“Qoşunlarımız peyk rabitə vasitələri ilə təmin olunur, onları müharibə dövründə də tətbiq etmişik” – Polkovnik-leytenant (MÜSAHİBƏ)

2022/06/21-1656176677.jpg
Oxunub: 774     12:02     26 İyun 2022    
“Hal-hazırda Azərbaycan Ordusunun istifadə etdiyi rabitə vasitələri ən son texnologiyaya əsaslanaraq hazırlanıb. Onların şifrələnməsi yüksək səviyyədədir və bütün kommunikasiya alqoritmlərinə əsaslanaraq qorunur. Radio, telefon, videokonfrans vasitəsilə aparılan bütün danışıqlar, verilən bütün əmrlər, sərəncamlar, göstərişlər məxfiləşdirilib. Onlara heç cür müdaxilə ola bilməz. Hal-hazırda Ermənistan ordusunda bizim hərbi rabitə vasitələrimizin analoqu olan rabitə vasitələri yoxdur”.

Ordu.az-ın növbəti müsahibi Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Əsgərov Zaur Vaqif oğludur.

- Vətən müharibəsində rabitə qoşunlarımızın rolu nədən ibarət olub?

- Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycan ordusunun hər bir hərbi qulluqçusunun əməyi var. Onların hər biri öz qabiliyyətlərini, bacarıq və biliklərini, imkanlarını ancaq qələbəyə sərf edirdilər. Döyüşlərin idarə edilməsində rabitəçilərimizin əməyi böyükdür. Döyüşləri rabitəsiz təsəvvür etmək mümkün deyil. Rabitə vasitələrimizin düzgün istifadə və istismar edilməsi ilə qoşunların idarə edilməsi həyata keçirilirdi.


Relyefin çətin olmasına baxmayaraq, xüsusi proqramlar vasitəsilə əlverişli nöqtələr seçilirdi, orada bizim rabitə vasitələrimiz və texnikalarımız qurulurdu və döyüşlərin idarə edilməsi üçün müvafiq vəzifəli şəxslərlə əlaqə qurulurdu və müvafiq əmrlər alınırdı. Müharibə zamanı hətta intensiv döyüşlərin getdiyi yerlərdə idarəetmə məntəqələrində videokonfrans əlaqələri qurulurdu və vəzifəli şəxslər Baş Qərargahdan birbaşa canlı əlaqə vasitəsilə tapşırıqlar alırdı və tapşırıqların icrası yerinə yetirilirdi.

Video konfransdan başqa, telefon əlaqələri, radiorabitə əlaqələri və mətnlərin, videoların, şəkillərin, səs yazılarının, məlumatların mübadiləsi həyata keçirilirdi.

- Vətən müharibəsindən sonra rabitə qoşunlarımızda hansı yeniliklər var?

- Azərbaycan Ordusunda bu gün islahatlar davam edir. Ordumuz Türkiyə Silahlı Qüvvələri modelinə keçir. Bir rabitəçi olaraq deyə bilərəm ki, Azərbaycan Ordusunun rabitə bölmələrində də dəyişikliklər həyata keçirilir, yeni-yeni müasir rabitə vasitələri və texnikalar alınır. Bu yaxınlarda Bakıda keçirilən TEKNOFEST Aerokosmik və Texnologiya Festivalında da bizim yeni rabitə vasitə və texnikalarımız, peyk vasitələrimiz, radiorele və radio vasitələrimiz iştirakçılara təqdim olunub və onların marağına səbəb olub. Sərgi zamanı qonaqların nümayiş olunan vasitələrin istismar edilməsinə də imkan yaradılıb, onlar rabitə vasitələri ilə bir-birilə əlaqə saxlayıblar. Hətta iştirakçılar videokonfrans vasitəsilə ön xətdə xidmət edən hərbi qulluqçularımızla birbaşa canlı formada danışıblar.

Bu gün Vətən müharibəsindən əldə olunan təcrübə hal-hazırda bütün orduda tətbiq olunur. Qazanılan təcrübədən nəticələr çıxarılır, gələcəkdə heç bir çətinliklə üzləşməmək üçün bu təcrübədən istifadə olunur ki, qoşunların idarə edilməsi, onların hər bir rabitə növü ilə təmin olunması tam dəqiq və vaxtında yerinə yetirilsin.

- Rabitə qoşunlarımızın təlimləri barədə nə deyə bilərsiniz?

- Bu yaxınlarda rabitə bölmələrimiz Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə birgə hərbi təlimlər keçirib. Bu təlimlərdə bütün növ rabitə vasitələrimizin sınaqları keçirilib. Təlimlər zamanı rabitə vasitələrimizə müdaxilə etməyə cəhd edən şərti düşmənin susdurulması tədbirləri yerinə yetirilib. Burada bizim yeni rabitə vasitələrimiz tətbiq olunduğu üçün düşmənin bizim rabitəmizi kəsmə tədbirləri nəticəsiz qaldı. Qarşıdakı müddətdə də rabitə qoşunlarımızın peşəkarlığının artırılması üçün bu kimi tədbirlər yerinə yetiriləcək, təlimlər keçiriləcək və təlimlərdən çıxarılan nəticələr ümumi qoşunlarda tətbiq olunacaq.

- Azərbaycan ordusu hansı yeni rabitə vasitələri alır?

- Azərbaycan ordusunu yeni rabitə vasitələri əldə edir. Konkret olaraq hansı texnikaların alınması barədə məlumat verməyə ixtiyarım olmasa da, rabitə növü olaraq deyə bilərəm ki, qoşunlarımız peyk rabitə vasitələri ilə təmin olunur. Biz bu vasitələri müharibə dövründə də tətbiq etmişik. Azad olunan torpaqlarımızın müjdəsi peyk rabitə növü ilə aparılırdı.

Hal-hazırda Azərbaycan Ordusunun istifadə etdiyi rabitə vasitələri ən son texnologiyaya əsaslanaraq hazırlanıb. Onların şifrələnməsi yüksək səviyyədədir və bütün kommunikasiya alqoritmlərinə əsaslanaraq qorunur. Radio, telefon, videokonfrans vasitəsilə aparılan bütün danışıqlar, verilən bütün əmrlər, sərəncamlar, göstərişlər məxfiləşdirilib. Onlara heç cür müdaxilə ola bilməz. Hal-hazırda Ermənistan ordusunda bizim hərbi rabitə vasitələrimizin analoqu olan rabitə vasitələri yoxdur.

- Təbrikləriniz

- Hər il olduğu kimi bu il də 26 İyun – Silahlı Qüvvələr Gününü böyük ehtiramla qarşılayacağıq. İkinci ildir ki, bu günü qalib ordu olaraq qeyd edəcəyik. Mən 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Ordumuzun bütün hərbçilərini təbrik edirəm.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rabitə   Vətən-Müharibəsi   Peyk  


Bizi "telegram"da izləyin