“Müharibədə qazanılan təcrübə Hərbi Tibb Fakültəsində keçirilən dərslərdə tətbiq olunur” - Tibb xidməti polkovnik-leytenantı

2022/06/122-3312355596.jpg
Oxunub: 632     14:21     26 İyun 2022    
Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı hərbi tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərib. Prezident İlham Əliyev ötən il Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə həkimlərin şücaətini yüksək qiymətləndirib.

Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi hərbi həkimlərin hazırlanmasında müstəsna rol oynayır. Fakültə Ümummilli Lider Heydər Əliyevin 25 may 2000-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Hərbi tibbi təhsilinin bütün formalarının Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində mərkəziləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə nazirinin 10 dekabr 2000-ci il tarixli əmri ilə Tibb Heyətinin təkmilləşdirilmə kursları və Hərbi Tibb məktəbi (2017-ci ilin aprel ayından Feldşer Hazırlığı kursu adlandırılıb) də Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin tərkibinə daxil edilib. Respublikamızda tibbi təhsilin iki pilləliyə keçidi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli qərarına müvafiq olaraq Müdafiə nazirinin 22 oktyabr 2011-ci il tarixli əmri ilə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində rezidentura şöbəsi də yaradılıb.


Fakültənin kafedra rəisi tibb xidməti polkovnik-leytenantı Şahin Süleymanov Ordu.az-a açıqlamasında bildirib ki, Ali Baş Komandanın qismən səfərbərlik elan etdiyi gün o və Hərbi Tibb Fakültəsinin zabit heyəti yeni yaradılmış Birlik və hərbi hissələrin tibb xidmətinin təşkilində və idarə edilməsində, döyüş əməliyyatlarının gedişində yaralı və xəstələrə yardım göstərmək üçün tibbi əmlak, avadanlıq və dərman vasitələrinin alınması və hərbi hissələrin tibb məntəqələrinə çatdırılmasını təmin ediblər.

Hərbi Tibb Fakültəsinin tapşırığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyacına uyğun hərbi həkim, hərbi həkim mütəxəssislər və feldşer hazırlamaq, eyni zamanda ordumuzda çalışan tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşməsini həyata keçirməkdir. Hərbi Tibb Fakültəsinin tabeliyində 4 kafedra fəaliyyət göstərir: Hərbi cərrahiyyə kafedrası, Hərbi terapiya kafedrası, Tibbi-profilaktika kafedrası və Tibb xidmətinin təşkili və taktikası kafedrası.

Polkovnik-leytenant Şahin Süleymanov 17 il Azərbaycan Ordusunda tibb xidməti zabiti olaraq xidmət edib, 2015-ci ildən Hərbi Tibb Fakültəsində hərbi həkim və hərbi feldşerlərin hazırlanması prosesində iştirak edir. O, açıqlamasında qeyd edib ki, Hərbi Tibb Fakültəsi Azərbaycan Tibb Universitetinin nəzdnində fəaliyyət göstərsə də, təminatı Müdafiə Nazirliyi tərəfindən təşkil olunur.

Vətən müharibəsində iştirak edən polkovnik-leytenant Şahin Süleymanov bildirib ki, döyüş əməliyyatlarının gedişində o, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında yerləşdirilən hərbi hissələrin fasiləsiz tibb təminatı, həmçinin yaralı və xəstələrə təxliyəsi, təxirəsalınmaz tibbi yardımların göstərilməsi istiqamətində, eləcə də dislokasiya rayonlarında hərbi qulluqçular arasında profilaktik tədbirlərin yerinə yetirilməsinə tibbi nəzarəti təşkil edib.

“Tibbi təminatın yerinə yetirilməsi zamanı çıxan problemlər barədə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə dərhal məlumat verilir, İdarə rəisi və zabitlər tərəfindən qısa müddət ərzində bütün lazımi köməkliklər göstərilirdi.

Həmçinin, Tibb Baş İdarəsinin əməkdaşları səfərbərlik üzrə yaradılmış Birlik və hərbi hissələrdə tibbi təminatın yerinə yetirilməsinə yaxından köməklik göstərirdilər. Döyüşlərin gedişində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri və eyni zamanda döyüş əməliyyatlarının aparıldığı ərazi üzrə Füzuli rayonunun Diaqnostika Mərkəzi, Mərkəzi Xəstəxananın həkim və tibbi personalı yaralı və xəstələrə hərtərəfli tibbi yardımın göstərilməsində yaxından iştirak ediblər.

Eyni zamanda Hərbi Tibb Xidmətinin rəisi, tibb xidməti polkovniki, əməkdar həkim Çingiz Əlləzov şəxsən müharibə vaxtı hərbi hissədə bizə yaxından köməklik göstərib”, - deyə tibb xidməti polkovnik-leytenantı Ş. Süleymanov qeyd edib.

Şahin Süleymanov Vətən müharibəsində şəhid olan hərbi həkimlərimiz Turqut Xəlilbəyli, Adil Əfəndiyev və Aqşin Ənvərliyə Hərbi Tibb Fakültəsində dərs dediyini vurğulayıb.

O, Hərbi Tibb Fakültəsində polkovnik Çingiz Əlləzovun rəhbərliyi altında şəhid hərbi həkimlərlə əlaqədar mütəmadi silsilə tədbirlər keçirildiyini bildirib. Tədbirlərə şəhid hərbi həkim və feldşerlərin yaxınları, ailə üzvləri də dəvət olunub. Eyni zamanda, Fakültədə şəhid hərbi həkimlərin adları əbədiləşdirilib. Belə ki, Turqut Xəlilbəylinin adı kitabxanaya, digər şəhid hərbi həkimlərin adları konfrans zallarına verilib.

Tibb xidməti polkovnik-leytenantı qeyd edib ki, Hərbi Tibb Fakültəsinin rezident həkim və kursantları da müharibədə iştirak edib. O, Vətən müharibəsində tibbi təminatın həyata keçirilməsi zamanı qazanılan təcrübənin hazırda Hərbi Tibb Fakültəsində keçirilən dərslərdə tətbiq olunduğunu bildirib.

Zabit Şahin Süleymanov Hərbi Tibb Fakültəsində Türkiyə təcrübəsindən də istifadə edildiyini qeyd edib. O, Fakültədə təhsil alan kursantlardan bəzilərinin tədris prosesində Ankarada yerləşən Gülhanə Tibb Akademiyasında təhsillərini davam etdirdiklərini vurğulayıb.

Tibb xidməti polkovnik-leytenantı Şahin Süleymanov sözlərini 26 İyun – Silahlı Qüvvələr günü ilə əlaqədar təbriklə sona çatdırıb. O, Silahlı Qüvvələrin hərbi qulluqçularını, şəhid ailələrini, qazilərimizi və ümumilikdə Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-Tibb   Vətən-Müharibəsi  


Bizi "telegram"da izləyin