Hikmət Babaoğlu: “ABŞ Prezidenti Azərbaycanın rolunu qlobal kontekstdə qiymətləndirir”

2022/05/1653222055.jpg
Oxunub: 339     14:26     22 May 2022    
“ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu diqqətlə seçilmiş diplomatik ifadələr və xüsusi məzmunu ilə əlamətdardır”.

Ordu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, məktubda 30 illik müddət ərzində ABŞ – Azərbaycan münasibətlərinin keçdiyi yola nəzər salınır: “Eyni zamanda məktubda əldə edilən ortaq nailiyyətlərə vurğu edilir, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perespektivləri ilə bağlı mühüm fikirlər bildirilir. ABŞ Prezidenti ilk növbədə diqqəti hazırda dünyada baş verən mühüm geosiyasi proseslərə çəkərək vaxtilə ABŞ və Azərbaycanın həyata keçirdiyi fəaliyyətin məhz indiki kritik mərhələdə öz bəhrəsini verdiyini dilə gətirir. Bildirilir ki, 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq tarixin mühüm anında öz bəhrəsini verir. Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Göründüyü kimi bizim adətən Azərbaycanın regional təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaması kimi qiymətləndiyimiz gerçəkliyi ABŞ Prezidenti daha qlobal kontekstdə qiymətləndirir. Bu miqyası beynəlxalq səviyyəyə qədər yüksəldir ki, bu da özlüyündə Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun yüksək qiymətləndirilməsi hesab edilə bilər. İkinci mühüm aspekt isə ondan ibarətdir ki, ABŞ qlobal terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu xüsusi olaraq qeyd edir. Şübhəsiz ki, buraya təkcə qlobal terrorizmə qarşı mübarizədə ABŞ-ın antitrerror koalisiyasının dəstəklənməsi deyil, həm də Azərbaycanın regionda erməni terror ocağını darmadağın etməsi də daxildir. Əgər bunların üzərinə Cozef Baydenin Azərbaycanın müstəqilliyini dəstəklədiyi ilə bağlı səsləndirdiyi fikirləri də gəlsək, bu fikirlər həm də Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallığın da ABŞ tərəfindən dəstəklənməsi kimi qiymətləndirilə bilər”.

Hikmət Babaoğlu qeyd edib ki, məktubda digər mühüm məsələ Ermənistan və Azərbaycan arasında yarana biləcək mümkün sülhlə bağlı ABŞ Prezidentinin fikirləridir: “Bu da özlüyündə olduqca əhəmiyyətlidir. Cozef Bayden bildirir ki, Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Transxəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Göründüyü kimi bizim sadəcə Qafqaz regionunda əməkdaşlıq perspektivləri kimi qiymətləndirdiyimiz postmüharibə reallığını ABŞ daha geniş miqyasda, Transxəzər region kontekstində qiymətləndirir ki, bu əslində Azərbaycanın regionun gələcəyində oynayacağı mühüm rola işarədir. Ona görə də gələcək onilliklərdə də ABŞ-Azərbaycan əməkdaşlığına ehtiyac olduğu bildirilir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin