“Eadaily.com” nəşri yazır ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.
“Biz Poti və Qafqaz limanları arasında bərə xidmətini işə salmağa çox yaxın idik, bəzi texniki və bürokratik məsələləri tənzimləmək qalırdı ki, bu da bir neçə günə həll olunacaqdı”, - deyə erməni nazir bildirib.
Kerobyanın sözlərinə görə, bütün məsələlər, o cümlədən Qərbin sanksiyaları altında olan bərələrlə bağlı məsələlər həll olunanda, həlli daha çox vaxt tələb edən başqa məsələlər də ortaya çıxıb.
Ermənistanın iqtisadiyyat naziri izah edib ki, Poti limanı Hollandiyanın nəqliyyat şirkəti tərəfindən istifadə olunur və şirkət bərə xidmətinə yaşıl işıq yandırmaq üçün öz ana şirkətindən icazə almalıdır.
Erməni nazir əmin edib ki, çətinliklərə baxmayaraq, Ermənistan tərəfi israrla müntəzəm bərə əlaqəsinə başlamaq niyyətindədir.
Eyni zamanda, Kerobyan şirkətin icazə verməyəcəyi təqdirdə B planı olduğunu bildirib.
Erməni mazir vurğulayıb ki, bu halda bərə Batumi limanından buraxılacaq.
“Layihə iki, gələcəkdə isə üç bərənin Poti-Qafqaz limanları arasında həftədə 2-3 dəfə (yükdən asılı olaraq) naviqasiyasını nəzərdə tutur. Bərə reysi Ermənistan idxalçı və ixracatçıları, eləcə də Rusiya şirkətləri arasında böyük maraq doğurub. Bir bərənin tutumu 50 yük maşını və 40 dəmir yolu vaqonu olacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az