“Bayraktar” necə qatil PUA-dan ümid silahına çevrildi?

2022/03/45645-1647687320.jpg
Oxunub: 3301     16:19     24 May 2022    
Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən bəri Türkiyə münaqişənin mərkəzi oyunçularından birinə çevrilib. Rəsmi Ankaranın Moskvanı açıq şəkildə tənqid etməsi, Bosfor və Dardanel boğazlarının hərbi gəmilərə bağlanması, Ukraynaya göstərilən mühüm hərbi və siyasi yardımlar, həmçinin Türkiyənin Krımın ilhaqından bəri krım-tatarların hüquqları ilə bağlı sərgilədiyi həssaslıq bir neçə cəbhədə aktivliyini qoruyan Rusiya-Türkiyə gərginliyinin davam etdiyini göstərir. Bəzi mütəxəssislər Türkiyənin iqtisadi və geosiyasi səbəblərdən Rusiya ilə münasibətlərini qorumağa çalışması səbəbilə, Türkiyənin Rusiya-Ukrayna münaqişəsindəki mövqeyini qətiyyətsizlik kimi qələmə versələr də, Ankara Kiyevə silah ixracına davam edir və Ukraynanı aktiv şəkildə dəstəkləyir.

Bir çox Avropa ölkəsi Rusiyadan olan enerji asılılığını aradan qaldırmaqda könülsüzlük nümayiş etdirdiyi vaxtda, Türkiyə hələ 2018-ci ildən Ukraynanı “Bayraktar TB2” PUA-ları ilə təmin etməyə başlamışdı. Bu PUA-lar daha əvvəl Tripoli, İdlib və Qarabağ cəbhələrində uğurlu şəkildə tətbiq olunub. Elə o səbəblə də, beynəlxalq səpkidə nüfuz əldə etməyi bacaran bu hərbi texnologiya Türkiyəyə qlobal PUA gücü statusu qazandırıb. Həmçinin, türk istehsalı PUA-lar bir çox regional oyunçuya da daxili problemlərini öz gücləri hesabına həll etməyə imkan yaradıb. Hal-hazırda bu PUA-lar Türkiyədən başqa bir çox ölkə tərəfindən istifadə olunur. Polşa 2022-ci ildə sifariş verdiyi “Bayraktar” PUA-larını təhvil aldıqda, Türkiyədən sonra bu PUA-ları arsenalına daxil edən ilk NATO ölkəsi olmuş olacaq. Hətta TRT redaktoru Yusif Erim Baltik dənizindən Qara dənizə və Mərkəzi Asiyaya kimi səpələnən “Bayraktar” istifadəçisi ölkələrin NATO və Rusiya arasında “Hilal PUA-sı” bariyeri yaratdığını ifadə edib.

Qərb ölkələrinin isə Türkiyənin PUA gücünə münasibəti heç də birmənalı deyil. İkinci Qarabağ müharibəsi zamanı Kanada xarici işlər nazirliyi “Bayraktar”ların istehsalında istifadə olunan WESCAM kameralarının ixracını məhdudlaşdırmışdı. ABŞ-da isə onlarla qanunverici türk PUA-larının sabitlikpozucu rolu ilə bağlı rəsmi təhqiqat başladılması təklifi ilə çıxış etmişdi. Ancaq “TB2”lərin Rusiyanın hücumlarına qarşı ukraynalılara verdiyi tövhə Qərbin ritorika və davranışlarını dəyişmiş kimi görünür. Martın əvvəlində Kanada baş naziri Castin Trüdonun 50 milyon dollarlıq yeni hərbi və humanitar yardımının bir qismini Ukrayna tərəfi “Bayraktar”larını Kanada hökumətinin vaxtilə satışını qadağan etdiyi həmin kameralarla təmin etmək üçün sərf edib. İkinci Qarabağ müharibəsi zamanı “Bayraktar”ları “Ərdoğanın qatil PUA-ları” adlandıran məşhur alman qəzeti “Bild” də Ukrayna müharibəsi fonunda türk PUA-larından “ümid silahları” deyə bəhs edib. Maraq doğuran məqam isə Şərqi Avropadakı müharibə bitdikdən sonra Qərb ölkələrinin “qatil PUA” ritorikasına qayıdıb-qayıtmayacağıdır.

Qərb KİV-nin sərgilədiyi bu ikibaşlı mövqe Türkiyə cəmiyyətində də effektsiz ötüşmür. Belə ki, bu ilin yanvarında, Rusiyanın Ukraynaya hücumu başlamazdan qabaq Türkiyədə keçirilən sorğuda xarici siyasətdə Rusiya və Çinə öncəlik verməyi dəstəkləyənlərin sayı (respondentlərin 39,4%-i) ABŞ və Aİ-ni dəstəkləyənlərdən (37,5%) çox olmuşdu. Qərb elitası Türkiyəni Ərdoğanla assosiasiya etməkdə və Türkiyə xalqının istəklərini Türkiyə hökuməti ilə eyniləşdirməkdə davam edərsə, iki tərəf arasında güclü qarşılıqlı əlaqələr olmayacaq. Qərb diskursunun belə dəyişkən olması güclü qarşılıqlı anlaşmaya gedən yolda böyük əngəldir.

Məqaləni Topçubaşov Mərkəzinin rəhbəri Rusif Hüseynov və eksperti Oğul Tuna “National Interest” jurnalı üçün yazıb.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   PUA  


Bizi "telegram"da izləyin