Ukrayna, yoxsa Rusiya qalib gələcək?| WSJ-dən müharibənin başa çatması üçün 5 ssenari

2022/05/IM-1653127854.jpg
Oxunub: 791     14:47     21 May 2022    
Ukraynada müharibə üçüncü ayının sonuna yaxınlaşır, ancaq Rusiya ordusu hələ də döyüş meydanında ciddi irəliləyiş əldə edə bilmir və bəzi rəsmilər və ekspertlər bir neçə həftə ərzində Ukraynanın genişmiqyaslı əks-hücumu həyata keçirəcəyini düşünür.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazır.

Nəşr Ukraynada müharibənin bitməsinin beş senarisini təhlil edir.

1. Rusiyanın dağılması

Yüksək motivasiyalı, yaxşı silahlanmış və taktiki cəhətdən bacarıqlı Ukrayna qüvvələri Rusiya ordusunun zəif tərəflərindən istifadə edir. Ruslar logistikanın zəifliyindən əziyyət çəkir və müxtəlif elementlər arasında koordinasiya zəifdir. Ruslar zəif avadanlıq və təlimdən, bəzi yerlərdə isə mənfi əhval-ruhiyyədən əziyyət çəkirlər.

Qərb təhlilləri göstərir ki, Moskvanın B planı - qüvvələri şərqdə və cənub-şərqdə cəmləşdirmək və Donbasda dayaqlarını genişləndirmək rusların gözlədiyindən daha ləng gedir. Bəziləri ehtimal edir ki, Moskvanın Ukrayna qoşunlarını mühasirəyə almaq planı baş tutmayacaq. Ukrayna artıq daha uzun məsafələrə zərbələr endirən M777 kimi Qərb mənşəli artilleriya qurğuları və digər silahlardan istifadə edir. Pentaqon deyir ki, onlar artıq müharibənin gedişatına dəyişiklik edirlər.

Qərb kəşfiyyatının nümayəndələri rus qoşunları arasında döyüş əməliyyatlarında iştirakdan edənlər olduğunu bildirirlər. Onlar həmçinin deyirlər ki, Kiyev döyüşündə məğlub olan rus bölmələri çox vaxt zəif təlim keçmiş əsgərlərlə döyüşə atılır. Britaniyanın müdafiə kəşfiyyatı deyir ki, Çeçenistandan olan döyüşçülər kimi köməkçi qüvvələrdən istifadə Rusiyanın qüvvələri koordinasiya etməsini daha da çətinləşdirib.

Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən araşdırma qrupunun üzvü Eliot Koen Rusiyanın məğlub olacağını düşünür.

“Hesab edirəm ki, hansısa fundamental səviyyədə Putin artıq məğlub olub. Mən şəxsən onun çox uzun müddət hakimiyyətdə qalacağını təsəvvür etməkdə çətinlik çəkirəm”, - deyə o qeyd edib.

2. Ukraynanın dağılması

Ukraynalıların Rusiya qüvvələrinə verdiyi ağır itkilər yaxşı sənədləşdirilsə də, Ukrayna qüvvələrinin nə qədər ziyan gördüyünə dair daha az sübut var. İctimaiyyətə açıq məlumatlar itkilərin və avadanlıqların zədələnməsinin əhəmiyyətli olduğunu göstərir, lakin Qərb rəsmiləri Ukraynanın itkilərinin Rusiyadan az olduğunu düşünür.

Üç aya yaxın polad zavodunun mühasirəsində qalan ukraynalılar silahı yerə qoyduqdan sonra Mariupolun təslim olması Rusiyanın çoxdan gözlənilən qələbəsi oldu. Analitiklərin fikrincə, Rusiya silahlı qüvvələri Donbasdakı Severodonetsk və Liman ətrafında da Ukraynaya güclü təzyiq göstərir.

Tələfat və texnika itkiləri ilə bağlı etibarlı hesablamalar olmadığından, analitiklər Ukrayna ordusunun vəziyyəti ilə bağlı başqa ipucu axtarmalı olurlar.

Analitiklərin istifadə etdikləri meyarlardan biri də onların necə mübarizə apardıqlarıdır. Ukrayna qüvvələrinin effektivliyini ölkəyə daxil olan Qərb texnikası da artıracaq.

Londonda yerləşən Kral Birləşmiş Xidmətlər İnstitutunun keçmiş direktoru Maykl Klark bildirib ki, prezident Baydenin Konqresə 33 milyard dollarlıq uzunmüddətli hərbi yardım istəməsi “Ukraynanın məğlub ola biləcəyi” ehtimalını xeyli azaldır.

London Kral Kollecindən cənab Fridman deyib: “Ukraynanın dağılması ehtimalı yoxdur. Mən bunu demək olar ki, istisna edərdim. Onların motivasiyası və sürəti var”.

3. Bataqlıq (Quagmire)

Müharibələr adətən heç bir tərəfin uduzmağa cəsarət etmədiyi dalana dirənir. Qərb rəsmiləri xəbərdarlıq edir ki, münaqişə gələn ilə və ya daha uzun müddətə davam edə bilər.

“Əgər siz həqiqətən rusların dözümlü olduqlarını və verdikləri olduqca dəhşətli itkiləri bərpa edə biləcəklərini düşünürsünüzsə, dalana düçar olacağını təsəvvür edə bilərsiniz”, - deyə ekspert Koen qeyd edib. O, bunun inandırıcı olmadığını bildirib. Onun sözlərinə görə, daha çox ehtimal olunan ssenari odur ki, ukraynalılar öz mobilliklərindən və taktiki üstünlüklərindən istifadə edərək Rusiya xəttlərinə hücum etmək və sızmaq üçün yerlər seçirlər.

Bir sıra analitiklər bildiriblər ki, Ukrayna Rusiyanın Donbasdakı hazırkı hücumuna qarşı çıxa bilsə, ukraynalılar qarşıdakı bir neçə həftə ərzində əks-hücumlarını gücləndirəcək və müharibənin kritik mərhələsinə başlayacaq. Əgər gələn il ruslar böyük qüvvələr səfərbər edə bilsələr, o zaman müharibə çıxılmaz vəziyyətə düşəcək.

4. Ukraynanın hücumu

Ruslar öz qüvvələrini şərq və cənub-şərqə yönləndirdikdən sonra vaxt tapıb geniş miqyaslı qüvvə toplamaq əvəzinə, bəzən Kiyevdən geri çəkilmiş qoşunlardan istifadə edərək mərhələli hücuma keçiblər.

Nə vaxtsa ruslar irəliləməyi dayandıracaqlar. Analitiklərin fikrincə, hazırkı mərhələdə Qərb silahları son dərəcə vacibdir.

Amerika artilleriyasının uzun məsafəsi ukraynalılara atəş zonasına düşmədən Rusiya qoşunlarına hücum etməyə imkan verir. Ukrayna həmçinin “Switchblade” və “Phoenix Ghost” PUA-ları kimi digər Qərb avadanlıqları da alır.

Əgər ukraynalılar irəliləsələr, növbəti sual onların harada dayanacaqlarıdır. Ukrayna üçün minimum hədəf Rusiyanın işğalından bir gün əvvəlki nəzarət xətləridir. Bu, Moskvaya 2014-cü ildə ilhaq etdiyi Donbas və Krımdakı iki anklavı nəzarətdə saxlamağa imkan verəcək.

Analitiklərin fikrincə, ukraynalılar uğur qazansa, Ukrayna prezidenti Zelenski üçün siyasi problem yaranacaq. Ukraynalılar onlardan daha çox ərazini almağı tələb edə bilər.

Hücum əməliyyatları müdafiə əməliyyatlarından daha çətindir. Hücumun məhdudlaşdırılması üçün Zelenskiyə, xüsusən də avropalılara xarici təzyiqlərin artacağı ehtimal edilir.

5. Eskalasiya

Bəzi analitiklər indi Rusiya liderini küncə sıxışdırmaqdan, münaqişəni gərginləşdirməkdən, məsələn, döyüş meydanında taktiki nüvə və ya kimyəvi silahlardan istifadə olunmasından narahatdırlar.

Qərb analitikləri bunun mümkün olduğunu, həm də mümkün olmadığını deyirlər. Döyüş meydanında nüvə silahından istifadə olunsa belə münaqişə avtomatik olaraq Rusiya ilə Qərb arasında qitələrarası ballistik raketlərin mübadiləsinə çevrilməyəcək.

Qərb qüvvələrinin Ukraynada hava əməliyyatları keçirməsinə mane olan hazırkı “qırmızı xətlər” çox güman ki, aradan qalxacaq və uçuşa qadağa zonası yaradıla bilər. Rusiya Qara Dəniz Donanması Qərb üçün potensial hədəfə çevrilə bilər. Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynaya qarşı mübarizəsini nəzərə alaraq, Moskvada rasional oyunçu ABŞ Hərbi Hava Qüvvələri və digər Qərb ölkələri ilə birbaşa toqquşmalardan qaçmaq istəyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin