyüşlərində ordumuz düşmən üzərində inamlı qələbə qazanaraq, minlərlə hektar ərazini və mühüm strateji yüksəklikləri azad etdi. Aprel zəfəri Böyük Qələbənin başlanğıcı oldu.

2020-ci il sentyabrın 27-də də işğalçı erməni ordusunun cəbhə boyu genişmiqyaslı təxribatlarının qarşısı qətiyyətlə alındı. Ali Baş Komandanın əmri ilə ordumuz əks-hücum əməliyyatına başladı. Həmin gün çox sevindik, qürurlandıq. Otuz ilə yaxın idi ki, bu günün həsrətindəydik. Bölməmizdə hər kəs əmin idi ki, qələbə bizim olacaq. Həm Ali Baş Komandanımızın siyasi iradəsinə, həm də ordumuzun gücünə sonsuz inanırdıq. Hər birimizin tək bir amalı var idi - ən qısa zamanda düşməni torpaqlarımızdan qovub, ərazi bütövlüyümüzü təmin etmək, bizə güvənən xalqımıza böyük qələbə sevincini yaşatmaq. Şükürlər olsun ki, məqsədimizə nail olduq.

- Bu şanlı qələbəmizdə əməyi olan igid oğullarımızla xalqımız fəxr edir. Siz qalib ordunun qalib nümayəndəsisiniz. Haqq savaşımızda hansı istiqamətlərdə döyüşürdünüz?

- Qələbə güc, iradə və ruh yüksəkliyi hesabına qazanılır. Bizlər də dözümlə, səbirlə və ən əsası Vətən sevgisi ilə döyüşdük. Döyüşçülərin sırasında olmağın qürurunu yaşayırdım. Murovdağ istiqamətində, eləcə də Talış və Suqovuşan kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Murovdağ istiqamətində mühüm yüksəklikləri azad etdikcə döyüş ruhumuz və qələbəyə inamımız daha da artırdı. Sonra əmrə uyğun olaraq, Talış və Suqovuşan istiqamətində döyüşlərə qatıldıq. Silahdaşlarımın hər biri güclü iradə, mübarizlik və rəşadət nümayiş etdirirdi. Qarşımızda tab gətirməyən düşmən hər gün geri çəkilirdi. İrəliləməmizə Hərbi Hava Qüvvələrinin, artilleriya qoşunlarının atəş dəstəyi böyük kömək olurdu. Beləliklə, ardıcıl olaraq, Talış və Suqovuşan kəndlərini düşməndən azad etdik. Çətin döyüşlər oldu. Müharibə asan olmur. Yadımdadır ki, Talış istiqamətindəki ağır döyüşlər zamanı mühasirəyə düşdük. Qarşımıza isə vacib tapşırıq qoyulmuşdu. Nə olursa-olsun, mühasirədən çıxmalı, verilən tapşırığı yerinə yetirməli idik. Mühasirəni minimum itki ilə yarıb, düşməni geri qovmalıydıq. Həmin anda təlim-məşqlərdə öyrəndiyimiz hərbi biliklər və vərdişlər köməyimizə çatdı. Təlimlərdə real döyüşün bütün mərhələlərini dəfələrlə icra etmişdik. Düşmən mühasirəsindən çıxmağı da təlimlərdə imitasiya etmiş, buna hazırlaşmışdıq. Öyrəndiyimiz taktiki həmlələrin sayəsində düşməni yanıltmağı bacardıq. Onların düşündüyü yolla deyil, digər istiqamətlər üzrə kiçik qruplarla onların üstünə hücum etdik. Bir sözlə, düşmənə gözləmədiyi yerdən zərbə vurduq. Çətin olsa da, mühasirəni yardıq. Həmin döyüşlər zamanı yaralandım. Düşmən gülləsi burnumu sıyırıb keçdi. Bir neçə saat döyüşü davam etdirdim, sonra isə təxliyə olundum. Səyyar tibbi hospitalda müalicə alaraq yenidən döyüş meydanına qayıtdım.

- Azərbaycanın tanınmış yazıçısı Məmməd Səid Ordubadinin "Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır" fikrini xatırlamaq yerinə düşər. Sizin kimi qəhrəmanların Vətən müharibəsində göstərdiyi şücaət, cəsarət, vətənpərvərlik böyük Qələbə qazandırdı. 44 günün sonunda Müzəffər Ali Baş Komandanın Şuşanın azad olunması, daha sonra qələbə xəbərlərini verdikdə, minlərlə insan sevinc göz yaşlarını saxlaya bilmədi. Siz bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

- Təbii ki, tariximizdə və mədəniyyətimizdə Şuşa əvəzolunmaz rol oynayır. Şuşanı sevmək üçün gözlərinlə görmək vacib deyil. Qarabağın incisi olan Şuşaya hər bir azərbaycanlı vurğundur. Ona görə də mədəniyyət beşiyimizin azad olunması xəbəri hər kəs kimi məni də çox sevindirdi. Şuşanın azad olunması Böyük Qələbə demək idi. Hər kəs anladı ki, əgər Şuşa artıq düşməndən azad olunubsa, müharibənin sonuna sayılacaq günlər qalıb. Belə də oldu. Cəmi 2 gün sonra cənab Ali Baş Komandan bildirdi ki, Ermənistan tərəfi məğlubiyyətini qəbul etdi. Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan təhvil verildi. Beləliklə, Vətən müharibəsi möhtəşəm qələbə ilə başa çatdı.

- Baş leytenant rütbəsini yeni almanız münasibətilə sizi təbrik edir, xidmətinizdə uğurlar və yeni nailiyyətlər arzulayırıq. Müsahibə üçün çox sağ olun.

Müsahibəni apardı: İbrahim Məmmədbəyov "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin