Rusiya tankları niyə bu qədər asanlıqla məhv edilir? - ANALİZ

2022/07/7-1657016360.jpg
Oxunub: 1481     15:24     05 İyul 2022    
Son vaxtlar Suriya, Liviya, Azərbaycan və Ukraynadakı döyüş meydanlarında çoxlu sayda Rusiya istehsalı olan əsas döyüş tankları məhv edilib. Bu yazıda bu vəziyyətin mümkün səbəblərini nəzərdən keçirəcəyik.

2011-ci ildə başlayan Suriya Vətəndaş Müharibəsi, Liviya, Ermənistan-Azərbaycan və Ukrayna-Rusiya müharibələri bir çox müasir hərbi texnikanın döyüş əməliyyatları teatrında tətbiq edilməsinə şərait yaradıb. Yuxarıda qeyd olunan bütün müharibələrdə rus/sovet mənşəli T-55, T-62, T-72, T-80 və T-90 tankları fəal şəkildə istifadə olunurdu.

Türkiyənin Suriyada Əsəd rejiminə qarşı “Bahar Qalxanı” əməliyyatı, Azərbaycan və Ermənistan arasında növbəti Qarabağ müharibəsi, Liviya Milli Razılıq Hökuməti ilə Liviya Milli Ordusu arasında 2-ci Liviya Vətəndaş Müharibəsi və nəhayət Rusiya-Ukrayna müharibəsində bu tanklardan çox istifadə edilib.

Bu dörd müharibə teatrında məhv edilən Rusiya istehsalı olan tankların sayının 1000-ə yaxın olduğu təxmin edilir. Xüsusilə Suriya, Liviya və Qarabağdakı tankların demək olar ki, hamısı Türkiyə istehsalı olan PUA-lar tərəfindən məhv edilib.

Ukraynanın istifadə etdiyi Tank Əleyhinə İdarəolunan Raket Kompleksləri (TƏİRK)


Rusiya-Ukrayna müharibəsi müasir tank əleyhinə sursatların gücünü göstərdiyi döyüşdür. Qərb dövlətləri tərəfindən Ukraynaya “Javelin”, NLAW, AT-4, “Panzerfaust 3”, M141 SMAW-D, M72 ECLAW/LAW, “Carl-Gustav”, MILAN 2, APILAS və “Alcotán-100” kimi bir çox tank əleyhinə silahlar göndərildi.

Bundan əlavə, Ukrayna Ordusu inventarında olan RPG-7, RPG-22, RPG-26, “Stugna-P”, “Corsar”, “Skif” və MAM-L (“Bayraktar TB2” tərəfindən) kimi sursatlar da Rusiya tanklarına qarşı aktiv şəkildə istifadə edilib. Yenə də Ukrayna artilleriya bölmələri çox sərrast atışları ilə rus tanklarının bir çox karvanları məhv etdilər.

Ukraynada indiyədək məhv edildiyi açıq mənbələr tərəfindən təsdiqlənən Rusiya tanklarının sayı 700-ə çatır. T-72-lər qeyd olunan tankların böyük hissəsini təşkil edir. Bundan əlavə, hazırda Ukraynada Rusiya Ordusunun istifadəsində olan ən müasir tanklardan biri olan T-90M seriyasının ilk itkilərini verdiyi məlumdur. Ukrayna Ordusu məhv edilən rus tanklarının sayının 1300-ə yaxınlaşdığını deyir.


Rus tanklarının dizayn çatışmazlıqları

Döyüş mühitinin əvəzolunmaz platformaları olan əsas döyüş tanklarının məhv edilməsi, xüsusən müasir tank əleyhinə sursatların da tez-tez istifadə olunduğu bugünkü döyüş meydanında çox mümkün vəziyyətdir. Lakin bəzi dizayn çatışmazlıqlarına görə rus tanklarının çox daha asan məhv edildiyi müşahidə edilir. Diqqət çəkmək istədiyimiz məqam tankların zərərsizləşdirilməsi deyil, ekipajı ilə birlikdə tamamilə məhv edilməsidir.

Bu vəziyyətin əsas səbəbi T seriyalı tankların sursat bölmələrinin qüllənin bir qədər aşağısında yerləşməsi və əlavə zireh müdafiələrinin olmamasıdır.

Bu səbəbdən tankın içindəki döyüş sursatları uğurlu tank əleyhinə hücum zamanı asanlıqla partlaya bilir və tankın qülləsi “jack-in-the-box” adlanan effektə əsasən şassisindən ayrılır. Ukraynadakı müharibədə qüllələr “jack-in-the-box” effekti ilə metrlərlə havaya qalxdı.

Əslində, tankdakı sursatın partlaması üçün onu birbaşa vurmaq lazım deyil. Tank əleyhinə sursat çəni harda deşsə, çənin daxilində təzyiq və istilik əmələ gətirir. Rus tanklarında üfürmə panelləri olmadığı üçün bu təzyiq və istilik boşaldıla bilməz. Məhz bu səbəbdən çəndəki sursatın partlaması baş verir və çən məhv olur.

Qərbdə istehsal olunan tankların əksəriyyətində döyüş sursatı bölməsi qüllənin arxa proyeksiyası daxilində xüsusi zirehli konstruksiyada yerləşir ki, bu da “bustle stend” adlanır. Bundan əlavə, tanklarda üfürmə panelləri var. Bu panellər tankın sursat çənində partlayış zamanı yaranan təzyiqi və istiliyi əhəmiyyətli dərəcədə azaldır. Beləliklə, Qərb tankları rus tanklarına nisbətən “jack-in-the-box” effektinə daha az məruz qalır.

T seriyalı tankların dizaynı sovet dövründə hazırlanıb. Sursat anbarlarının bu şəkildə yerləşdirilməsinin əsas səbəbi sursatların sıçrama şansını artırmaq üçün tank qüllələrinin kiçik və əyri olmasıdır. Lakin bugünkü döyüş şəraitində bu vəziyyət əvvəlki kimi mühüm üstünlük vermir. Çünki müasir tank əleyhinə sursatlar təkmil istiqamətləndirmə sistemlərinə malikdir. Bu, tankın silueti nə qədər minimal olsa da, onların tank əleyhinə silahlarla yüksək dəqiqliklə vurulmasına səbəb olur. Xüsusilə “Javelin” və UMTAS/OMTAS kimi müasir tank əleyhinə raketlər ən zəif nöqtə olan yuxarıdan zərbə endirməyə qadirdir.

Xülasə, sursat bölmələrinin dizaynları və müasir tank əleyhinə sursatların qabaqcıl xüsusiyyətləri Rusiya tanklarının bu qədər asanlıqla məhv edilməsinin əsas səbəbidir. Bu, Ukraynada bir daha sübut olundu.


Bu səbəbdən Rusiya ən müasir tankı olan T-14 “Armata”da sursat bölməsinin yerini dəyişdi. T-14-nin döyüş sursatı bölməsi Qərb tanklarına bənzəyir. Bununla belə, T-14 “Armata” hələ də kütləvi istehsala daxil olmayıb.

Rusiyanın hazırkı tank inventarları

Bir çox mənbələr Rusiya Ordusunda 10 minə yaxın əsas döyüş tankının olduğunu, onlardan 2700-ünün aktiv, qalanlarının isə ehtiyat olduğunu bildirir. Əldə edilən məlumatlar Rusiya ordusunun son bir neçə ildə Suriya və Ukraynada aktiv tanklarının sayının təxminən 37%-ni və ümumi tank sayının təxminən 10%-ni itirdiyini ortaya qoyur.


Rus tankları “sürətli və ucuz istehsal” arxitekturası ilə dizayn edilsə də, indiki şəraitdə Rusiyanın bu 1000 tank kəsirini nə qədər müddətə bağlayacağı sual işarəsidir. Bu sual işarəsinin əsas səbəbi Rusiyanın T-14 “Armata” və Su-57 kimi müasir hərbi platformalarda yaşadığı kütləvi istehsal problemidir.

Nəhayət, Dünyanın ən böyük ordularından birinə sahib olan Rusiyanın Ukraynada verdiyi itkilər yaxşı təhlil edilməlidir. Rusiya-Ukrayna müharibəsi PUA-ların böyük təsirlərinin bir daha sübuta yetirilməsinə imkan verdi.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin