İlham Əliyev: "Genişmiqyaslı işlərin görülməsi gücümüzü, niyyətimizi, iradəmizi, bir daha xalqımızın böyüklüyünü göstərir"

2022/06/74c57-1656317042.jpg
Oxunub: 278     11:15     27 İyun 2022    
"Qısa müddət ərzində, - müharibədən cəmi ilyarım keçib, - bu genişmiqyaslı işlərin görülməsi həm gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz bunu təkbaşına edirik və edəcəyik".

Ordu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində deyib.

"Bu fürsətdən istifadə edərək son bir il ərzində burada görülmüş işlərlə də tanış oldum. Görürdüm, baxırdım, mənim göstərişlərim necə yerinə yetirilir, ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı hansı əlavə addımlar atılmalıdır. Çünki bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Ona görə ki, biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq, əlbəttə, bu təbii şərait imkan vermir ki, bu işlər daha geniş vüsət alsın. Amma buna baxmayaraq, bütün infrastruktur layihələri uğurla icra edilir. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Həmin 4 stansiya artıq işləyir və ümumi enerji gücümüzü artırır, bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir.

Yollar çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Təsəvvür edin, 10-dan çox tunel. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər. Çünki burada hər tərəf dağlardır, meşələrdir. Qarabağ bölgəsində isə indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Görün, həm Zəngəzurda, həm də Qarabağda ancaq yol təsərrüfatına aid olan nə qədər genişmiqyaslı işlər görülür. Çünki bunlar - elektrik enerjisi və yol əsasdır. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz.

Bu gün mənə, eyni zamanda, digər infrastruktur layihələrinin icrası ilə bağlı məlumat verildi. Hesab edirəm ki, qısa müddət ərzində, - müharibədən cəmi ilyarım keçib, - bu genişmiqyaslı işlərin görülməsi həm gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz bunu təkbaşına edirik və edəcəyik", - Prezident vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Prezidenti  


Bizi "telegram"da izləyin