1917-ci il oktyabr ayının 25-də Petroqradda baş verən bolşevik çevrilişi Rusiyanın əyalətlərində, o cümlədən Cənubi Qafqazda tanınmadı. Bu bölgənin aparıcı siyasi partiyalarının nümayəndələrinin 1917-ci il noyabr ayının 11-də Tiflisdə keçirilən toplantısında bolşevik Rusiyasına tabe olmayan müstəqil bir hökumətin yaradılmasını məqsədəuyğun saydılar. Nəticədə 1917-ci il noyabr ayının 15-də Zaqafqaziya Komissarlığı adlı bir qurumun yaradıldığı elan edildi. Bu qurum 1917-ci il dekabr ayının 6-da (yeni təqvimlə 19-da) Bakıda və Dağıstanda bolşevizmə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə Cənubi Qafqazda olan çar Rusiyası ordusunun milliləşdirilməsi və Cənubi Qafqazda yerli xalqlardan ibarət milli hərbi strukturların təşkili barəsində qərar qəbul etdi. 1917-ci il dekabr ayının 11-də isə Zaqafqaziya Komissarlığı azərbaycanlılardan ibarət olan Müsəlman Korpusunun təşkili haqqında qərar verdi. Bununla da Azərbaycanın müstəqilliyinin elan edilməsindən təxminən yarım il əvvəl azərbaycanlılardan əvvəl mili tərkibli ordu strukturlarının təşkilinə başlandı. Zaqafqaziya Komissarlığının qəbul etdiyi qərara əsasən nəzərdə tutulmuşdu ki, çar Rusiyasının Cənubi Qafqazda dislokasiya olunmuş 6-cı ordu korpusunun bazasında Müsəlman korpusu təşkil edilsin. Həmin korpusa 5-ci və 7-ci Qafqaz piyada diviziyaları daxil idi.
Nəzərdə tutulmuşdu ki, rus ordu korpusunun sıravi şəxsi heyəti buraxılsın və bu heyət azərbaycanlılardan və Azərbaycanda yaşayan müsəlman əhalidən komplektləşdirilsin. Korpusun zabit heyəti də buraxılmalı idi. Zabit heyəti könüllülük əsasında Müsəlman korpusunda qalaraq öz xidmətlərini davam etdirə bilərdilər. Lakin, zabit heyətinin əksəriyyəti Cənubi Qafqazı tərk edərək öz vətənlərinə qayıtmağa üstünlük verdilər.
Müsəlman Korpusunun təşkili barəsində verilmiş qərar Azərbaycan xalqı üçün tarixi bir qərar olsa da bu Korpusun təşkili bir sıra çətinliklərlə qarşılaşdı. Bu çətinlikldən biri hərbi təcrübəyə malik olan milli zabit kadr heyətinin azlıq təşkil etməsi idi. Çünki azərbaycanlılar çar Rusiyası ordusunda xidmətə çağırılmırdılar. 1874-cü ildə Rusiyada qüvvəyə minmiş yeni hərbi nizamnaməyə görə, Rusiyanın müsəlman əhalisi, o cümlədən də azərbaycanlılar hərbi xidmətə çağırılmırdılar. 1887-ci ildən isə həmin kateqoriyadan olan əhali hərbi mükəlləfiyyətdən azad edildiklərinə görə xüsusi vergi verməli idilər.
Müsəlman dininə mənsub olan xalqların nümayəndələrindən yalnız zadəgan, bəy-xan nəslindən olan fərdlərə Rusiyanın hərbi məktəblərində təhsil almasına qismən icazə verilirdi. Çünki Rusiya hakimiyyəti bu təbəqəni özünə daha sadiq olan bir təbəqə kimi qəbul edirdi.
Belə bir vəziyyət Azərbaycanın milli fəallarını heç də razı salmırdı. Xüsusilə, azərbaycanlıların orduda xidmətə çağırılmaması Rusiya hakimiyyətinin azərbaycanlılara qarşı etibarsızlığı kimi qiymətləndirilirdi. Buna görə də Birinci Dünya müharibəsinin başlanması ərəfəsində Rusiyanın dövlət Dumasının Cənubi Qafqazdan olan azərbaycanlı deputatları Duma iclaslarında məsələ qaldıraraq azərbaycanlıların ölkənin bərabər hüquqlu vətəndaşları kimi qəbul edilməməsindən və onların hərbi xidmətə çağırılmamasından şikayət etdilər (6). Doğrudur, Birinci Dünya Müharibəsi illərində məşhur “Dikaya diviziya”nın tərkibində azərbaycanlılardan ibarət Tatar süvari alayının təşkilinə icazə verildi Amma bu alayda xidmət edən azərbaycanlı zabit heyətinin sayı sözsüz ki, bir korpusun komplektləşdirilməsinə yetəcək sayda deyildi. Ona görə də, Müsəlman Korpusunun təşkili obyektiv çətinliklərlə qarşılaşmalı oldu. Xüsusilə, milli zabit kadrların çatışmazlığı bu çətinlikləri daha da artırdı. Çünki bu kadrlar olmadan azərbaycanlı əhali arasından toplanmış əsgər heyəti ilə hərbi xidməti təşkil etmək də mümkün deyildi.
İlk Milli Hərbi Məktəbin təşkili
Müsəlman Korpusunun komandiri vəzifəsinə general-leytenant Əliağa Şıxlinski təyin edildi. Onun rəhbərliyi altında ilk təşkilati işlər Tiflisdə aparıldı və 1917-ci il dekabr ayının 31-də Müsəlman Korpusunun qərargahı Tiflisdən Gəncəyə köçürüldü. Bu Korpusun tərkibində iki piyada diviziyasının, iki artilleriya briqadasının, süvari briqadasının (üç alaydan ibarət), istehkam taborunun, süvari batareyanın və digər bölmələrin təşkili planlaşdırılırdı. Rusiya ordusunda hərbi xidmətdə olmuş yüksək rütbəli azərbaycanlı zabitlərin hesabına bu strukturun komandir heyətini qismən də olsa komplektləşdirmək mümkün oldu. Korpusun 1-ci piyada diviziyasının komandiri vəzifəsinə general-mayor Xəlil bəy Talışınski, 2-ci piyada diviziyasının komandiri vəzifəsinə general-mayor İbrahim ağa Usubov təyin edildi. 1-ci piyada diviziyasının tam şəkildə komplektləşdirilməmiş qərargahı Bakı şəhərinə köçürüldü və İsmailiyyə binasında yerləşdirildi
Təşkil edilməkdə olan hərbi strukturlarda xidmət edəcək kiçik zabit heyəti çatışmazlığı korpus komandanlığı tərəfindən milli hərbi məktəbin açılmasını zəruri etdi. Əvvəlcə bu məktəbin əsasnaməsi hazırlandı və onun fəaliyyətə başlanılmasına razılıq üçün Zaqafqaziya Komissarlığına müraciət edildi. Həmin əsasnamədə bildirilirdi ki, hərbi strukturlarda kiçik zabit kadrlarınnı olmaması xidmətin təşkilini xeyli çətinləşdirir və nəzərdə tutulur ki, bu problemin həlli üçün Bakı şəhərində 1-ci piyada diviziyasının nəzdində belə bir məktəb açılsın. Bu məktəbdə müsəlmanların təhsil almasına üstünlük verilməli idi. 18–25 yaş arasında olan gənclər dördillik ibtidai təhsillə bu məktəbə daxil ola bilərdilər. Qəbul üçün müraciət edən azərbaycanlı gənclərin sayı yetərsay olmadığı halda Cənubi Qafqazda yaşayan rusların da bu məktəbə daxil olmasına icazə verilirdi.
Hərbi məktəb 100 (yüz) nəfər gəncin təhsil alması üçün nəzərdə tutulurdu. Məktəbə fiziki baxımdan sağlam olan gənclər qəbul edilməli idi. Yəni məktəbə təhsil almaq arzusunda olanlar arasında seçim aparılmalı, onların ilkin ibtidai təhsili uyğun sənədlərlə təsdiqlənməli və fiziki baxımdan sağlam olması yoxlanmalı idi. Məktəbə qəbul edilənlər “yunker” adlanmalı idilər. Yunkerlər üç ay ərzində təsdiq olunmuş proqram üzrə təhsil almalı və təhsil müddətinin sonunda sınaq imtahanları verməli idilər. İmtahanlardan müvəffəq qiymət alanlar hərbi geyimlə, silahla, 50 (əlli) rubl həcmində təqaüdlə təmin edilməli idilər. Bu təqaüdlə müdavimlər özlərinə xidmət üçün zəruri olan əşyaları almalı idilər.
Zaqafqaziya Komissarlığı Müsəlman Korpusu tərəfindən verilən bu təklifi dəstəklədi və 1918-ci il mart ayının 1-də Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinski tərəfindən poruçik Nəsirbəyov ilk milli hərbi məktəbin rəisi təyin eidldi. Elə həmin gün də məktəbin Dəftərxanasının fəaliyyətə başlaması haqqında əmr verildi.
Dövrün sənədlərində bu məktəb Milli Hərbiyyə Məktəbi (rusca olan arxiv sənədlərində isə “Мусульманская школа подпрапоршиков” adlanır). Müsəlman korpusunda çar Rusiyası Ordusunda olan hərbi rütbə sistemi qüvvədə saxlanıldığından həmin sistemə əsasən, “praporşik” hərbi rütbəsi ilkin zabit rütbəsi (müasir dövrə uyğun olaraq, “kiçik leytenant”) idi. Milli Hərbiyyə Məktəbini bitirənlərə ilkin zabit rütbəsi verilmirdi. Onlar iki dərəcə üzrə məktəbdən məzun olaraq, hissə və bölmələrə kiçik komandir vəzifələrini tutmalı idilər. Birinci dərəcə üzrə məzun olmuş heyət “podporuçik” ştat kateqoriyalı vəzifəyə təyin edilə və 8 (səkkiz) ay bu vəzifədə xidmət etdikdən sonra ilkin zabit rütbəsi olan “praporşik” hərbi rütbəsinə layiq görülə birlədilər. İkinci dərəcə üzrə məzun olanlar isə əvvəlcə 2 ay çavuş vəzifələrində hərbi xidmət keçməli, daha sonra “podporuçik” ştat kateqoriyalı vəzifəyə təyin edilməli idilər. Həmin vəzifələrdə 8 (səkkiz) ay hərbi xidmət keçdikdən sonra ilkin zabit rütbəsinə layiq görülə bilərdilər.
Beləliklə, Milli Hərbiyyə Məktəbi 1918-ci il mart ayının 1-dən fəaliyyətə başladı. Elə həmin gündən etibarən məktəbin həm zabit həm də yunker heyətinin toplanmasına başlandı. 1918-ci il mart ayının son günlərində bolşevik-daşnak qüvvələrinin Bakı şəhərində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirməsindən sonra Milli Hərbiyyə Məktəbinin bu şəhərdə fəaliyyət göstərməsi qeyri-mümkün olduğu və Müsəlman Korpusunu komandanlığı tərəfindən həmin məktəbi Gəncə şəhərinə köçürülməsinə qərar verildi. 2 aprel 1918-ci il tarixdə Milli Hərbiyyə Məktəbi Gəncə şəhərinə köçürüldü və həmin ayın 8-də Gəncənin mərkəzindəki sənət məktəbinə yerləşdirildi.
Ancaq Gəncədə Milli Hərbiyyə Məktəbinin fəaliyyətini dərhal bərpa etmək mümkün olmadı. Çünki Azərbaycan xalqınını milli-azadlıq hərəkatının genişlənməsini istəməyən və bütün Azərbaycanı nəzarət altına almaq istəyən bolşevik və erməni-daşnak qüvvələri Bakı şəhərindən milli qırğınları həyata keçirdikdən sonra Gəncə şəhərinə doğru irəliləməyə başladılar. Məqsəd də bu idi ki, Gəncə şəhərində mərkəzləşmiş Azərbaycanın milli qüvvələri məhv edilsin və Gəncə də daxil olmaqla bütün Azərbaycan nəzarət altına alınsın. Ona görə də Milli Hərbiyyə Məktəbinin zabit heyəti Azərbaycanın azsaylı milli qüvvələri tərkibində bolşevik-daşnak qoşunlarına qarşı mübarizəyə göndərildilər.
Bununla belə, istər Müsəlman Korpusunun komandanlığı, istərsə də Azərbaycanın milli-azadlıq hərəkatının fəalları anlayırdılar ki, yeni və güclü milli ordunun təşkili üçün milli hərbi kadrlarının yetişdirilməsi vacibdir. Məhz bu səbəbdən poruçik Nəsirbəyov hərbi əməliyyatlardan geri çağırıldı və ona Milli Hərbiyyə Məktəbinin fəaliyyətinin bərpa edilməsi tapşırıldı. Poruçik Nəsirbəyovun geri çağrılması ilə Milli Hərbiyyə Məktəbinin Dəftərxanası 1918-ci il may ayının 10-da yenidən fəaliyətə başladı. Lakin təşkilati işlərlə əlaqədar olaraq Milli Hərbiyyə Məktəbində tədris 1918-ci il iyun ayının əvvəlində bərpa edildi.
Qafqaz İslam Ordusu dövründə Milli Hərbiyyə Məktəbinin fəaliyyəti
1918-ci ilin may ayının 28-də Azərbaycan xalqı öz müstəqilliyini elan etdi. Bu müstəqillik Azərbaycan xalqı üçün kifayət qədər mürəkkəb hərbi-siyasi bir şəraitdə elan edilmişdi və bunu qəbul etməyən bolşevik və erməni-daşnak qüvvələrinin yaratdığı real hərbi təhlükənin qarşısını almaq üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Osmanlı dövlətinə müraciət etdi. Osmanlı dövləti də 1918-ci il iyun ayının 4-də iki dövlət arasında imzalanmış dostluq müqaviləsinin 4-cü bəndinə əsasən Azərbaycana məhdud sayda hərbi qüvvələr göndərdi. Bu hərbi qüvvələrlə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu adlanan bir birlik yaradıldı. Türk zabiti general-leytenant Nuru paşa bu Ordunun komandanı, general-leytenant Əliağa Şıxlinski isə onun müavini təyin edildi.
Qafqaz İslam Ordusunun təşkilindən sonra Milli Hərbiyyə Məktəbinin fəaliyyətində də bir canlanma yarandı. Osmanlı zabiti olan polkovnik Atif bəy bu məktəbin rəisi təyin edildi. Onun rəhbərliyi altında məktəbdə dərslərin aparılmasına azərbaycanlı zabitlərdən əlavə, Osmanlı zabitləri də cəlb edildi. Məktəbin qarşısında belə bir vəzifə qoyulmuşdu ki, məzunlar, əsasən, piyada və süvari ixtisasları üzrə taqım komandiri vəzifələrini icra etməyə hazır olsunlar.
Məhz bununla əlaqədar olaraq tədris proqramında yunkerlərə qarşı bir sıra tələblər irəli sürülürdü:
‒ müasir dövrdə müharibənin tələblərinə uyğun hərbi hazırlığa malik olmaq;
‒ manqa və taqım tərkibində hücum açılışı vəziyyətində hücuma keçməyi və bu döyüş düzlüşündə bölmələrin idarə edilməsi təcrübəsini əldə etmək;
‒ müxtəlif döyüş şəraitində bölmələri idarəetmə bacarığına malik olmaq;
‒ sıra, manqa və taqımın döyüş düzülüşündə döyüş atışlarını icra etmək, istifadədə olan silahların atəş xüsusiyyətlərinə bələd olmaq və onlardan istifadəni bacarmaq.
Məktəbdə yunkerlərə verilən nəzəri biliklər praktiki dərslərlə tamamlanmalı idi. Həmin praktiki dərslərə idi: 1) qumbara təlimləri; 2) silahı doldurma, nişanalma və atəş təlimləri; 3) ərazi təsnifatı təlimləri; 4) mübarizə təlimləri; 5) kimyəvi qazlardan mühafizə geyimlərindən istifadə edilməsi təliməri; 6) gecə təlimləri; 7) rabitə təlimləri.
1918-ci il avqust ayında Milli Hərbiyyə Məktəbinin nəzdində çavuş hazırlığı kursu da açıldı. Arxiv sənədlərində bu kurs – ehtiyat zabit namizədləri təlimgahı kimi göstərilmişdir. Bu məktəbin açılmasında məqsəd bölmələrin idarə edilməsinə xüsusi yeri olan çavuş heyətinin hazırlanması idi. Çavuş heyətinin olmaması səbəbindən onlara aid olan vəzifələri kiçik zabit heyəti icra etməli olurdu.
Zabit heyətinin çatışmadığı bir vaxtda onların bir hissəsinin çavuş vəzifəsinin icrasına cəlb edilməsi isə hissələrin zabit kadrlarla təminatını bir qədər də çətinləşdirirdi. Həmin “Təlimgahın Əsasnaməsi” belə hazırlanmışdı. Əsasnaməyə əsasən təlimgahda həqiqi hərbi xidmət yaşına çatmış gənclər təhsil ala bilərdi. Təhsil almaq istəyən gənclər çağırış məntəqələrinə müraciət etməli və onların göndərişi ilə Təlimgaha gəlməli idilər. təlimgahda təhsil dörd ay davam etməli idi. Bu təhsil müddəti üç dövürə bölünürdü: birinci dövrə – başlanğıc dövrə, ikinci dövrə – böyük təlim dövrəsi, üçüncü dövr isə idarəçilik dövrü adlanırdı. Gənclər bölmələrin idarə edilməsi işinə hazırlaşdırılmalı idilər. Təhsilin sonunda gənclərin biliyi və bacarığı üç dərəcə üzrə qiymətləndirilməli, əldə etdikləri dərəcələrə görə onlara həqiqi hərbi xidmətə qəbul zamanı uyğun güzəştlər edilməli idi. Birinci dərəcə üzrə 3təlimgahı bitirənlərə “baş çavuş”, ikinci dərəcə üzrə “çavuş” və üçüncü dərəcə üzrə olanlara isə “onbaşı” hərbi rütbəsi verilirdi.
Milli Hərbiyə Məktəbinin ilk buraxılışı
Milli Hərbiyyə Məktəbində təhsil 1918-ci il oktyabr ayının sonlarına kimi davam etdi. Azərbaycanda yenicə fəaliyyətə başlamış bu milli hərbi məktəbinin ilk buraxılışı respublika səviyyəsində çox böyük sevinc və təntənə ilə qeyd edildi. Məktəbin rəisi polkovnik Atif bəy oktyabr ayının 24-də məktubla Əlahiddə Azərbaycan Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskiyə müraciət edərək onun özünü və digər rəsmi şəxsləri buraxılış mərasiminə dəvət etdi. Həmin dəvətə əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin Maarif naziri Nəsib bəy Yusifbəyli, Hökumət naziri Musa bəy Rəfiyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Mehdi bəy Hacınski, Azərbaycana qonaq gəlmiş olan Nuru paşanın atası Hacı Əhməd paşa, general-leytenant Əliağa Şıxlinski, 2-ci Azərbaycan piyada diviziyasının komandiri polkovnik Nazim bəy, polkovnik Seyfulla Mirzə Qacar, polkovnik Həmid Məmmədov və digər şəxslər buraxılış mərasimində iştirak etmək üçün Gəncəyə yola düşdülər. Bu nümayəndə heyəti oktyabr ayının 26-da Gəncə şəhərinin girişində Gəncə qubernatoru İbrahim ağa Vəkilov, şəhər bələdiyyə başçısı Ələsgər bəy Xasməmmədov və Gəncə komendantı Salman Fəthi bəy tərəfindən qarşılandılar.
Oktyabr ayının 27-də məktəbin buraxılış imtahanı keçirildi. İmtahanlar məktəbin şəxsi heyətinin sıra düzülüşündən başladı. Generel-leytenant Əliağa Şıxlinski məktəbin şəxsi heyətini salamladı. Dövrün mətbuatında verilən məlumata görə şəxsi heyət də gur səslə general-leytenant Əliağa Şıxlinskinin salamına cavab verdi. Bundan sonra isə imtahanlara başlanması barəsində göstəriş verildi. Bu imtahanlar şəhər kənarında keçirilirdi. Mövcud məlumatlarda görə, səhər saat 8-də başlayan imtahanların günorta saat 2-yə qədər davam etdiyi bildirilir.
Yunkerlərin buraxılış imtahanları aşağıdakı proqram üzrə təşkil edilmişdi:
1) Komandir heyətinə təqdim olunma;
2) Yerində sıra təlimi;
3) Hərbi əməliyyatlarda hərəkət çevikliyi;
4) Süngü döyüşü;
5) Müxtəlif məsafələrə atəş, nişanalma;
6) Düşmən hücumunun qarşısının alınması;
7) Qumbara atışı;
8) Hərbi gimnastika;
9) Qumbaranın səngərlərdən atışı;
10) Fitil qoyulmuş qumbaranın yaxınlaşmaqda olan düşmənə tərəf atılması;
11) Tikanlı-məftilli maneələrin qumbara və qayçı ilə məhv edilməsi;
12) Pulemyotçu dəstələrin hücumunun qarşısının alınması, səngərin döyüş hazırlığı; vəziyyətinə gətirilməsi və doldurulmuş kisələrlə maneələrin yaradılması;
13) Atış komandaları;
14) Bayraqlarla işarə verilməsi;
15) Hissələrin səngərlərdə və açıq sahədə yerləşməsi;
16) Silah və təchizatın sökülməsi və yığılması;
17) Raport verilməsi qaydaları;
18) Manevretmə.
“Azərbaycan” qəzeti imtahanların gedişini belə təsvir edirdi: “Məşq başlandı, proqram üzrə tam dəstgahlar görsəndi. İnsanı heyrətə salan bir hal qumbara müharibəsi idi. Belə bir müharibə Azərbaycanın paytaxtı Bakının alınmasını təşbih (oxşar) göstərirdi. Cavan balalar nişan tərəfə ən əvvəl saxta (süni) qumbaralar atdılar. Ondan sonra həqiqi qumbara atılması başlandı. Göyün üzünü tüstüdən duman tutdu, gurhagur başlandı. Bütün şəhər və ətrafına zəlzələ misalı səs düşdü. İnsanın tükləri biz-biz dururdu. Necə ki, yüz qumbara partladı, paytaxtın alınmasının şəkli görsəndi. Ondan sonra (fuqaslarla) telli (simli) yollara bombalar atıldı. Yavaş-yavaş yeriyib telləri qayçılarla kəsmək görsəndi. İnsan heyran olurdu. Sonradan yenə sipərlər alıb orada istehkamat yapmaq rəsmi görsəndi. Bu dəxi qumbara ilə atəşlənirdi. Fənni-hərb qanunu üzrə ən mühüm məsələ fuqasları almaqdır. Bu məsələdə böyük bir məharət göstərdik. Heyət gördüklərini lazımınca təqdir edərək hər imtahanı dəftərə səbt edib yazırdı. Qumbaralar açılan zaman heyət və tamaşaçılar üç yüz addım fasilədə durmaqda idilər. Bunlar qurtardıqda qaz buraxılmaq və ondan nə növ ilə mühafizə olunmaq elmi görsəndi. Cavan balalar gözəlcə, ən ədəbi bir türk lisanında bəyanat verdilər”
“Azərbaycan” qəzeti daha sonra xəbər verirdi ki, arada imtahanlara fasilə verilirdi ki, yunkerlər və qonaqlar istirahət etsinlər. Bu zaman yunkerlərdən biri tarda Azərbaycan təranələri ifa etməyə başladı. Digər yunkerlər isə rəqs etdilər. İstirahət dəqiqələri bitincə tabor komandiri Tufan bəy növbəti imtahana başlamaq haqqında əmr verdi. Əvvəlcə silahdan istifadə bilikləri yoxlandı. Məqalə müəllifi yunkerlərin göstərdiyi bilik və məharəti insan xəyalnın dərk edə bilmədiyi bir hal kimi dəyərləndirdi. Sonra taktiki təlimlər yerinə yetirildi. Yunkerlər iki dəstəyə bölündü və onlara qarşıdakı yüksəkliyi ələ keçirmək tapşırığı verildi. Bu tapşırığın icra edilməsi üçün yunkerlər bir-biri ilə iki saat “döyüşdülər”. Taktiki yoxlamalar bitəndən sonra yunkerlər şeypurların sədası altında öz bayraqları ilə toplanış məntəqəsinə cəm oldular. “Azərbaycan” qəzetinin yazdığına görə, imtahanların sonuna yaxın Əliağa Şıxlinskinin səhhətində problem özünü göstərdi. Ona görə də o, yunkerlər qarşısında çıxış edə bilmədi. Yunkerlər qarşısında ilk olaraq Əlahiddə Azərbaycanın korpusunun 2-ci piyada diviziyasının komandiri polkovnik Nazim bəy çıxış etdi. Nazim bəy Azərbaycana Qafqaz İslam Ordusunun qərargah rəisi kimi gəlmişdi. Lakin sonradan Azərbaycan Ordusunun təşkilatlandırılmasını sürətləndirmək üçün 2-ci piyada diviziyasının komandiri təyin edilmişdi. O, yunkerlər qarşısındakı çıxışında dedi: “Əfəndilər, bu gün Azərbaycanın həyatında ən şadlı bir gündür. Biz sizlərin qardaşları olduğumuz halda uzaq yerdən gəlib sizi böylə bir istedad sahibi gördükdə ən səmimi qəlblə fərəhnak olub sizi bu günlə deyil, vəli gələcək ilə təbrik edirəm. Mən kəndim müharibə tərəfdarı olmayıb da sülh və səlah tərəfdarıyam. Lakin hazır ola cəngə, əgər istərisən sülh və səbat mucibincə. Kimsə ki, sülh istər, labüd cəngə hazırlaşmalıdır. Çünki insan hərbə hazır olursa, bir kimsə ona təərrüz edəməz. Bu gün, əfəndilər, sizin böylə bir fənni-hərbə aşina olduğunuza mən çox şad oluram və ümidim budur ki, Azərbaycan hökumətinin müqtədir bir zabit və əsgərləri olacaqsınız və gələcəkdə dəxi Vətəninizi müdafiə edə biləcəksiniz. Açıq bir məsələdir, Vətəni müdafiə etmək üçün qüvvə təşkili lazım gəliyor və siz dəxi bu qüvvəyə malik oldunuz. Bu gün mən Azərbaycan hökumətini böylə bir cavanların meydana çıxması ilə təbrik ediyorum. Əmin olunuz ki, sizlər ilə gələcəkdə hökumət iftixar edəcəkdir”.
Bu mərasimdə Cümhuriyyət hökumətinin Maarif naziri Nəsib bəy Yusifbəyli də maraqlı bir çıxış etdi. Azərbaycanın ilk milli hərbi məktəbinin ilk uğurlu buraxılışına sevincini gizlədə bilməyən Nəsib bəy Yusifbəyli dedi: “Övladlarım, hökumət mənim dilimlə sizə salam göndərdi və bir neçə söz ərz etməyi mənə buyurdu. Hökumətin fikrincə millətin və Azərbaycanın istiqbalı sizin əllərinizdədir. Əgər sizin arzu etdiyiniz ordunun təşkilinə səbəb olsa millətin istiqbalı təmin ediləcəkdir. Bu gün gördüyüm hünərləriniz buna inam verir söyləməyə və hökumətə xəbər aparmağa ki, xatircəm ola biliriz ki, istiqbalımız təmin olunacaq. Az bir zamanda sizin göstərdikləriniz dünyanın ən zəki, ən mədəni millətlərinin balalarının belə göstərə bilməyəcəyi hünərlərdir. Şad olduq, yaşayın ki, siz bu gün öz hökumətinizi şad eylədiniz və uzaq mənzillərdən gəlmiş bizim türk qardaşlarımızın ümidlərini zaye etmədiniz. Onların səy və təlaşları hədər getmədi. Yaşayın və millət dəxisizin sayənizdə yaşaya bilsin”. Sonra nazir həzrətləri üzünü Nuru paşanın pədəri Əhməd paşa həzrətlərinə tutub dedi: “Paşa həzrətləri! Bu gün banisi sizin övladlarınız Ənvər və Nuru paşalar həzrətləri olan Azərbaycanın mumiəleyh paşalara böyük ehtiramı var. Ümum türk aləmi, ba xüsus Azərbaycanın boynunda onlar böyük haqqlar qoyublar ki, heç bir zaman millətin qəlbindən və damağından xatiratı silinməyəcəkdir. Bu iki övlada malik olan pədər bütün dünyada alnıaçıq, başı yüksək gəzə və iftixar edə bilər. Sizin kimi məsud atalara az təsadüf edilər. Yaşasın Əhməd paşa və əziz övladı”.
Elə həmin gün şəhər bələdiyyə rəisi Xasməmmədov Mili Hərbiyyə Məktəbinin ilk buraxılışı münasibətilə böyük və təntənəli bir ziyafət təşkil etdi. Bu ziyafətdə də Xasməmmədov, Maarif naziri Nəsib bəy Yusifbəyli, Daxili İşlər Nazirliyinin nümayəndəsi Məmməd Hacınski, Azərbaycanın 2-ci piyada diviziyasının komandiri Nazim bəy çıxış etdilər. Onlar bir daha Milli Hərbiyyə Məktəbinin buraxılışı münasibətilə öz ürək sözlərini açıqladılar.
Cümhuriyyət Hərbi nazirinin əmrlər toplusunun təhlili zamanı Milli Hərbiyyə Məktəbinin ilk məzunlarının 156 (yüz əlli altı) nəfərin tam adını və eləcə də hansı ixtisaslar üzrə buraxıldığını müəyyənləşdirmək mümkün olub. Belə ki, həmin əmrlərdə olan məlumatlara əsasən 156 nəfər yunkerlərdən 129 nəfəri “piyada”, 24 nəfəri “artilleriya”, 3 nəfəri isə “süvari” ixtisası üzrə Milli Hərbiyyə Məktəbini bitirmişdir. Bu mütəxəssislərin ixtisasları üzrə hərbi hissələrə təyinatı isə Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin bərpasından sonra baş verdi. Hərbi Nazirlik üzrə müvafiq əmr 1918-ciil noyabr ayının 18-də imzalandı və bununla Cümhuriyyət Ordusu 156 nəfər yeni milli zabit kadr heyətinə yiyələnmiş oldu.
Nəticə
Milli Hərbiyyə Məktəbinin təşkilinə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən əvvəl başlansa da, onun normal fəaliyyəti müstəqillik dövrünə təsadüf edir. Belə bir məktəbin yaradılması və milli hərbçi kadrların yetişdirilməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi. Azərbaycan hökuməti də, Azərbaycanın milli-azadlıq mübarizəsinin fəalları da yaxşı anlayırdılar ki, əldə edilmiş müstəqilliyin qorunmasını və müdafiəsini yalnız güclü milli orduya malik olmaqla həyata keçirmək mümkündür. Belə bir ordunun təşkilatlandırılması isə milli hərbi kadrların mövcudluğu ilə bağlıdır. Milli Hərbiyyə Məktəbi bu məqsədə xidmət edən bir hərbi təhsil ocağı idi. Bu məktəbin fəaliyyətə başlaması ilə Azərbaycanda milli hərbi təhsilin də başlanğıcı qoyuldu. Qafqaz İslam Ordusunun ləğvindən sonra Milli Hərbiyyə Məktəbinin statusu daha da qaldırıldı və bu məktəb 1919-cu ilin oktyabr ayında Bakı şəhərinə köçürüldü. Qeyd edilməlidir ki, əsası Milli Hərbiyyə Məktəbi ilə qoyulan milli hərbi təhsilin daha yüksək səviyyədə davam etdirilməsi sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə 500-dən artıq milli hərbçi kadr yetişdirmək mümkün olub və bu da milli ordunun formalaşdırılmasında böyük rol oynayıb.
Polkovnik Atamalı Şahbazov, Silahlı Qüvvələrin Hərbi Akademiyası
Ordu.az