Reaksiya, yoxsa təklif?| Marukyan Ceyhun Bayramovun sözlərini təsdiqlədi

2022/05/1652515257.jpg
Oxunub: 13674     11:58     14 May 2022    
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İrəvanın Azərbaycanla sülh danışıqlarına başlamaq üçün rəsmi Bakının 5 bəndlik təkliflərinə reaksiyasını açıqlayıb. Təbii ki, erməni tərəfi bu reaksiyanı 6 bəndlik təklif kimi təqdim edir.

Ordu.az Ermənistan tərəfinin göstərdiyi reaksiyanı olduğu kimi təqdim edir:

1) Birinci bənddə qeyd olunub ki, martın 11-də Azərbaycanın sazişlə bağlı təklifini almışıq, ona cavab veririk.

2) Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur.

3) Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət edilməsi, eləcə də Qarabağın (qondarma qurum - red.) yekun statusunun müəyyən edilməsi məsələsi erməni tərəfi üçün vacibdir.

4) Erməni tərəfi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin, Rusiya Federasiyası Prezidentinin 9 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarında əks olunmuş öhdəliklərin yerinə yetirilməsini (hərbi əsirlərin qaytarılması, yolların açılması) vacib sayır.

5) Erməni tərəfi BMT Nizamnaməsi, Beynəlxalq Mülki və Siyasi Saziş və Helsinki Yekun Aktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün sülh nizamlanması sazişi üzrə danışıqlara başlamağa hazırdır.

6) Erməni tərəfi müvafiq danışıqların təşkili üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün öncə Ermənistanın təqdim etdiyi sənəddə qeyd olunan fikilərin təklif olmadığını bildirib: "Sənədə baxdıqda buna təklif demək olmaz. Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunun Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi".

Xatırladaq ki, Azərbaycan danışıqların başlaması üçün Ermənistana 5 bənddən ibarət təklif göndərib. Bu təkliflər aşağıdakılardır:

• Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

• Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

• Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

• Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

• Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin