Ordu.az xəbər verir ki, Şəhidlər Xiyabanında baş tutan tədbirdə Sumqayıt Şəhər və Qubadlı Rayon İcra Hakimiyyəti orqanlarından rəsmi şəxslər, şəhər və rayon ictimaiyyəti, şəhidin döyüş yoldaşları, şagirdlər və ailənin doğmaları iştirak ediblər.
Edilən dualardan sonra çıxış edən natiqlər Həmzə ilə bağlı xatirələrdən, onun həyat və döyüş yolundan bəhs ediblər.
Yeddi bacının pəhləvan qardaşı Həmzə 1974 - cü il 23 iyun tarixində Qubadlı rayonunun Dondarlı kəndində dünyaya göz açıb. O, 1991- ci ildə orta məktəbi bitirdikdən sonra Neft və Kimya İnsitutuna daxil olub.

Yunan - Roma güləşi ilə məşğul olan Həmzə orta məktəb illərində bir neçə turnirlərdə iştirak edib, 1 dəfə Respublika üzrə birinci, 4 dəfə isə ikinci yerə layiq görülüb. 1990 - cı ildə Belarusda keçirilən güləş üzrə ümumittifaq yarışında ən yüksək pilləyə qalxaraq birinci dərəcəli diplom alıb.

Qarabağ hadisələri gənc pəhləvanı hiddətlədirmişdi. O, öz ali təhsilini yarımçıq qoyaraq könüllü erməni təcavüzünə qarşı vuruşmağa yollandı. Vətənin müdafiəsi üçün silaha sarılan Həmzə rayonun sərhəd kəndlərində gedən döyüşlərdə fədakarlıqla iştirak edib. 1992 - 1993 - cü illərdə Laçın, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının müdafiəsində cəsur döyüşçü kimi onlarla erməni hərbçini məhv edib.

Qəhrəman şəhidin son döyüşü 1994 - cü il yanvarın 6 - da Ağdamın Güllücə kəndində olub. Həmin gün Həmzə əsl qəhrəmanlıq nümunələri göstərib, qeyri bərabər gedən döyüşdə öz silah yoldaşları ilə birlikdə şəhidlik zirvəsinə yüksəlib. Məzarı Sumqayıt Şəhidlər Xiyabanındadır. Subay idi.

Xatırladaq ki, Adıyev Həmzə Qardaşxan oğlu Vətən Müharibəsindən sonra Kəlbəcərdə minaya düşərək həlak olan şəhid jurnalist Abışov Sirac Abış oğlunun dayısıdır.
Allah rəhmət eləsin.
Ordu.az