20 nəfərin həyatını xilas edən əsgər| "Bu səssiz döyüşdə qalib gələcəm"

2022/04/ec5b3-3302632848.jpg
Oxunub: 902     17:22     21 May 2022    
Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Qazanılan Zəfər azərbaycançılığın, ruhumuzun qələbəsi kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsinin mahiyyəti haqqında deyib: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq".

Zəfər qazanıldı...

Zəfərdən sonra uzun illər işğal acısı yaşayanlar həsrətini sonlandırmaq istəyir, ata ocağını, doğma yurdunu görməyə can atırlar. "Əlim evimin divarına-daşına dəysə ölmərəm" - deyənlərin həsrəti zamanı üstələməyə, zamanı tezləşdirməyə qadir olmasa da, niyyət dönməz niyyət idi. Hamı bilir ki, düşmən işğal etdiyi kəndlərimizdə evlərin qapı-pəncərəsini aparıb, divarlarını uçurub, dağıdıb. Bunları bilsə də, ürəyi ora can atır. Bu, sevgidi. Ata yurdunun, doğma ocağının timsalında Vətənə sevgi...

Dövlət onların istəyini gerçəkləşdirir, qruplarla kəndlərinə getmələrini mümkün qədər təşkil edir. Təhlükəsizlik təmin edilməklə - minaları təmizlənmiş kəndlərə minaaxtaranların müşayiəti ilə...


Aprelin 16-da Kəlbəcər rayonunun Günəşli kəndinə belə bir səfər təşkil edilmişdi. Bu, ziyarət idi. Həsrətindən sıyrılanların doğma kəndlərinə ziyarəti. Belə ziyarətlərin mahiyyəti ruhun ziyarətidi.

Günəşli kəndi evləri sıx olan kənddi. Kənddə yolun üstündə tank əleyhinə mina aşkar edilib. Bu mina aşkarlanmasaydı, Kəlbəcərin Günəşli kəndinə səfər etmiş vətəndaşlar, dövlət qurumlarının nümayəndələri, İTV-nin çəkiliş qrupundan ibarət heyət operativ qaydada xəbərdar edilməsəydi, onları ünvana aparan "Kamaz" markalı avtobusun sərnişinləri mina partlayışı nəticəsində həyatlarını itirərdi. 2020-ci ilin noyabrın 10-dan 25-nə kimi - Kəlbəcərin təhvil verilməsi müddətində basdırılmış minanı əsgər Mərdəli Aşurov aşkarlayıb. Düşmənin qoyub getdiyi "ölüm mexanizmi" ilə mübarizədə qalib gələn əsgər Mərdəli Aşurov Ağsunun Qımırlı kəndində anadan olub. Nümunəvi əsgərdir. O da işğaldan azad edilmiş ərazilərimizi minalardan təmizləyənlərin sırasındadı. İndiyəcən yüzlərlə mina aşkarlayıb. Məğlub düşmənin niyyətini çilikləyən cəsur minatəmizləyən öyrəndiklərinin təkmilləşdirilməsində yaratdığı şəraitə, məsləhətlərinə, tövsiyələrinə görə komandirinə - baş leytenant Vüsal Məmiyevə minnətdar olduğunu deyir...

Mina kəndin sakinləri evlərinə qayıdanda kütləvi tələfat törətmək məqsədi ilə basdırılıb, məğlub Ermənistanın niyyəti belə olub. Təkcə Günəşli kəndində deyil, işğaldan azad edilmiş bütün kəndlərimizdə, ərazilərdə də belə halların minlərlə olması güman deyil, reallıqdır.

Minalarla "döyüş" belə deyil. Əsgər Mərdəli Aşurov minanı aşkarlayanda bir anlığa duruxub. Bir anlığa donub aralıda dayananlara baxıb. Onların baxışlarında qorxu da görüb, həyəcan da, minnətdarlıq da. "Bu səssiz döyüşdə qalib gələcəm. O ömürlərə xətər toxunmasına imkan verməyəcəm. Bu da mənim bir döyüşümdü. Vətən müharibəsində döyüşçülərə "Sən qalib gələcəksən!" - deyirdik. İndi bu inamı o baxışlarda oxuyuram..."...

Və əsgər Mərdəli Aşurov minanı zərərsizləşdirdi. 20 nəfərin ömrünü hədələyən gözlənilməz bir faciə sovuşdu...

Belə cəsurların, Hərbi anda sədaqətli əsgərlərin, zabitlərin sayəsində işğaldan azad edilmiş ərazilərimiz minalardan tamamilə təmizlənəcək...

İndiyə kimi Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri 15000 hektardan çox ərazini minalardan təmizləyib, 2172 ədəd tank əleyhinə, 9368 ədəd piyada əleyhinə mina aşkarlanaraq məhv edilib. Bu fakt təsdiqləyir ki, Azərbaycan əsgəri həm də Zəfərdən sonra Böyük Qayıdışın tezləşməsinin xidmətindədir...

Rəşid Hüseynov "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin