Son Dünya müharibəsindən sonra ən böyük toqquşma ehtimalı: Sanksiyalar vəziyyəti xilas etməyəcək

2018/11/15040-6173921964.jpg
Oxunub: 1304     15:11     28 Yanvar 2022    
Artıq ötən gün ABŞ və NATO Rusiyanın tələblərini rədd etdilər, lakin onlar dialoqu davam etdirməyə hazır olduqlarını elan etdilər. Həmin gün, bütün dünya Rusiya-Qərb münasibətləri ilə bağlı bəyanatlara diqqət yetirirdi.

Vaşinqton Rusiyanın NATO-nun şərqdə daha da genişlənməsinin qarşısını almaq və Kiyevin Alyansa üzvlüyündən imtina edilməsi tələbini rədd edib. ABŞ hökuməti yazılı cavabını Rusiya tərəfinə çatdırıb. ABŞ-ın dövlət katibi Entoni Blinken jurnalistlərə verdiyi açıqlamada, Birləşmiş Ştatların NATO-nun açıq qapı siyasətini dəstəkləməkdə davam etdiyini vurğulayaraq, “top onların meydançasındadır” deyə bildirdi.

Blinkenin sözlərinə görə, ABŞ yazılı cavabında Moskvaya aydın şəkildə bildirib ki, “bunlar ABŞ-ın riayət etməyə sadiq olduğu fundamental prinsiplərdir”. Amerika rəsmisinin sözlərinə görə, həmin prinsiplərdən biri də Ukraynanın suverenliyi və ərazi bütövlüyü, habelə dövlətin qoşulmaq istədiyi bloku müstəqil seçmək hüququdur.

Entoni Blinken deyib ki, Moskvaya göndərilən və həm Ukrayna, həm də onun Avropalı müttəfiqləri ilə razılaşdırılan məktub Vaşinqton nüvə silahlarının nizamlanması, hərbi təlimlər və hücum silahlarının yerləşdirilməsi ilə bağlı bəzi təklifləri ehtiva edir. Onlar Rusiya tərəfinə yaxşı tanışdır, amerikalı diplomatlar bu barədə Rusiya rəsmiləri ilə son həftələrdəki müzakirələrdə danışıblar.

Beynəlxalq KİV-in məlumatına görə, ABŞ dövlət katibi Ukrayna ilə sərhəddə on minlərlə hərbçi və ağır hərbi texnika toplayan Rusiyanı Kiyevə qarşı hərbi təcavüzdən çəkinməyə çağırıb və belə bir ehtimalın yüksək olduğunu bildirib. ABŞ dövlət katibi bir daha bəyan edib ki, ABŞ Ukraynaya qarşı təcavüz edəcəyi təqdirdə Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq etməyə hazırdır. ABŞ-ın diplomatiyaya üstünlük verdiyini vurğulayan Blinken qeyd edib ki, ABŞ vəziyyətin istənilən dəyişikliyinə hazırdır.

Şimali Atlantika hərbi alyansının cavabı da Moskvaya çatıb. NATO-nun baş katibi Yens Stoltenberq istənilən ölkənin hansı alyansa, necə qoşulacağına özlərinin qərar verdiyini bir daha bəyan edib. Həmçinin Rusiya tərəfinin bütün narahatlıqlarını dinləməyə hazır olduqlarını bildirib. Stoltenberq bildirib ki, bütün fikir ayrılıqları dialoq və diplomatiya yolu ilə həll edilə bilər. “NATO müdafiə ittifaqıdır” deyən Stoltenberq təşkilatın qarşıdurma axtarmadığını, lakin “müttəfiqləri qorumaq üçün istənilən vasitədən istifadə edəcəyini, öz hərəkətlərini Ukrayna rəhbərliyi ilə əlaqələndirmək niyyətində olduğunu” xatırladıb. “Biz müsbət nəticəyə ümid edirik, lakin biz ən pis ssenariyə hazırıq, biz artıq qüvvələrimizin hazırlığını artırmışıq”, - deyə Stoltenberq bildirib.

Beləliklə, ABŞ və NATO Rusiyanın təkliflərinə cavab verib. Dövlət Dumasının plenar iclasında çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ABŞ-ın təhlükəsizlik zəmanətlərinə cavabını dərc etməyəcək, lakin Vaşinqtonun cavabının mahiyyəti və məzmunu ictimaiyyətə çatdırılacaq: “Biz istənilən inkişafa hazırıq”.

Dmirti Medvedyev Rusiya mediasına müsahibəsində bildirib ki, Rusiyanın praktik olaraq bəyan etdiyi təhlükəsizlikdən geri çəkilməsi üçün sərhədləri tükənib: “Geri çəkilmək üçün heç bir yer yoxdur, gerisi Moskvanın arxasındadır”. Medvedyev onu da əlavə edib ki, NATO artıq onlara doğru irəliləyir, qırmızı xətlər çox yaxındır. O hesab edir ki, NATO-nun şərqə doğru irəliləməsi Rusiyanın milli təhlükəsizliyinə real təhlükədir.

O bildirib ki, Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik sənədləri sərt deyil, çox konkretdir.

Ukrayna ilə bağlı Rusiya-Qərb gərginliyi ən yüksək həddə çatıb. Dünya Üçüncü Dünya müharibəsinin astanasında görünür. Belə təəssürat yaranır ki, Qərb Rusiyanı hücuma sövq edir.

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsi halında Rusiya lideri Vladimir Putinə qarşı şəxsi sanksiyaların tətbiqini müzakirə etməyə hazır olduğunu açıqladı. Jurnalistin “ona qarşı sanksiyalar tətbiq edəcəksiniz?” sualına Bayden müsbət cavab verib. Üstəlik, Ağ Ev rəhbəri 8,5 min amerikalı hərbçinin Şərqi Avropa ölkələrinə göndərilməsinin sürətləndirilməsinin mümkünlüyünü istisna etməyib, eyni zamanda bu qüvvələrin NATO-ya üzv dövlətlərdə yerləşdiriləcəyini və hərbi əməliyyatlarda iştirak etməyəcəyini bir daha vurğulayıb.

“Bu qüvvələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib. Mən prezident Putinə bəyan etdim ki, bizim NATO-dakı müttəfiqlərimiz qarşısında müqəddəs borcumuz var. Buna heç bir NATO üzvü şübhə etməməlidir, biz alyans olaraq istənilən üzvü müdafiə etməyə hazırıq”, - deyə o qeyd edib.

Moskva isə Putinə qarşı mümkün sanksiyalara sərt reaksiya verir. Həm Rusiya hakimiyyəti, həm də onların yaxın biznesmenləri mütəmadi olaraq Qərb ölkələrinin qara siyahısına düşüblər, lakin prezidentin özü siyahıda olmayıb. Vaşinqton bu günə kimi Venesuela prezidenti Nikolas Maduro və Liviyanın keçmiş prezidenti Müəmmər Qəddafi, Suriya prezidenti Bəşər Əsəd kimi tanınmış diktator liderlərin işində belə bir addım atıb. Vladimir Putinin bu siyahıya salınması ehtimalına cavab olaraq onun mətbuat katibi Dmitri Peskov bunun dağıdıcı addım olacağını, lakin ağrılı olmadığını bildirib.

“Putinə qarşı mümkün sanksiyalardan danışan amerikalı siyasətçilərin bu məsələdə kifayət qədər təcrübəsi yoxdur”, - deyə Peskov bildirib. Bundan əvvəl Rusiya tərəfi Vaşinqtondan bu həftənin sonuna qədər təhlükəsizlik zəmanəti tələblərinə yazılı cavab gözlədiyini açıqlamışdı. Moskva ABŞ-dan tələb edir ki, Ukrayna və Gürcüstan heç vaxt NATO-ya üzv olmamalıdır.

Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışında Vaşinqtona yeni xəbərdarlıq etmişdi. Əgər konstruktiv cavab olmasa, Moskva cavab verəcək”. Lavrov həmin gün cavabın nə oldacağını dəqiqləşdirməsə də, bugünkü açıqlamasında bəzi məsələlərə toxunub: “Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar paketi tətbiq etməsi ABŞ və Rusiya arasında münasibətləri kəsməyə bərabər olacaq. Bu barədə bir neçə dəfə deyilib”.

Lavrov Rusiyanın ABŞ və NATO ilə apardığı müzakirələrə də toxunub. “ABŞ və NATO ilə danışıqların başa çatdığını deyə bilmərəm. Hazırda Şimali Atlantika Alyansı ilə razılaşmada əldə olunmuş sadə təkliflər öyrənilir”, - nazir söyləyib.

Qərb analitiklərinin fikrincə, bu gün Ukrayna ətrafında baş verənlər İkinci Dünya Müharibəsindən sonra ən ciddi böhrandır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin