Tamamilə yerli istehsal, müxtəlif aviavasitələrə uyğunlaşdırma imkanı – “Dəmir Yumruq” taktiki döyüş uçuş simulyatoru

2022/05/56756-1653648051.jpg
Oxunub: 7698     10:40     29 May 2022    
Mayın 26-da Bakıda başlayan TEKNOFEST sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) və “Deftech” şirkətinin birgə istehsalı olan “Dəmir Yumruq” adlı yeni taktiki döyüş uçuş simulyatoru təqdim edilib.

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Ordu.az-a açıqlamasında bildirib ki, taktiki döyüş simulyatoru Türkiyənin müdafiə sənayesi sektoru modelini nümunə götürərək özəl-dövlət əməkdaşlığı nəticəsində ərsəyə gəlib.

Açıqlamada bildirilib ki, simulyatorun məqsədi yeni pilot hazırlamaq deyil, hazır pilotları döyüş öncəsi taktiki təlim və simulyasiyadan keçirməkdir. Pilot kabinanın içərisində oturaraq VR (virtual reallıq) eynəyi taxır və özünü müəyyən bir təyyarənin içərisində hiss edir.

“Simulyatorlar kompleks şəklində istifadə olunur. Komplekst 4 avadanlıqdan ibarətdir. Yəni 4 pilot eyni zamanda və eyni məkanda 3D xəritə üzərində təlim keçir. Təlim zamanı bəlli bir relyef formalaşdırılır və ərazidə döyüşə hazırlıq keçirilir. Ərazidə şərti olaraq artilleriya vasitələri, hava hücumundan müdafiə sistemləri və digər texnikalar yerləşdirilir və pilot həmin virtual ərazidə bacarıqlarını təkmilləşdirir. Bununla da pilot həqiqi döyüş meydanında uçmazdan əvvəl relyefi tam mənimsəyir və döyüş zamanı daha effektiv olur”, - deyə MSN əməkdaşı qeyd edib.

Uçuş simulyatoru mühərriki də daxil olmaqla tamamilə yerli istehsaldır. Proqram təminatının hazırlanmasında İsveç şirkəti ilə əməkdaşlıq edilib. Sistemin sınaqları tamamlanıb, tezliklə sertifikatlaşdırılaraq Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil veriləcək. Vurğulanıb ki, daha sonradan simulyatorun ixrac potensialı nəzərdən keçiriləcək.

Hərbi Hava Qüvvələrinin uçuş heyətlərinin taktiki döyüş hazırlıqlarının təmin edilməsi üçün virtural texnologiyalar əsaslı uçuş simulyatorunun xüsusiyyətləri aşağıdakı kimidir:

Taktiki təlim üçün üçün ərazinin 3D modellərinin tətbiqi;
VR texnologiya əsasında uçuş simulyatoru;
Reallığa yaxın yüksək dəqiqlik;
Eyni zamanda dörd simulyatorun eyni məkanda taktiki döyüş təlimlərinin həyata keçirilməsi;
Uç ox üzrə fırlanan pilot kabinəsi;
Müxtəlif tipli aviavasitələrə uyğunlaşdırma imkanı.


Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəmir-Yumruq   HHQ   Simulyator   MSN   Deftech  


Bizi "telegram"da izləyin