Selçuk Bayraktar: "Şuşaya "PUA texnologiyasını niyə inkişaf etdirdik” sualına cavab almaq üçün gəldik"

2022/05/16327-1653485685.jpg
Oxunub: 452     13:26     27 May 2022    
“Babalarımızdan bizə qalmış mirasın dəyərini, Vətənin qiymətini daha yaxşı bilməyimiz, “PUA texnologiyasını niyə inkişaf etdirdik” sualına cavab almaq üçün bura gəldik. Burada çox nadir tapılan xarıbülbül gülünə qovuşduq”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar Şuşada jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Şuşada keçirdiyi hisləri qələm əhli ilə bölüşüb: “Vətən nə deməkdir, onu qorumaq üçün hansı mücadilələrdən keçmək lazımdır – bunu anlamaq üçün bu torpaqları qarış-qarış gəzmək lazımdır. Bu bənzərsiz təbiəti və əcdadlarımızın bizə yadigar qoyduğu əsərləri görmək lazımdır.

Bir az əvvəl 11 yaşında bu torpaqları məcburi şəkildə tərk etməli olmuş, 30 il sonra burada polis məmuru kimi çalışan bir şəxslə görüşdüm, indi uşaqları ilə birlikdə məhəlləsində çalışır. Onun dilindən özünün və başqalarının hekayələrini dinlədim. Bütün bunları ancaq gəlib, görüb yaşamaqla anlamaq olar. Dünyaya “bizim heç kimin torpağında gözümüz yoxdur, amma torpağımızda gözü olanla sonuna kimi mübarizə aparacağıq” fikrini hər şəkildə göstərmək lazımdır - istər elmimiz, istər texnologiyamız, istərsə də cəsarətimizlə.

Bu ərazinin sərt qayalıq olduğunu mətbuatda yer alan görüntülərdən bilirdik. Amma bildiyiniz kimi, belə qiymətli yerlərin mücadiləsi də çətin olur. Bu bənzərsiz təbiət çətinliklərinə rəğmən, ordunun cəsarəti ilə torpaqların azad olunması və bunun da dünya tarixinə PUA-larla qazanılan ilk qələbə olaraq düşməsi bu texnologiyanı inkişaf etdirən şəxs kimi bizi qürurlandırır. Məhz bu qüruru paylaşmaq üçün “TEXNOFEST” keçiririk. Bu festival artıq ölkə sərhədlərimizi aşıb və can Azərbaycanda keçirilir. Bu səbəblə biz buraya da gələ bildik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   Şuşa  


Bizi "telegram"da izləyin