“Ohanyan səddi”ni darmadağın edən qəhrəmanlar| “Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir” - REPORTAJ (FOTOLAR)

2022/04/a9d91-3302632662.jpg
Oxunub: 1104     12:12     16 May 2022    
Cəlilabad rayonunun Göytəpə qəsəbəsində bir ailə yaşayır, Abdullayevlər ailəsi. Bu ailə həmişə qonaqlı-qaralı, həm də sayılıb-seçilən ailələrdən olub. Vaxtilə evin ağsaqqalı olmuş dünyasını dəyişən Məmmədağa Abdullayev İkinci Dünya müharibəsində şanlı döyüş yolu keçmişdi. Müharibədən sinəsi dolu orden, medallarla qayıtmışdı. Övladlarını da özü kimi qorxmaz, igid, qəhrəman yetişdirmişdi. Alman faşistlərinə qarşı mərdliklə döyüşən Məmmədağa kişi hər zaman cəbhədə keçirdiyi o ağır, çətin günlərin xatirələrini ailədə, dost-yoldaş arasında, dəvət edildiyi orta məktəblərdə şagirdlər, Vətənə xidmətə yollanan çağırışçılar qarşısında sevə-sevə danışardı. Abdullayevlər ailəsi müharibə veteranının, keçmiş döyüşçünün ailəsi kimi tanınırdı. Bizim ocağına tələsdiyimiz Vətən Müharibəsi Qəhrəmanı Rəşad da bax, belə bir evdə, vətənpərvər döyüşçü ailəsində doğulub, böyüyüb tərbiyə almışdı. Atalarımızın illərin sınağından çıxan gözəl bir məsəli var: "Ot kökü üstündə bitər". Alman faşistlərinə qarşı mərdliklə döyüşən babanın şanlı cəbhə yolunu nəvə Rəşad Abdullayev doğma torpağına, yurduna göz dikən erməni faşitlərinə qarşı döyüşlərdə uğurla davam etdirdi. Öz şəhid ömrü ilə qəhrəman babanın qəhrəman nəvəsi adını şərəflə yaşatdı Rəşad...

Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayon Prişib (indiki Göytəpə) qəsəbəsində anadan olub. 3 bacının bir qardaşı idi. Ağlı, dərin zəkası ilə hər zaman yaşıdlarından fərqlənən Rəşad ilk təhsilini Göytəpə kənd tam orta məktəbində alır. Onun hərbə gedən yolları, hərbçi olmaq arzusu demək olar ki, ibtidai sinifdən başlayır. Həm də babası Məmmədağa kişi nəvəsini gələcəkdə hərbçi olmağa çox həvəsləndirirdi. Deyirdi ki, "Sən mənim döyüş yolumu davam etdirəcəksən". Bu arzu və istəklə Rəşad sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim edir. O, yüksək nəticələrlə liseyə daxil olur. 2006-cı ildə liseyi əla qiymətlərlə başa vuran Rəşad Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Liseydə öyrəndiyi ilkin hərbi vərdişlərini, biliklərini burada daha da təkmilləşdirir. Həyatını bağlayacağı hərb elminin sirlərinə dərindən yiyələnir. Keçirilən dərslər, məşqlər, təlimlər onun peşəkar hərbçi kimi yetişməsində mühüm rol oynayır. Hər dərs, hər məşq, hər təlim Rəşada hərbin çətin yollarında iradəli, dözümlü, əzmli olmağı öyrədir. Beləliklə, Ali Hərbi Məktəbi "motoatıcı" ixtisası üzrə bitirərək leytenant rütbəsi alır. Leytenant Rəşad Abdullayev "N" hərbi hissəsində taqım komandiri vəzifəsində xidmətə başlayır.


Qısa müddətdə xüsusi hərbi bacarığı, peşəkarlığı ilə seçilən və komandanlığın diqqətini cəlb edən gənc zabit Xüsusi Təyinatlı Qüvvələrdə xidmət keçmək üçün "N" hərbi hissəsində kurs keçir. Sonra Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin edilir. 2014, 2015, 2017, 2019-cu illərdə xarici ölkələrdə xüsusi kurslar keçərək peşəkarlığını daha da artırır. İştirak etdiyi bütün kursları fərqlənmə ilə başa vurur.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlayan, tarixə Aprel döyüşləri adı ilə yazılan Azərbaycan Ordusunun əks-hücum əməliyyatında baş leytenant Rəşad Abdullayev “keçilməz Ohanyan səddi”nin darmadağın olunmasında yüksək döyüş bacarığı nümayiş etdirir. İşğaldan azad olunmuş yüksəkliklərə üçrəngli Azərbaycan bayrağını sancan oğullardan biri oldu.

Aprel döyüşlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli Sərəncamına əsasən, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə baş leytenant Rəşad Abdullayev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilir.

Dörd il sonra 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının - Vətən müharibəsinin üçüncü günündə zabit Rəşad Abdullayev Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlir. Oktyabrın 2-də doğulduğu doğma yurdda - Göytəpə şəhər qəbiristanlığında dəfn olunur.

Qəhrəmanın iki övladı Rüqəyya və Məmmədağa Vətənə əmanət qalır.

Şəhid valideynləri ilə həmsöhbət olmaq nə qədər çətin, ağrılı olsa da, bir o qədər də qürurvericidir. Onlar övladlarının keçdiyi şərəfli döyüş yolunun hər məqamını xatırlatmağa çalışırlar. İstəyirlər ki, yaddan çıxan heç nə qalmasın...

Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən ata-baba yurdunda - artıq müqəddəs ocağa çevrilən evlərində atası Arif Abdullayev, anası Sevil Abdullayeva ilə görüşüb söhbət apardıq. Şahidi olduğum bir məqamı xatırlatmaya bilmərəm. Rəşadın Aprel döyüşlərində yüksəkliklərdə dalğalandırdığı üçrəngli Azərbaycan bayrağı indi artıq onun şəhid guşəsində qorunur, saxlanılır.


Sevil xanım Rəşadın uşaqlığını xatırlayaraq kövrəlir: "Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Rəşad bacarıqlı, savadlı uşaq idi. İdmanla daima məşğul olurdu. Futbol oynamağı sevirdi. Çox erkən yaşlarından maşın sürməyi öyrənmişdi. Balıq tutmaq, ova getmək onun sevimli məşğuliyyətlərindən idi. Babası 1941-1945-ci illərdə faşistlərə qarşı döyüşmüşdü. Rəşad da uşaq vaxtı onun orden və medallarını sinəsinə taxıb şəkil çəkdirərdi. Deyirdi ki, mən də döyüşçü olacağam. Çoxlu oyuncaq silahları vardı. Babası onu həmişə "aslanım" deyə çağırardı. “Aslanımı hərbçi görmək istəyirəm”, deyərdi. Rəşad hərbçi oldu, torpağını, Vətənini sevdi, qorudu. Vuruşdu, şəhid oldu. Qəhrəman adını qazandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhid analarına səbirli olmağı arzulayıram".

Şəhid zabitin atası Arif Abdullayev deyir ki, Rəşadın qəhrəmanlığı, igidliyi ilə həmişə fəxr edib, qürurlanıb. "Rəşad sanki döyüş üçün yaranmışdı. Mən bir ata kimi onu başqa sənətdə görə bilmirdim. O, yalnız hərbçi olmalıydı. Oldu da. Erməni silahlılarına qarşı qəhrəmanlıqla döyüşdü, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etdi Rəşad. Göytəpə qəsəbəsinin 13 Vətən müharibəsi şəhidi var. Onlardan biridir Rəşad. Onun kimi oğullar Vətən üçün doğulur, Vətən üçün canından keçir, şəhid olurlar. Xatirəsinin əbədiləşdirilməsi ilə bağlı çox işlər görülüb. Cəlilabad rayon 2 saylı tam orta məktəb Rəşadın adını daşıyır. Bakı şəhəri, Qaradağ rayonunda Şəhidlər xiyabanı yerləşən küçəyə onun adı verilib. Hazırda büstü hazırlanır. Sentyabrın 14-də ad günündə açılışı planlaşdırılır. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçımıza ailəmiz adından minnətdarlığımızı bildiririk".

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə kapitan Abdullayev Rəşad Arif oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə (ölümündən sonra) Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülür. "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunur.

Qısa, lakin şərəfli ömrü ilə qəlblərə köçən, babasının qəhrəmanlıq və döyüş ənənələrini xidmətində davam etdirən Vətən Müharibəsi Qəhrəmanının həyat hekayəsinin sonuna gəldik. Şəhid zabit Rəşad Abdullayev Azərbaycan yaşadıqca yaşayacaq, adı dastanlara dönüb tarixlərdə qalacaq.

Qəhrəmanların döyüş yolu da tarixdi. Bu tarixi yazanlar əsrlər, qərinələr keçsə də xatırlanacaqlar. Xatırlandıqca gələcək nəsillərə örnək olacaq və Vətən torpağını bütövləşdirənlərin ruhu qarşısında baş əyiləcək. Sizlər verdinizki can, yaşasın Azərbaycan deyiləcək!

Lalə Hüseynova "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin