"Hayeli.am": Azərbaycan Prezidenti rəsmi İrəvanın sülh sazişinin imzalanması təklifinə hələ də cavab vermədiyini bildirib

2022/06/1655364822.jpg
Oxunub: 827     17:22     02 İyul 2022    
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev rəsmi İrəvanın Bakının sülh sazişinin imzalanması təklifinə hələ də cavab vermədiyini bildirib.

Ermənistanın "Hayeli.am" nəşri yazıb ki, İlham Əliyev bu barədə Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

Nəşr Prezident İlham Əliyevin sözlərini sitat gətirib: "Əminəm ki, bizim göstərdiyimiz səylər Ermənistan tərəfi tərəfindən də müsbət qarşılanacaq və uzunmüddətli qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq təklifimiz indiyədək cavabsız qalıb".

"Bakının fikrincə, Ermənistana təqdim olunan təklifdə iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması bəndi var. İlham Əliyev onu da bildirib ki, 44 günlük müharibədən il yarım keçsə də, İrəvan kommunikasiyaların açılması, Naxçıvan Muxtar Respublikasına Azərbaycan mallarının və vətəndaşlarının maneəsiz keçidinin təmin edilməsi ilə bağlı qanuni öhdəliklərini hələ də yerinə yetirməyib. İlham Əliyev əlavə edib ki, bu kontekstdə Moskvadan aktiv fəaliyyət gözləyir. Rusiya xarici işlər naziri Sergey Lavrov da öz növbəsində kommunikasiyaların açılması məsələsi üzrə üçtərəfli işçi qrupunun işində müəyyən irəliləyiş olduğunu bildirib, lakin detalları açıqlamayıb. Əvəzində Rusiya rəsmisi belə bir fikri ifadə edib ki, avtomobillərin ən rahat hərəkəti üçün Ermənistan tərəfi ilə nəqliyyat əlaqəsi ilə bağlı məsələləri koordinasiya etmək, süni maneələrdən yayınmaq lazımdır", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İlham-Əliyev  


Bizi "telegram"da izləyin