Cənubi Qafqazda texnoloji gövdə göstərisi – TEKNOFEST-də 200 mindən çox ziyarətçinin iştirakı gözlənilir

2022/05/334-1653640771.jpg
Oxunub: 679     12:33     27 May 2022    
Mayın 27-də Bakı şəhərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb. Bu il Azərbaycanda keçirilən festival sayca 4-cü TEKNOFEST-dir. Birincisi 2018-ci ildə İstanbul Yeni Hava Limanında baş tutub. Daha sonra 2019-cu ildə İstanbul, 2020-ci ildə Qaziantep, ötən il isə yenidən İstanbul şəhərində keçirilib.

Türkiyə Texnologiya Komandası Vəqfi ilə Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi tərəfindən Türkiyənin milli texnologiyalarını inkişaf etdirmək məqsədi ilə təşkil edilən festivalın birincisində yarım milyondan çox adam iştirak edib.


Festivalda özəl şirkətlər, nazirliklər, və akademik qurumlar iştirak edir. Festivalın əsas məqsədləri cəmiyyətdə texnologiya haqqında ictimaiyyəti məlumatlandırmaq və milli istehsalın əhəmiyyətinə diqqəti cəlb etməkdir. Buna görə də ictimaiyyət üçün açıqdır və pulsuzdur.

Azərbaycan ilk dəfə 2021-ci ildə TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları “MiQ-29” qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər.


TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.

Mayın 29-dək davam edəcək TEKNOFEST çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq.

Tədbirin ilk günündə Türkiyənin F16 “Solo Turk”, F5 “Turk Yıldızları” döyüş təyyarələri, “Hürkuş” təlim təyyarələri, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 və Su-25 döyüş təyyarələri performanslar nümayiş etdiriblər.


Sərgidə Türkiyə müdafiə sənayesi sektorunun nəhəng şirkətləri, o cümlədən “Baykar”, ASELSAN, HAVELSAN, ROKETSAN, TUSAŞ (TEI), TUSAŞ Motor şirkətləri iştirak edir. Ümumilikdə Türkiyədən 50-dən çox şirkət, dövlət qurumu, akademik qurumlar Bakıdakı sərgidə təmsil olunur.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti kimi dövlət qurumları, o cümlədən şirkətlər, startaplar, təhsil müəssisələri də sərgidə iştrak edir.



Bu il təşkil olunan TEKNOFEST-də Türkiyə şirkətləri milli döyüş təyyarəsi (MMU), T-629 “Atak II” helikopteri, “Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatı, “Bayraktar TB2” PUA-ları, MIUS “Kızıl Elma” pilotsuz döyüş təyyarəsi, “Gökbey” helikopteri, “Göktürk 2” peyki, MAM ailəsinə məxsus müxtəlif mini ağıllı döyüş sursatları və digər innovativ həllər ictimaiyyətə təqdim olunur.

Azərbaycan sərgidə müxtəlif yeni PUA-larını, o cümlədən “İtiQovan”, “Orbiter” sinfinə məxsus PUA-ları, müxtəlif zirehli texnikalar, atıcı silahları iştirakçılara təqdim edir.

Ümumilikdə TEKNOFEST-də 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirak edəcəyi gözlənilir.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TEKNOFEST   Azərbaycan-Türkiyə  


Bizi "telegram"da izləyin