Yunanıstan rəsmi olaraq F-35 qırıcı təyyarələri alacağını açıqlayıb

2022/03/CBZW6-1647241740.jpg
Oxunub: 316     13:20     18 May 2022    
Yunanıstan ABŞ-dan 5-ci nəsil F-35 “Lightning II” döyüş təyyarəsi alacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis məlumat verib.

ABŞ-ın paytaxtı Vaşinqtona iki günlük rəsmi səfər edən Yunanıstanın baş naziri ABŞ Prezidenti Co Baydenlə görüşündən sonra ölkəsinin ABŞ-dan F-35 qırıcı təyyarələri alması üçün prosesə başlayacağını açıqlayıb.

“Biz müdafiə sənayemiz arasında uzunmüddətli əməkdaşlığımızı davam etdirəcəyik. F-35 təyyarələrinin alınması prosesinə başlayacağıq. Və ümid edirik ki, bu fantastik təyyarəni bu onilliyin sonuna qədər Yunanıstan Hərbi Hava Qüvvələrinin tərkibinə verə biləcəyik. Eyni zamanda, “Lockheed Martin” rəsmi olaraq Yunanıstan Aerokosmik Sənayesinə (HAI) sərmayə yatırmaqda maraqlı olduğunu bəyan edib”, - deyə o bildirib.

Yunanıstaın “Tovima” nəşri öz mənbələrinə istinadən yazıb ki, Yunanıstan F-35 alqı-satqısı çərçivəsində ABŞ-a İstək Məktubu (LoR) göndərəcək. Danışıqlar məktubun çatmasından dərhal sonra başlayacaq. Bu proses adətən 18-24 ay çəkir. Afina F-35-lərin Yunanıstana çatdırılmasının 2028-ci ilə qədər başlayacağına ümid edir.

Yunanıstanın ümumilikdə 3-3,5 milyard dollar dəyərində 18-24 ədəd F-35 döyüş təyyarəsi alacağı gözlənilir, lakin zamanla bu tələblər dəyişə bilər.

Nəşr yazıb ki, Afinaya gələn F-35 proqramı (Joint Strike Fighter Project/JSF) rəsmiləri Yunanıstan Hərbi Hava Qüvvələrində keçirilən iclasda ölkə üçün F-35 təklifini rəsmi olaraq təqdim ediblər.

Mənbələrə görə, Yunanıstana verilən təklifə cəmi 20 ədəd F-35 “Lightning II” döyüş təyyarəsi daxildir. Satınalmanın dəyəri 3,5 milyard dollara çatır. Bu məbləğə təyyarənin yerləşdiriləcəyi aviabazanın lazımi infrastrukturunun təmin edilməsi, rabitə sistemlərinin bir-biri ilə əlaqələndirilməsi daxildir. JSF proqram rəsmiləri tərəfindən qeyd edilir ki, təyyarədə istifadə olunacaq sursat paketə daxil deyil və bu məsələ ayrıca müzakirə olunmalıdır.

Hazırkı paketə görə, Yunanıstan proqrama qoşulmağa qərar verərsə, 20 təyyarədən birincisinin 2026-cı ildə, sonuncu təyyarənin isə 2031-ci ildə təhvil verilməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan   F-35  


Bizi "telegram"da izləyin