Azərbaycan bərpa olunan enerji mənbələrinin regional mərkəzi kimi – ANALİZ

2022/05/1653389313.jpg
Oxunub: 1422     14:46     24 May 2022    
Azərbaycan regional “yaşıl” enerji mərkəzinə çevrilməklə Avropanın enerji təhlükəsizliyinə töhfə vermək niyyətindədir. Bunu hökumət mayın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Ümumdünya Kommunal Xidmətlər Konqresində rəsmi olaraq bəyan edib. Belə məqsədlərə uyğun olaraq, bir neçə gün əvvəl Azərbaycan və Rumıniya rəsmiləri Xəzər dənizində dəniz külək turbinləri tərəfindən istehsal olunan elektrik enerjisinin Rumıniyaya ixracı perspektivlərini müzakirə ediblər. Elektrik enerjisi Gürcüstan sahillərindən Qara dəniz boyunca uzanan sualtı kabellər vasitəsilə ötürüləcək. Fransa hökuməti ilə əvvəlki ikitərəfli danışıqlar zamanı məlum olub ki, Bakı 2036-cı ilədək Xəzərdə 7,2 giqavata qədər külək enerjisi istehsal etmək potensialını görür. Bundan başqa, Azərbaycan Avropa şirkətlərini bərpa olunan enerji və “yaşıl” hidrogenin (yəni dəniz külək enerjisindən istifadə etməklə istehsal olunan) Avropaya ixracı üzrə əməkdaşlığa cəlb edir. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin (Azərbaycan təbii qazını Balkanlara və İtaliyaya daşıyan Cənub Qaz Dəhlizinin ən qərb halqası) genişləndirilməsi ilə 10 faiz həcmində hidrogen qarışığının nəqli mümkündür.

Hazırda Azərbaycan əsas diqqəti yerli bərpa olunan enerji mənbələrinin, xüsusən də irimiqyaslı günəş və külək enerjisi formasında inkişaf etdirilməsinə yönəldir. Ölkə 2030-cu ilə qədər quraşdırılmış elektrik enerjisinin istehsal güclərində bərpa olunan enerji mənbələrinin payını 16,5 faizdən 30 faizə çatdırmağı hədəfləyir. Azərbaycanın yaşıl enerji strategiyasına təkan verən mülahizələr təkcə ölkənin enerji ixrac potensialını artırmaq deyil, həm də daxili məqsədlər üçün daha çox təbii qaza qənaət etməkdir.

Azərbaycanın böyük neft və qaz ehtiyatları yaxşı bilinsə və artıq bir çox beynəlxalq bazarlara ixrac edilsə də, Energetika Nazirliyi ölkənin quruda təxminən 27 000 meqavat və dənizdə 157 000 meqavat bərpa olunan enerjinin inkişafı üçün zəngin potensiala malik olduğunu düşünür. Bakı isə Avropaya elektrik enerjisi ixracını artırmaq üçün iki yeni ötürmə xətti çəkməyi planlaşdırır.

Bu səylərin böyük bir hissəsi 27 sentyabr – 9 noyabr 2020-ci il tarixlərində Qarabağ Müharibəsində erməni qüvvələrinə qarşı qələbədən sonra Bakının nəzarəti bərpa etdiyi Azərbaycanın Qarabağ ərazilərini əhatə edir. Ölkənin əsas strateji iqtisadi siyasət sənədi olan “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri”nə əsasən, Azərbaycan bu onilliyin sonuna qədər “yaşıl inkişaf ölkəsi” və “yaşıl enerji məkanı” adlandırılan təşəbbüsləri həyata keçirmək niyyətindədir. Bu, geniş bərpa olunan enerji sektorunun tikintisini tələb edəcək. 2020-ci il noyabrın 10-da üçtərəfli (Azərbaycan, Ermənistan, Rusiya) atəşkəs sazişini imzalayandan sonra Bakı Qarabağda işğaldan azad edilmiş 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Bu ərazilərdə artıq bir neçə yeni su elektrik stansiyası tikilib və fəaliyyət göstərir. İndi isə orada da günəş və külək elektrik stansiyalarının yaradılması üçün konkret planlar həyata keçirilir.

Azərbaycanın yaşıl enerji istehsalında regional liderə çevrilmək hədəfləri Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), həmçinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) kimi müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Bundan əlavə, Yaponiyadan (TEPSCO kimi), Böyük Britaniyadan (BP) və müxtəlif Avropa İttifaqına üzv ölkələrdən transmilli korporasiyalar Azərbaycanda çoxsaylı irimiqyaslı yaşıl enerji layihələrinin həyata keçirilməsinə kömək etmək üçün dəvət olunublar. Körfəz ölkələrindən də maraq var. Bu yaxınlarda Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə Azərbaycanda bərpa olunan enerji (günəş və külək) üzrə bir sıra meqalayihələr, o cümlədən dəyəri 10 milyard ABŞ dolları olan 240 meqavatlıq Xızı-Abşeron Külək Elektrik Stansiyası ilə bağlı müqavilə imzalanıb. Qeyd edək ki, “Masdar” ilə imzalanmış dörd anlaşma memorandumu (MEM) xüsusi olaraq Azərbaycan elektrik enerjisi və bərpa olunan mənbələrdən hasil edilən hidrogenin ixracı sahəsində əməkdaşlığı əhatə edir.

Kiçik ölçüsünə və Avropa İttifaqı ərazisindən nisbi məsafədə olmasına baxmayaraq, Azərbaycan hazırda Avropa qitəsi üçün Rusiyaya qaz təchizatının ən perspektivli alternativlərindən biri hesab olunur. Lakin Aİ Rusiya karbohidrogenlərinin bütün idxalından imtina etməyə çalışdıqca, qitənin bərpa olunan enerji istehsalı bazasının inkişafı və alternativ enerji mənbələrinin tapılması getdikcə daha vacib olacaq. Azərbaycanın bərpa olunan mənbələrdən istehsal olunan elektrik enerjisinin əsas ixracatçısı olmaq təşəbbüsü, beləliklə, xüsusilə əlverişli bir vaxta təsadüf edir – Azərbaycanın yaşıl enerji daşımaları Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Buna görə də, bu gün Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizinin infrastrukturunun genişləndirilməsinə qoyulan investisiyalar ikiqat vacibdir, çünki növbəti mərhələdə bu eyni boru kəməri şəbəkəsi Aİ-nin karbohidrogen enerji mənbələrindən uzaqlaşması üçün lazım olan yaşıl hidrogeni daşıya bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Avropa  


Bizi "telegram"da izləyin