“Verilən bütün idman tapşırıqlarını asanlıqla icra edirlər” - Leytenant

2022/07/94a96-3317982964.jpg
Oxunub: 441     17:45     18 Avqust 2022    
İdman hər bir insanın həyatında mühüm əhəmiyyət kəsb edir. İdmanla məşğul olan şəxs güclü, fiziki cəhətdən sağlam və qüvvətli olur. Buna görə də rəşadətli Azərbaycan Ordusunda şəxsi heyətin fiziki hazırlıq üzrə məşğələləri daim diqqət mərkəzində saxlanılır. Gündəlik icra edilən idman vərdişləri nəticəsində əsgərlər hazırlıqlı döyüşçüyə çevrilirlər. Fiziki cəhətdən möhkəm olmaları onların döyüş ruhunu daha da artırır. Məhz bu səbəbdən fiziki hazırlıq döyüş hazırlığının ayrılmaz tərkib hissəsi sayılır.

Qarşıya qoyulan döyüş tapşırıqlarının düzgün və vaxtında yerinə yetirilməsi hər bir əsgər və zabitdən nəzəri biliklə yanaşı, fiziki hazırlıq da tələb edir. Döyüşdə uğur qazanmaq üçün müasir silahlardan istifadə etmək, həmçinin fiziki cəhətdən hazırlıqlı olmaq mütləqdir.

44 günlük Vətən müharibəsində cəsur döyüşçülərimizin göstərdikləri şücaət onu deməyə əsas verir ki, fiziki cəhətdən hazırlıqlı olan hərbi qulluqçularımız müasir texnika və silahlardan düzgün istifadə edərək, verilən döyüş tapşırıqlarını cəld və çevik yerinə yetirib, düşmən ordusunu tamamilə məhv etdilər.

"N" hərbi hissəsində şəxsi heyət günün nizam qaydalarına uyğun olaraq fiziki hazırlıqla məşğul olurdu. Yaranan fürsətdən istifadə edib leytenant Alı Cəfərovla həmsöhbət olduq. O bildirdi ki, Müdafiə Nazirliyi rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində hərbi hissəmizdə müasir standartlara uyğun formalaşdırılan idman şəhərciyi hərbi qulluqçularımızın istifadəsindədir. "Şəxsi heyət yaradılan şəraitdən səmərəli istifadə edərək, fiziki hazırlıqlarını daha da artırır, verilən bütün idman tapşırıqlarını asanlıqla icra edirlər. Onların maraqlarını daha da artırmaq üçün hərbi hissədə yarışlar təşkil olunur. Yarışlarda fərdi və yaxud komanda şəklində qalib yer qazanan hərbi qulluqçularımız mükafatlandırılırlar. Qeyd etmək istəyirəm ki, fiziki hazırlıq məşğələsinin keçirilməsində əsas məqsəd döyüşçünün sağlamlığını, iradəsini və dözümlülüyünü yüksəltməkdir. Buna görə də gündəlik fiziki hazırlıq məşğələləri keçirilir, normativlərə uyğun olaraq imtahanlar götürülür”.


Ordu sıralarına Tərtər rayonundan qatılan kiçik çavuş Murad Səfərli bildirdi ki, hər birimizin məqsədi Vətən torpaqlarını düşməndən qorumaqdır. "Buna görə də nəzəri biliklərimizlə yanaşı, fiziki hazırlığımızı da daim yüksək səviyyədə saxlamalıyıq. Güclü olmalıyıq ki, verilən tapşırıqları qısa müddət ərzində icra edib, torpaqlarımıza əl uzadanların əllərini qoparaq. Vətən müharibəsində qazanılan Qələbə döyüşçülərimizin güclü, iradəli və dözümlü olmalarının əyani sübutudur".

- Hər birimiz güclü və qalib Azərbaycan Ordusunun əsgəriyik, - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əziz Allahverdiyev dedi: “Keçirilən təlimlər nəticəsində döyüş hazırlığımızı, fiziki hazırlıq dərslərində isə gücümüzü artırırıq. Peşəkar komandirlərimizin rəhbərliyi altında hərbin bütün sirlərinə dərindən yiyələnmişik. Qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən asanlıqla gəlməyə qadirik”.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Elvin və Elmar Alıyev qardaşları və başqa hərbi qulluqçular fiziki hazırlığın insanda iradəni, dözümü, gücü artırmaq üçün əsas vasitə olduğunu dedilər.

Hər bir insan bədəninin sağlam olması üçün çalışmalıdır. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar.

Orxan Hüseynli "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin