BMT: Dünyadakı müharibələr mülki şəxslərin ölümünü artırır

2022/04/16498-1650536165.jpg
Oxunub: 360     08:07     27 May 2022    
BMT 2021-ci ildə dünyada mövcud olan 12 silahlı qarşıdurmada azı 11 075 mülki şəxsin ölümünü sənədləşdirib. Cari il bu kədərli statistika Ukraynada həlak olan və yaralanan uşaqlar, qocalar, qadınlar və digər mülki şəxslərlə bağlı məlumatlar ilə tamamlanıb.

Ordu.az xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi Rameş Rajasinqam bildirib.

“Ukraynadakı münaqişə mülki əhali arasında böyük iztirab və itki ilə nəticələnib. Fevralın 24-dən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi ölkədə 8 089 mülki itki qeydə alıb: 3 811 nəfər ölüb, 4 278 nəfər yaralanıb. Xəstəxanalar, məktəblər, evlər və sığınacaqlar atəşə tutulub”, - Rajasinqam deyib.

O, müasir müharibənin taktikasını pisləyib və vurğulayıb ki, yaşayış məntəqələrində partlayıcı silahlardan istifadə edildikdə, onların qurbanlarının təxminən 90 faizi mülki şəxslər, ilk növbədə uşaqlar, qadınlar və qocalar olur.

Ramesh Rajasinqamın sözlərinə görə, Suriya, Əfqanıstan və digər münaqişə zonalarında dinc sakinlər əldəqayırma partlayıcı qurğulardan, minalardan və müharibənin digər partlayıcı qalıqlarından əziyyət çəkirlər ki, bu da ölüm və yaralanmalara səbəb olur.

Dünyadakı silahlı münaqişələr, xüsusilə əhalinin sıx məskunlaşdığı ərazilərdə gedən döyüşlər dinc əhali arasında çoxsaylı insan tələfatı və yaralanması ilə nəticələnir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMt   Mülki-itkilər  


Bizi "telegram"da izləyin