F-16-lar əldə ediləcək| ABŞ-da mümkün, lakin çətin bir türk missiyası

2022/08/sdada-1659943731.jpg
Oxunub: 1216     11:30     08 Avqust 2022    
Rusiyadan S-400 raket sistemlərinin alınması Vaşinqtonla Ankara arasında əsas mübahisə mənbələrindən birinə çevrilib. Həmin satınalma nəticəsində Türkiyə 2019-cu ildə F-35 reaktiv qırıcı proqramından çıxarılıb və növbəti il Ankaraya Amerikanın Düşmənləri ilə Sanksiyalar Yoluyla Mübarizə Aktına (CAATSA) daxil edilmiş sanksiyalar tətbiq edilib. Türkiyə ABŞ-ın ən qabaqcıl döyüş təyyarəsinin potensial alıcısı olmaqla yanaşı, F-35 layihəsinin orijinal beynəlxalq tərəfdaşlarından biri idi. Türk şirkətləri proqrama təqribən 10 milyard dollar sərmayə qoyaraq böyük paya sahib idilər. Bu məbləğ Türkiyənin F-35-in əsas ABŞ istehsalçısı “Lockheed Martin”dən almağı planlaşdırdığı 100 təyyarənin dəyərini demək olar ki, ödəyə bilər. Proqramdan çıxarılmasından sonra, Türkiyə transatlantik alyansın ən prestijli yüksək texnologiya layihələrindən birinə çıxışını itirdi və həmçinin 1,4 milyard dollar avans ödənişindən məhrum oldu. Bununla belə, proqramdan kənarda qalmanın ən mühüm təsiri Türkiyənin 2020-ci illərin əvvəllərindən başlayaraq hava parkının modernləşdirmə planlarının pozulması oldu.

Ankara alternativ olaraq 40 ədəd dördüncü nəsil F-16 çoxməqsədli qırıcı və 80 modernləşdirmə dəsti almağa qərar verib.

“Ehtiyaclarımızın çoxunu yerli təchizatçılardan təmin edə bilərik. Ehtiyacımızın müəyyən hissəsini xaricdən təmin etməliyik. Bu baxımdan biz F-16-larımızı modernləşdirməliyik. Strateji müttəfiqimiz və dostumuz ABŞ-dan Blok 70 “Viper” F-16-ların alınması və bəzi təyyarələrimizin modernləşdirilməsi üçün texniki prosesə başlamışıq. Türkiyə və Türkiyə Silahlı Qüvvələri nə qədər güclüdürsə, NATO-nun müdafiəsi o qədər güclü olacaq”, - deyə keçən ilin payızında Müdafiə naziri Hulusi Akar bildirib.

F-16-nın 70/72 modelləri 2060-cı ilə qədər 12.000 saat işləmək üçün nəzərdə tutulub. Bundan əlavə, onlar əvvələr istifadə edilən radarın daha inkişaf etmiş versiyası olan APG-83 AESA radar sisteminə malikdirlər. Beləliklə, yeni F-16-ların tədarükü Türkiyənin 2020-ci illərdə keçid dövrünü təşkil etməsinə kömək edə bilər və eyni zamanda təyyarə parkının imkanlarını təkmilləşdirə bilər.

2020-ci illərdən başlayaraq F-35 və F-16-ların Türkiyə Hərbi Hava Qüvvələrinin onurğa sütununu təşkil edəcəyi nəzərdə tutulurdu. Müdafiə istehsalçısı TUSAŞ şirkəti 2006-cı ildən bəri Türkiyənin mövcud F-16-larının xidmət müddətinin uzadılması üçün bir sıra modernləşdirmə layihələri üzərində işləyir.

Hərbi Hava Qüvvələrinin maddi-texniki təchizatının təşkili aviasiya parkının davamlılığı və gücü üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə yerli beşinci nəsil döyüş təyyarəsi layihəsi (TF-X) üzərində işləsə də, F-35 proqramından çıxarılması Türkiyə Hərbi Hava Qüvvələri üçün logistik problem yaratdı. Ankara bu problemi konkret planla həll etməlidir.

40 F-16 və 80 modernizasiya dəstinin dəyəri 6-10 milyard dollar qiymətləndirilir. Başqa sözlə, Ankara ilkin olaraq F-35-lərə ilkin ödəniş kimi xərclədiyi 1,4 milyard dolları geri ala bilsə belə, Türkiyə əlavə pul tapmalıdır. Bununla belə, Türkiyənin köhnləmiş təyyarə parkı və regionda dəyişən dinamika nəzərə alınmaqla, Türkiyə Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi çox vacibdir. Yunanıstanın öz hava donanmasını F-35 və Fransanın “Rafale” təyyarələri ilə modernləşdirmək səyləri Egey və Aralıq dənizində güc balansını dəyişdirmək potensialına malikdir. Vaşinqton uzun müddət Ankara ilə Afina arasında balansı pozmaqda ehtiyatlı davranırdı. Bu parametrdən kənarda Rusiyanın Ukraynaya hücumu regiondakı dinamikanı daha da kökündən pozdu.

Bu reallığı qəbul edən ABŞ Dövlət Departamenti mart ayında Konqresə Türkiyənin F-16-larla bağlı təklifinə dəstək məktubu göndərmişdi. Məktubda Ankaranın Rusiya-Ukrayna müharibəsindəki rolu təriflənməklə yanaşı, ABŞ və NATO alyansının F-16 satışında maraqları da vurğulanır. Bununla belə, layihə əvvəlcə Konqres tərəfindən təsdiqlənməlidir.

Rusiya istehsalı olan S-400-lərin proqramın təhlükəsizliyinə yaratdığı potensial risklərə görə Türkiyə F-35 layihəsindən çıxarılıb. Qeyd edək ki, Türkiyənin F-16-lara sahib olması bu mənada narahatlıq doğuran məsələ kimi ifadə olunmayıb. Başqa sözlə, texniki baxımdan F-16-ların satışı ABŞ üçün ağlabatan seçimdir. Vaşinqton Türkiyəyə “Viper”ləri satmaqdan çəkinərsə, bu qərarın potensial logistik risklərinə baxmayaraq, Türkiyəni digər alternativlərə yenidən baxmağa sövq edəcək. Üstəlik, bu, sanksiyaların tətbiqindən sonra ikitərəfli münasibətlər üçün növbəti mənfi siqnal ola bilər.

Türkiyə uzun müddətdir ki, NATO-nun müxtəlif əməliyyatlarında əsas yükü paylaşan ölkələrdən biri olub. Türkiyə hava parkının modernləşdirilməsinin mahiyyəti bu statusun gələcəkdə də qorunub saxlanması üçün çox vacibdir. Müdafiə naziri Akar davamlı əməkdaşlığın davam edəcəyinə nikbindir: “Biz inanırıq ki, ABŞ Türkiyənin ehtiyaclarını təmin edəcək. İnanıram ki, bu məsələ ABŞ administrasiyası tərəfindən kollektiv müdafiə və qarşılıqlı fəaliyyət nəzərə alınmaqla diqqətdən kənarda qalmayacaq. Konqres üzvləri ilə görüşlər müsbət keçdi və dialoqun davam etdirilməsi üçün əlverişli zəmin yaratdı”.

Türkiyə Rusiya ilə yeni kanallar açarkən ABŞ ilə əməkdaşlığı davam etdirmək istəyir. Buna görə də S-400-lər Vaşinqton və Ankara arasında həll olunmamış problem olaraq qalır. Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir bildirib ki, Rusiya ilə müqavilə iki paketin çatdırılmasından ibarətdir.

“Birinci paket gəldi və tərəflər ikinci paket üçün texnologiya transferi və birgə istehsal haqqında razılığa gəldilər. İkinci çatdırılma Rusiya ilə Türkiyə arasında uzun sürən danışıqlara görə gecikdi”, - deyə o qeyd edib.

Dəmirin açıqlamalarını S-400-lərin gələcəkdə də Moskva ilə gündəmi zəbt etməyə davam edəcəyinə işarə kimi oxumaq olar.

Ukraynadakı müharibə ABŞ və Türkiyə arasında müsbət gündəm üçün fürsət pəncərəsi açıb. Bununla belə, Yunanıstan və Türkiyə arasında artan gərginlik, Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə müqaviməti və Ankaranın Suriyada sərhədyanı əməliyyata başlamaq planları Konqresdə Türkiyənin imicini bir daha pozmağa başladı. Türkiyənin yeni F-16-ların əldə edilməsi prosesini stimullaşdırmaq istəyinə baxmayaraq, yuxarıda göstərilən bütün amillər Ankaranın Vaşinqton dəhlizlərindəki təşəbbüsünə mane ola bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   F-16  


Bizi "telegram"da izləyin