İran Tacikistanın paytaxtında PUA zavodu açır - ƏTRAFLI

2022/05/Untit-1652860917.jpg
Oxunub: 360     14:21     18 May 2022    
İran Tacikistanın paytaxtı Düşənbədə Pilotsuz Uçuş Aparatı (PUA) fabrikini açıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Alahed news” portal yazıb.

Zavodda İranın dizayn etdiyi “Əbabil-II” tipli PUA-lar istehsal olunacaq.

Düşənbədə PUA zavodunun açılışını İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri həyata keçirib. Açılış zamanı Baqirini Tacikistanın müdafiə naziri general Şerali Mirzo müşayiət edib.

“Bu fabrikin açılması iki ölkə arasında hərbi əməkdaşlıq üçün dönüş nöqtəsidir. İndi İran öz hərbi texnikasını dost və müttəfiq ölkələrə ixrac edə bilər”, - deyə İran hərbi rəsmisi bildirib.

Fabrikin açılışından əvvəl iki hərbi məmur terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə ilə bağlı görüş keçirib. Səfər çərçivəsində Baqiri Tacikistan Prezidenti İmaməli Rəhmanla da görüşəcək.

Ötən günlərdə Tacikistanın Türkiyədən “Bayraktar TB2” PUA-ları aldığı iddia edilib. Bu iddianın mənbəyi Qırğızıstan rəsmiləri olub. Eyni zamanda Tacikistanın müdafiə naziri general Mirzo da bu yaxınlarda Türkiyəyə səfər edib.

Keçən həftə Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Tacikistanın müdafiə naziri general Mirzo tərəfindən Türkiyə ilə Tacikistan arasında Hərbi Çərçivə Sazişi imzalanıb.

İkitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşlərdə Akar Türkiyə ilə Tacikistan arasında ortaq inanc, tarixi və mədəni əlaqələri vurğulayaraq, terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyi və digər sahələrdə təcrübə mübadiləsinə hazır olduqlarını ifadə edib.

Bunlara əlavə olaraq Akarın iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığın artırılmasının vacibliyini də dilə gətirdiyi bildirilib.

Türkmənistan Orta Asiya ölkələri arasında “Bayraktar TB2” PUA-larını alan ilk ölkə oldu. Daha sonra Qırğızıstan “Bayraktar” aldığını elan etdi. Hazırda Qırğızıstan Sərhəd Təhlükəsizliyi Qüvvələri bu PUA-lardan fəal istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Tacikistan   PUA  


Bizi "telegram"da izləyin