Qərb Əfqanıstanda Yenə Nəyi Səhv Edir?

2022/08/1660034177.jpg
Oxunub: 720     15:12     09 Avqust 2022    
2021-ci ildə “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirəndə bir çoxları düşündü ki, rahat nəfəs almaq olar: “Nəhayət, daha qan tökülməyəcək”. Optimistlər qeyd edirdi ki, 2000-ci illərin əvvəllərindən bəri ilk dəfə olaraq bütün ölkə bir mərkəzi gücün əlində olduğu üçün beynəlxalq ictimaiyyət Əfqanıstan xalqı üçün sabit idarəçiliyin təmin edilməsində yeni hakimiyyət orqanlarını dəstəkləmək iqtidarında olacaq.

Amma bu baş vermədi. Əvəzində, Qərb Kabilin orta sinfinin böyük əksəriyyətini ölkədən çıxartdı, beyin axını baş verdi və Əfqanıstan mühüm iqtisadi şəxslərdən məhrum oldu. Vəziyyəti beynəlxalq ictimaiyyətin Əfqanıstandakı səfirliklərini bağlaması daha da çətinləşdirdi. Dünya Bankı sürətlə çökməyə başlayan səhiyyə sektoruna ayrılan maliyyəni dərhal kəsdi və boşluğu doldurmaq, xəstəxanaları dəstəkləmək və tibb işçilərinə maaş vermək beynəlxalq yardım agentliklərinə həvalə edildi. Son olaraq, Birləşmiş Ştatlar “Taliban”a qarşı əlavə sanksiyalar tətbiq etdi və Əfqanıstanın 10 milyard dollarlıq aktivini ələ keçirdi. Beynəlxalq ictimaiyyət və Əfqanıstanın yeni İslam Əmirliyi arasında diplomatik qarşılıqlı fəaliyyət üçün imkanlar azdır.

Son illərdə “Taliban”ın həqiqətən də “dəyişib-dəyişmədiyi” ilə bağlı çoxlu müzakirələr gedir. Yeni bir termin ortaya çıxdı: “Taliban 2.0”, onlar dünyaya daha mehriban, daha mülayim yanaşmanı təmsil edir. Əfqanların çoxu bu konsepsiyanı rədd edir, “Taliban”ın dəyişdiyi fikrinin təhlükəli təbliğatdan başqa bir şey olmadığını iddia edir. Ancaq sadə fakt budur ki, “Taliban” dəyişib.

1990-cı illərdə “Taliban” kameraları, musiqiləri və televiziyaları qadağan etdi. Qadınlar çadra taxmağa, kişilər isə uzun saqqal saxlamağa məcbur edilirdilər. Qadınların təhsil alması qadağan edildi. Cinayətkarlar islam qaydalarına uyğun olaraq əzalarının kəsilməsi və edamlarla cəzalandırılırdılar. 2021-ci ilin “Taliban”ı əyləncə parklarında selfi çəkdirərək Kabilə gəlib. Bu yaxınlarda yeni qərarla qadınların hicab geyinməsi məcburi olsa da, hakimiyyət çadra tətbiq etməkdən çəkindi. Kişilər saqqal saxlamalı deyillər. Qızların orta məktəblərinin əksəriyyəti bağlansa da, şimalda bəziləri açıqdır və ibtidai məktəblər və universitetlər bütün ölkədə qadınlar üçün açıqdır.

1990-cı illərdə “Taliban” əslində etnik puştun qruplaşması idi. 1999-cu ildə “Taliban” etnik xəzərləri öz yurdları olan Bamiyanda qətlə yetirib. 2021-ci ildə isə “Taliban” hökumətində etnik özbək Əbdül Salam Hənəfi baş nazirin müavini vəzifəsini icra edir. Silahlı qüvvələrin baş qərargah rəisi Qari Fasihuddin etnik tacikdir. Heç bir xəzərin yüksək vəzifə tutmamasına baxmayaraq, səhiyyə nazirinin müavini Məhəmməd Həsən Qyasi xəzərdir və Bamyanda vəzifədə olan xəzərlər var.

Bütün bunlar “Taliban”da dəyişikliyin sübutudur. Bu dəyişikliklər nə qədər kiçik olsa da, əhəmiyyətlidir və hər şeydən əvvəl “Taliban”ın ideologiyasının uyğunlaşa və təkamül edə biləcəyini nümayiş etdirir. “Taliban 2.0” realdır.

Bununla belə, görünür, Qərbdə bütün bu dəyişiklikləri rədd etmək və onları kosmetikadan başqa bir şey kimi qələmə vermək tendensiyası var. Yalnız “Taliban”dan ibarət olan hökumətdə qızların orta məktəbdə təhsil alması məsələsi həll olunmamış qalır və qadın geyimi ilə bağlı fərman çox qeyri-mütənasib beynəlxalq səs-küyə səbəb olub.

Beynəlxalq ictimaiyyətlə “Taliban” arasında qarşılıqlı əlaqədə “karların dialoqu” kimi əsas problem var. Beynəlxalq ictimaiyyət “Taliban”a bir sıra tələblər irəli sürür: inklüziv hökumət, qadın hüquqlarına hörmət və qız məktəblərinin tam yenidən açılması. “Taliban” beynəlxalq ictimaiyyətdən tələblər irəli sürür: İslam Əmirliyinin tanınması, rəsmi diplomatik əlaqələr və Birləşmiş Millətlər Təşkilatında (BMT) yer. “Taliban” dünyadakı heroinin 90 faizinin Əfqanıstandan gəldiyini nəzərə alaraq tiryək xaşxaşının becərilməsini qadağan edib və bunun beynəlxalq aləmdə müsbət qarşılanacağı gözlənilsə də, bu siyasət Qərbdə sinizmlə qarşılanıb. Heç bir tərəf istədiyini əldə etmir.

Keçmiş siyasi lider Molla Bəradar və hazırkı xarici işlər naziri Əmir Xan Müttəqi kimi personajlar tərəfindən təcəssüm etdirilən “Taliban”ın “beynəlxalqlaşmış” qanadının Qərbdən hər hansı güzəşt əldə edə bilməməsi ciddi təhlükə altındadır. “Taliban 2.0” real olsa da, “Taliban 1.0” heç vaxt yoxa çıxamyıb. 1990-cı illərdə şəriət qaydalarının icrasından məsul olan keçmiş ədliyyə naziri, tək gözlü və birayaqlı Molla Nuruddin Turabi son iyirmi il ərzində “Taliban”ın müxtəlif komissiyalarına rəhbərlik etməsinə baxmayaraq, ona hökumətdə yer verilməyib. O, Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb. Turabi öz öhdəliyi və təcrübəsi ilə daha uyğun bir mövqe üçün kənarda gözləyən çoxlu adamlardan sadəcə biridir.

“Taliban” müxtəlif fraksiyaların konqlomeratıdır və hərəkat boyunca üfüqi və şaquli xətlər keçir. Sadə dillə desək, o, ideoloji cəhətdən “Taliban 1.0” və “Taliban 2.0” arasında bölünür, bu fakt BMT-nin 1988-ci ildə “Taliban” sanksiyaları komitəsi tərəfindən açıqlanan son hesabatından götürülüb. Bu, əsasən, mart ayında qızların orta məktəblərinin açılması ilə bağlı qərarın ləğvi ilə əlaqədardır.

Qərb qadınların hüquqlarının və qızların təhsilinin vacibliyinə böyük diqqət yetirir. Bu məsələlər beynəlxalq diplomatlarla hər görüşdə “Taliban”ı sıxışdırmaq üçün dəyənək kimi istifadə olunur. Bu iki məqama davamlı müraicət edilməsi onların danışıqlar masasında əhəmiyyətini artırır. “Taliban”a görə bu məsələlər beynəlxalq ictimaiyyət üçün yüksək dəyərli vasitələr kimi görünür, buna görə yalnız yüksək güzəştlər müqabilində sövdələşməyə dəyər. Bir neçə dəfə beynəlxalq diplomatlar “Taliban”ı etibarsızlıqda və öhdəlikləri yerinə yetirməməkdə ittiham ediblər. Nəticə ondan ibarətdir ki, Qərb yaxşı niyyətlə danışıqlar aparsa da, “Taliban”ın gizli planı var. Problem ondadır ki, “Taliban” da beynəlxalq ictimaiyyətlə eyni fikirdədir. Heç kimə sirr deyil ki, Qərb Talibanın dəyişməsini istəyir və “Taliban 2.0”ın mövcudluğu və ya başqa cür müzakirələrin çoxu “Taliban”ın ideologiyasında müşahidə olunan məhdud dəyişiklik ətrafında cərəyan edir. Bəs “Taliban” açıq gündəmi öz hakimiyyətinin mahiyyətini dəyişdirmək olan aktorla necə danışıqlar apara bilər? Puştuların belə bir atalar sözü var: “Eşşəyi döyməklə at olmaz”. İyirmi il hakimiyyəti ələ keçirmək və bir daha öz hökmranlığını təsdiqləmək üçün mübarizə aparan “Taliban” beynəlxalq ictimaiyyətin yanaşmasını öz ayğırını qatıra çevirmək cəhdi kimi qiymətləndirir.

Müəyyən məsələlərə bu qədər yüksək qiymət verməklə “Taliban” şübhələnir ki, beynəlxalq ictimaiyyətin gizli gündəliyi var və qadın hüquqlarının tələb edilməsi mənfur siyasi məqsədlər üçün nəzərdə tutulan “Troya atı”dır. “Taliban” döyüş meydanında məğlub olduqlarına inandıqları düşmənin hiyləsindən qorxur. Ona görə də tərəflər arasında qorxunc etimadsızlıq var. İstənilən etimaddan məhrum olan danışıqların uğur qazanacağı ehtimalı azdır.

“Taliban”ı davamlı ictimai qınaq və danlamaqla beynəlxalq ictimaiyyət gücləndirmək üçün ehtiyac duyduğu insanları zəiflədir. Bunun gözlənilməz nəticəsi eyni dərəcədə “Taliban 1.0”ın mühafizəkar sərt tərəfdarlarını gücləndirməkdir. Nəhayət, soruşmaq lazımdır: bu, beynəlxalq birliyin edə biləcəyi ən yaxşı şeydir?

Bütövlükdə əfqanlar üçün real dəyişikliyə nail ola bilməyən Qərb hökumətləri ““Taliban” dəyişməyib” iddiası ilə öz rahat ritorikasına qayıtmağa meyllidirlər, eyni zamanda, onlar öz rollarından məmnunluq hissi keçirirlər.

Bir neçə həftə əvvəl “Taliban” yeni milli büdcəni açıqladı - iyirmi ildə ilk dəfə yalnız Əfqanıstanın özü tərəfindən maliyyələşdirildi. Əvvəlki hökumətlər milli büdcənin 70%-ə qədəri üçün beynəlxalq yardıma güvənirdi, bunun da böyük bir hissəsi Dubaydakı malikanələrdə və penthauslarda xərclənirdi. Əfqanıstanın özünü maliyyələşdirmək qabiliyyəti alqışlanmalıdır. Əvəzində beynəlxalq ictimaiyyət beynəlxalq yardımdan məhrum olan və əhalisi aclıqdan ölmək ərəfəsində olan Əfqanıstanın insan haqları qurumunu saxlaya bilməyəcəyini nəzərə almadan Əfqanıstan İnsan Haqları Komissiyasının ləğvini pisləyib.

Martın 21-də “Taliban”ın ali lideri Hibətullah Axundzadə hökumət məmurlarına “lazımsız ikinci, üçüncü və ya dördüncü nikahları” qadağan edən fərman imzalayıb. Mayın 22-də xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanikzai Əfqanıstan mədəniyyətini qadınların İslam tərəfindən verilmiş hüquqlarına məhəl qoymadığına görə tənqid edib. Bununla da o, “Taliban”ın qatı tərəfdarlarını dolayısı ilə tənqid edib. Bu hərəkətlərin heç biri beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyib.

“Taliban”la səmimi əlaqə saxlamaq üçün hələ vaxt var, lakin bu, Qərb diplomatlarının və kəşfiyyatçılarının bu günə qədər istifadə etdikləri yanaşmanın tamamilə yenidən qurulması demək olacaq. Yeni ideyalar və praqmatizm mütləqdir. Alternativ beynəlxalq ictimaiyyətin Əfqanıstan xalqını bir daha məğlub etməsidir. “Taliban” hesab edir ki, Qərb 2021-ci ilin avqust ayının nəticələrinə görə qisas almağa hazırdır. Beynəlxalq ictimaiyyət üçün isə onların yanlış olduğunu sübut etmək hələ də gec deyil.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin