Ermənistan analoji etirazlarla 2021-ci ilin mayın 9-dan 10-na keçən gecə imzalanan bəyanatdan sonra da üzləşmişdi. “Vətənin Xilası Hərəkatı” adlı təşkilatın rəhbərlik etdiyi 2-3 aylıq etirazlardan sonra Paşinyan növbədənkənar seçkilərə getmək məcburiyyətində qaldı. Qriqoyanın “erməni xalqının dəstəyinə arxalanması” ilə bağlı sözlərini növbədənkənar seçkilərin siqnalı kimi şərh etmək olar.
Ermənistanda hazırkı hakim çoxluğun nümayəndələri dəfələrlə bəyan ediblər ki, Paşinyanın istefası olmayacaq. Nikol Paşinyan özü də bir aydır davam edən aksiyalar barədə danışarkən bu etirazların demokratik olmadığını bildirib. O qeyd edib ki, heç kim demokratiyanı zəiflik və müdafiəsizlik əlaməti hesab etməməlidir. Bununla da Paşinyan aksiya edən qüvvələrə xəbərdarlıq edib.
Hələlik hadisələr müəyyən dövrənin məntiqi ilə inkişaf edir. Müxalifət hər gün eyni şeyi təkrarlayır. Bunun arxasında siyasi güc dayanır. Müəyyən mənada çıxılmaz vəziyyət yaranır. Aydın məsələdir ki, baş verənlər sonsuza qədər davam edə bilməz, ya müxalifətin resursu tükənəcək, ya da hakimiyyət hansısa formada cavab verməli olacaq.
İstisna edilməməlidir ki, hadisələrin gedişi xarici vəziyyət, xüsusən də Ermənistan-Azərbaycan arasında intensiv diplomatik prosesə təsir edə bilər. Hazırda aksiyaçıların nüvəsini keçmiş hakimiyyət nümayəndələri təşkil edir. Onların imzalanacaq sülh müqaviləsini sabotaj etməsi mümkündür.
Xatırladaq ki, mayın 22-də Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında görüş keçiriləcək.
Aqil Məmmədov
Ordu.az