XTQ qazisi: “Bu gün dünya ölkələri Azərbaycanın Vətən müharibəsindəki təcrübəsini öyrənməyə çalışır”

2022/06/1-1656175300.jpg
Oxunub: 526     10:10     26 İyun 2022    
Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən xüsusi təyinatlı hərbi qulluqçumuzdan biri də Muradov Zaur Sultan oğludur.

O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. Buradan isə seçim əsasında Rusiya Federasiyasında artilleriya akademiyasında hərbi təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdaraq hərbi xidmətə başlayıb və bir müddət sonra Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirib. XTQ mənsubu kimi xidmətini davam etdirən Zaur Muradov Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən torpaqlarımızın azad olunması naminə Vətən müharibəsində iştirak edib.


Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, baş leytenant Zaur Muradov döyüş xatirələrini Ordu.az-la bölüşüb.

“Sentyabrın 27-də Murovdağın, Ömər aşırımın, Kəlbəcərin azad edilməsi uğrunda başlayan döyüşlərdə iştirak etmişəm. Daha sonra Füzuli və Cəbrayıl istiqamətlərində döyüşlərə qatılmışam. Füzuli və Cəbrayılın bir sıra kəndlərinin azad olunmasından sonra komandanlığın əmrinə əsasən Hadrut istiqamətində əməliyyatlara yollandıq. Qəsəbə düşməndən təmizləndikdən sonra Füzuli şəhərinin işğaldan azad edilməsi əmri verildi. Həmin döyüşlərdə düşmən snayperinin atəşi nəticəsində başımdan yaralanmışam. Mən möcüzə nəticəsində sağ qaldım. İlk tibbi yardım göstərildikdən sonra döyüş bölgəsindən Bakıya təxliyə edildim. Mənim və hərbçi yoldaşlarımın şəhid olmasına, ağır yaralanmasına baxmayaraq bölmələrimizin qarşısında duran əsas vəzifəni-torpaqlarımızın düşməndən azad edilməsi əmrini yerinə yetirdik”.

Ehtiyatda olan zabit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Zaur Muradov qeyd edib ki, Vətən müharibəsi həm Azərbaycan Ordusu, həm də Azərbaycan xalqı üçün böyük təcrübə oldu. Təsadüfi deyil ki, bu gün dünya ölkələri Azərbaycanın Vətən müharibəsindəki təcrübəsini öyrənməyə çalışır.

Baş leytenant Zaur Muradov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Qalib Ordumuzu, Azərbaycan Ordusunun hərbi qulluqçularını, şəhid ailələrini, qazilərimizi və bütün Azərbaycan xalqını təbrik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XTQ   Qazi   Vətən-müharibəsi  


Bizi "telegram"da izləyin