“Qarabağın taleyi indi Azərbaycanın, bir qədər də Rusiyanın iradəsindən asılıdır” – Tarasov

2021/10/maxre-1634118302.jpg
Oxunub: 3084     21:00     24 May 2022    
Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın arasında görüşdən sonra bəyanat yayıb.

Mişel müzakirənin səmimi, effektiv olduğunu, bütün suallar paketinin nəzərdən keçirildiyini bildirib. İclasın yekunları barədə danışan Avropa İttifaqı Şurasının prezidenti bildirib ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyasının ilk birgə iclası keçiriləcək. Sərhədin demarkasiyası ilə bağlı bütün məsələlər, sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin olunacağı müzakirə olunacaq. Mişelin sözlərinə görə, Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər: “Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər”.

Mişel qeyd edib ki, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər: “Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Bundan əlavə mən hər iki liderə vurğuladım ki, Qarabağ regionunda etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini həll etmək lazımdır”.

Rusiyalı politoloq Stanislav Tarasov bildirib ki, Brüssel görüşü Paşinyanın KTMT çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşündən sonra baş tutub. Onun sözlərinə görə, çox güman ki, Putin Brüssel görüşünə etiraz etməyib.

“Güman edirəm ki, bu mövzu Moskva görüşündə müzakirə olunub. Görünür, Moskva heç bir etirazını bildirməyib”, - deyə o vurğulayıb.

Tarasov qeyd edir ki, demarkasiya və delimitasiya Brüssel vasitəsilə həyata keçirilsə belə, bu, Rusiya xəritələri olmadan mümkün olmayacaq: “Yəni Rusiyanın həmin prosesdə iştirakı qaçılmazdır. Fars imperiyasının xəritələrini götürüb sərhəddə onunla nə edəcəklər? Bu cəfəngiyyatdır”.

Sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə gəlincə, onun sözlərinə görə, burada çoxlu maneələr var: “Məsələ tamamilə demarkasiya və delimitasiya ilə bağlıdır ki, bu da Qarabağ məsələsi ilə bağlıdır. Əgər onlar sülh müqaviləsi imzalayırlarsa, deməli, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tam tanıyır. Sərhəd necə çəkiləcək? Güman edirəm ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd Laçın hissəsindən keçir. İndiki Laçın dəhlizi də Ermənistanla Azərbaycan arasında sərhəd dəhlizinə çevrilir”, - deyə o qeyd edib.

Politoloqun fikrincə, mühüm suallardan biri Ermənistanın bu sazişi necə qəbul edəcəyi, ölkədə daxili siyasi vəziyyətin sabitləşib-sabitləşməyəcəyi ilə bağlıdır: “Açığı, məncə olmayacaq”

O qeyd edir ki, Rusiya hazırda Qərbin sanksiyalarına görə regional kommunikasiyaların açılmasında maraqlıdır. “Rusiya qeyd etdiyim səbəblərə görə bunun baş verməsinin tərəfdarıdır. İndi hər şey hansı razılaşmaların əldə olunacağından və Avropa İttifaqının bunda hansı rol oynayacağından asılıdır. Əgər Avropa İttifaqı dağılmış Minsk Qrupunu bərpa etməyə və “status” məsələsini gündəmə gətirməyə çalışırsa, bu artıq fərqli şeydir. Avropa İttifaqı bu məsələni qaldırmasa, Moskva öz sülhməramlılarının məsələsini həll edəcək. Amma belə olan halda, İrəvan və ya İrəvan-Bakı-Moskva üçbucağı ilə deyil, sırf Azərbaycanla danışmaq lazımdır, çünki qanuni olaraq sülhməramlılar Azərbaycan ərazisindədir. Ümumiyyətlə, Qarabağın taleyi indi Azərbaycanın və bir qədər də Rusiyanın iradəsindən asılıdır”.

Tarasov hesab edir ki, çox şeyi Ukrayna müharibəsinin nəticələri həll edəcək.

“Məsələ Rusiya kimi super dövlətin bu müharibədən necə çıxacağıdır. Hələlik hər şey Moskva ssenarisi üzrə gedir. Amma hər şeydən asılı olmayaraq, müharibədən sonra biz Cənubi Qafqaz regionunda siyasətimizi dəyişməli olacağıq. Rusiyanın əvvəlki siyasətinin fərqli olmayacağı aydındır və yeni siyasətin necə olacağı hələ məlum deyil. İndi bu yeni siyasətin konsepsiyası hazırlanır”, - deyə o, sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin