Ukrayna niyə Azərbaycanın etdiklərini edə bilməz?| PUA-lardan istifadə müharibənin gələcəyi kimi görünür – ANALİZ

2022/05/1652943824.jpg
Oxunub: 9991     10:57     19 May 2022    
Ukrayna sürətlə yeni tip Pilotsuz Uçuş Aparatları (PUA) üçün sınaq meydançasına çevrilir, digər ölkələr gələcək müharibələrdə onların nə qədər effektiv ola biləcəyini öyrənir.

Ukrayna fevral ayında hücuma məruz qalanda Rusiya ordusuna qarşı istifadə etmək üçün çoxlu sayda PUA-ya malik idi və onlardan yaxşı istifadə edir. Lakin müharibə uzandıqca, Kiyevi silahla təmin edən bir çox ölkələr indi döyüş meydanında üstünlük əldə etməsi üçün bu ölkəyə PUA-ların göndərilməsinin potensialını görür.

ABŞ Ukraynaya yeni silah tədarükü çərçivəsində onlarla “Phoenix Ghost” adlı PUA-lar göndərməyi planlaşdırır. “Reuters” agentliyinin məlumatına görə, yeni paketdə Ukraynaya 120-dən artıq PUA göndəriləcək. Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, PUA ukraynalıların hazırda Donbasda ehtiyac duyduqlarına çox uyğun gələn bir sıra tələblər əsasında hazırlanıb.

Bir neçə il əvvəl “Drone Data Book” hesabatında bildirildi ki, Ukrayna bir çox növ PUA əldə edib.

“Bir sıra xəbərlər göstərir ki, Ukrayna ordusunda PUA-ların sayı kəskin şəkildə artmaqdadır. Hərbi satınalmaların rəsmi illik icmalında, Ukrayna Hərbi Hava Qüvvələrinin inventarına 2018-ci ildə 75 sistem (hər birinə çoxlu PUA daxildir) daxil edildiyi bildirilib. Bu, Qüvvələrin 2017-ci ildə aldığı 35 sistemdən təxminən iki dəfə çoxdur”, - deyə hesabatda bildirilir.

2018-ci ildə ukraynalı jurnalist, “Censor.net” onlayn saytının redaktoru Yuri Butusov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı növbəti bir neçə il ərzində minimum 500 PUA sistemi almağı qarşısına məqsəd qoyub.

Ukrayna bir sıra kiçik PUA alaraq inventarına əlavə etdi. Kiyevin əldə ediyi ən güclü PUA-lar Türkiyə istehsalı “Bayraktar TB2”dir. Tank əleyhinə sursatlarla təchiz edilən PUA-lar Ukrayna ordusu tərəfindən yüksək qiymətləndirilir. Ukraynanın nə qədər PUA-ya sahib olduğu, döyüşdə nə qədərindən istifadə etdiyi məlum deyil, ancaq onların fiziki gücündən əlavə məşhurluğu Rusiya ordusunun hərbi qulluqçularının əzmini qırmaq üçün kifayətdir.

İndi vacib olan hücumun başladığı zaman Ukraynanın inventarında nələrin olması deyil, müharibə davam edərkən hansı PUA-ları əldə edəcəyidir.

Bir çox mətbuat orqanlarında “dron” adlanan PUA-ların ölçülərinə, funksiyalarına görə müxtəlif növləri var. Bu söz ABŞ-ın “Reaper” kimi böyül ölçülü PUA-larından tutmuş Çinin DJI şirkəti tərəfindən istehsal edilən kiçik kommersiya məqsədli PUA-lara qədər bir çox sistemi əhatə edir.

ABŞ PUA-larının əksəriyyəti satış üçün nəzərdə tutulmur və əgər belədirsə, həmin ölkələrin satın alması üçün illər tələb olunur. Bu sistemlərdən bəziləri də çox bahalıdır, məsələn, “Global Hawk” müşahidə üçün istifadə edilən və təyyarə ölçüsündə olan PUA-dır. Təxminən 22.000 km məsafəyə malikdir və yerə enmədən əvvəl bir gün yarım ərzində 60.000 fut yüksəklikdə uça bilir.

Ukraynanın belə böyük bir müşahidə aparatına ehtiyacı yoxdur, daha kiçik PUA-lara ehtiyacı var. Bunlara “gəzən sursatlar” və ya kamikadze PUA-ları daxil ola bilər. Bu PUA-lar müşahidə üçün istifadə oluna və sonra hədəfə çırpıla bilər. Bu cür aparatlar, həmçinin sahədə asanlıqla kiçik döyüş qrupları tərəfindən istifadə oluna bilər. Adətən, hərbçilər bir neçə gün ərzində bu PUA-lardan istifadə etməyi öyrənə bilirlər. Onlar planşet və ya oxşar cihazla asanlıqla idarə olunur. Siz onları çantada və ya avtomobildə daşıya bilərsiniz, onlar bir neçə kiklometr məsafə qət edərək həmin məsafədə düşməni izləyə bilir. Operator məhv etmək istədiyi bir şeyi müəyyən etdikdə, PUA hədəfə doğru uçur.

İndi şərqdə Rusiyanın böyük hücumu ilə üz-üzə olan Ukrayna ordusunun bu cür silahlara ehtiyacı var. Rusiyanın Ukraynaya nisbətən çox sayda PUA və ya üstün texnologiyası yoxdur. Bu o deməkdir ki, Rusiya bu PUA-ları asanlıqla sıradan çıxara və ya onları vura bilməz.

PUA-ların vurulması mürəkkəb işdir, çünki onlar asanlıqla manevr edilə bilər və kiçikdir. Bu, yeni texnologiyaların tətbiqi Ukraynaya üstünlük verir. Bununla belə, bu həm də o deməkdir ki, Qərb ölkələri Ukraynanı yeni texnologiya ilə təmin etməkdə çevik olmalı, eyni zamanda texnologiyanın yanlış əllərə keçmə riskini azaltmalıdır.

Buna səbəb keçmiş təcrübədir. İran ABŞ-ın “Sntinel” PUA-sını vurduqdan sonra ondan tərsinə mühəndisliklə istifadə etdi və öz PUA-larını yaratdı. ABŞ və Qərb dövlətləri çox güman ki, mürəkkəb PUA-ların Rusiya tərəfindən ələ keçirilməsini və onlardan alınan məlumatların İran və ya Çinlə paylaşılmasını istəmir.

Bu o deməkdir ki, Ukraynaya göndərilən PUA-lar ABŞ və digər ölkələrə daha böyük, daha həssas PUA-lara zərər vermədən yeni texnologiyaların sınaqdan keçirilməsinə imkan verə bilər. “Switchblade” və indi “Phoenix Ghost”un yerləşdirilməsi ABŞ-ın Ukraynaya müqavimət göstərməsinə və həmçinin bu PUA-ların döyüş meydanında necə təsirli ola biləcəyini öyrənməsinə nümunədir.

ABŞ kimi bir çox ölkələr tez-tez yeni PUA-lardan istifadə edərkən problemlə üzləşiblər. ABŞ-ın 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində hazırladığı “Predator” və digər PUA-lar Terrorla Qlobal Müharibə zamanı istifadə edilib. Bu o deməkdir ki, onlar hava hücumundan müdafiə sistemləri olmayan rəqibə, təkmil olmayan düşmənlərə qarşı istifadə edilib. “Taliban” hərəkatının və ya “Əl-Qaidə” terrorçularının PUA-lardan müdafiə vasitələri yoxdur. Lakin bu cür hava üstünlüyü və hökmranlığı ABŞ-ın PUA-ların inkişafında yavaş-yavaş hərəkət etmək lüksü və imtiyazına malik olması demək idi. “Sentinel” və ya buna bənzər digər sistemlərin yavaş inkişafı buna misaldır.

Hərbçilərin bu gün istədiyi yüz milyonlarla dollar dəyərində olan PUA deyil. Onlar çoxlu sayda kiçik PUA istəyirlər. İsrail kimi ölkələr daha kiçik taktiki PUA-lar və daha böyük sistemlər də daxil olmaqla geniş çeşiddə PUA yaradanlara nümunədir. İran da Çin və Türkiyə kimi PUA-ların inkişafında öncül olub.

Azərbaycan çoxlu sayda PUA əldə edərək Ermənistan ordusunun zirehli texnika arsenalını və HHM sistemlərini məhv etdi. Azərbaycan nümayiş etdirdi ki, “gəzən sursatlar”dan istifadə adi ordunu asanlıqla məhv edə bilər. Ukrayna Azərbaycanla eyni mövqedə deyil. Rusiya Ukraynadan qat-qat güclüdür. Onun ÜDM-i İspaniya və ya İtaliyaya bənzəyir, Ukraynanınkı isə Rumıniyaya bənzəyir və ya ondan kiçikdir. Rusiyanın silahlı qüvvələri kağız üzərində Ukraynadan 10 dəfə böyükdür, hərbi büdcəsi Kiyevinkindən eyni dərəcədə böyükdür. Bu o deməkdir ki, texnologiyaya gəldikdə, Ukrayna çevik olmalı və güc multiplikatoru ola biləcək ən yaxşı silah növlərini əldə etməlidir.

Ukraynanın Azərbaycanın etdiklərini edə bilməz. O, sürətlə hərəkət etməlidir. Ukraynanın müdafiəçilərinə kömək edən Kiyev ətrafındakı meşələrdən fərqli olaraq, şərq istiqaməti düzənlikdir. İkinci Dünya Müharibəsindəki Kursk döyüşünün tarlalarına bənzəyən yeni döyüş meydanı PUA-lar üçün mükəmməl yerdir.

“Switchblade” və “Phoenix Ghost” PUA-ları arasında elədə çox fərq yoxdur. İkincinin taktiki-texniki xüsusiyyətləri açıqlanmasa da, mətbuatda olnun birincən daha uzun uçuş məsafəsinə malik olması iddia edilir. “Politico”da dərc olunmuş məqalədə deyilir: “Phoenix Ghost” PUA-sı şaquli olaraq havaya qalxa, hədəfi axtarmaq və ya izləmək üçün altı saatdan çox uça və infraqırmızı sensorlarından istifadə edərək gecələr fəaliyyət göstərə bilər”.

Zəngin ukraynalılar Ukraynaya öz vəsaitləri ilə Bavariyadakı alman şirkətindən PUA alır və onları ölkəyə göndərirlər. Bu PUA-lar şaquli olaraq havaya qalxır və təxminən 15 km uça bilir.

Ukrayna hərbi saytındakı məqaləyə görə, Almaniya istehsalı olan “Vektor” PUA-ları “Quantum Systems” şirkəti tərəfindən hazırlanıb. Sistem Rusiya qoşunlarının artilleriya atəşi ilə vurulmasına kömək edir.

Bu PUA-ların əldə edilməsi nümunəsi fərdi şəxslərin Qərbdəki hərbçilər vasitəsilə daha yavaş tədarükü gözləməkdənsə, Ukraynaya PUA-lar əldə etməsinə və onların sürətlə yerləşdirilməsinə necə kömək edə biləcəyini göstərir.

Burada məsələ aydındır, çünki Qərb ölkələri Ukraynaya yüz milyonlarla hərbi yardım və müxtəlif sistemlər, o cümlədən artilleriya və dəbilqə vəd etsələr də, vədlərin bəziləri yerinə yetirilməyib. Bu, xüsusilə, Şərqi Avropa ölkələrində ukraynalıların necə istifadə edəcəyini bildiyi köhnə Sovet dövründən qalma texnika ehtiyatına malik olan təyyarə və ya tankların “mübadiləsi” ilə bağlı xəbərlərə aiddir.

Həmin ölkələr bunun müqabilində daha müasir təyyarələr istəyirlər. Ukraynalılar Qərb maşınlarında və təyyarələrində təlim keçə bilərlər, lakin bu, onların Almaniya kimi yerlərdə təlim keçməsini tələb edir, çünki ekipajlar Qərb qüvvələri ilə Ukraynada təlim keçə bilməzlər. Bu o deməkdir ki, ukraynalıların artıq tanış olduğu köhnə texnikaları və ya tank əleyhinə silahları, minaatanları və ya artilleriya sistemlərini göndərmək daha asandır.

Bu günlərdə PUA-lar çox vaxt istifadəçi dostudur və onları yerüstü idarəetmə stansiyasından uçurmaq üçün “pilotlara” ehtiyac yoxdur. Onlar daha çox planşet tipli cihazda yeni bir video oyunu kimi idarə olunurlar. İnterfeys sadədir, əsgərlər bu sistemləri tez öyrənə və onları tətbiq edə bilərlər.

Qərb ölkələri bu sistemlərin rəqibə qarşı real döyüş meydanında necə işlədiyini başa düşməklə həm Ukraynaya, həm də özlərinə necə kömək edə biləcəklərini görməyə başlayırlar. Onların bir çoxu həm də bilir ki, daha böyük potensial rəqib olan Çin Rusiyadan daha mürəkkəb avadanlıqlara malikdir. Buna görə də, onların Donbasda və ya Nikolayev ətrafındakı cənub cəbhəsində öyrəndiklərinin Ukraynadan çox-çox uzaqlarda real dünyaya təsirləri var.

Dəyanət Ağalarlı  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Çin   Rusiya  


Bizi "telegram"da izləyin