Qırğızıstan Tacikistanla sərhəddən əlavə hərbçilərini və texnikasını çıxarıb - YENİLƏNİB - 14

2022/01/34645-1643443637.jpg
Oxunub: 3577     13:52     29 Yanvar 2022    
Qırğızıstan Tacikistanla sərhədə yerləşdirdiyi əlavə hərbçilərini və texnikasını çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə Tacikistan Sərhəd Xidmətindən məlumat verilib.

"Qırğızıstan tərəfi artıq sərhəd xəttindən daimi dislokasiya məntəqələrinə əlavə qüvvə və vasitələrin çıxarılmasını başa çatdırıb", - məlumatda bildirilib.

Hazırda dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət sabit olaraq qiymətləndirilir.

Vurğulanıb ki, yanvarın 29-da sərhəddə baş verən insidentlə bağlı iki ölkə nümayəndələrinin növbəti görüşü olub. Tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işini bərpa etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, yanvarın 28-də tərəflər arasında atışma olmuşdu. İnsidentə səbəb Qırğızıstanın İsfana və Batken şəhərlərini birləşdirən avtomobil yolunu tacik hərbçilərinin bağlaması olub.

****
Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saimumin Yatimov qırğızıstanlı həmkarı Kamçıbek Taşiyev ilə iki ölkənin sərhəddində baş vermiş silahlı münaqişəni müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Tacikistan informasiya agentliyi "Asia-Plus" məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, komitə rəhbərləri arasında təxminən iki saat davam edən görüşün sonunda heç bir protokol imzalanmayıb.

*****

ABŞ hökuməti Qırğız Respublikası ilə Tacikistan sərhədindəki son hadisələrdən narahatdır.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) tviter hesabında yazı paylaşıb:

“ABŞ Qırğızıstan-Tacikistan sərhədində zorakılığın yenidən başlanmasından dərin narahatlıq keçirir. Bizim düşüncələrimiz ölənlərin, onların ailələrinin, həmçinin bu zorakılıq üzündən köçməli olanların yanındadır. Biz bu həllini tapmamış sərhəd problemini danışıqlar yolu ilə həll etməyə, dinc qonşuluq üçün öhdəlik götürmələrinə çağırırıq”.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər.

****

Qırğız Respublikası Tacikistanla sərhəd münaqişəsi bölgəsində yerləşən kəndlərdən 24 237 sakini təxliyə edib.

Ordu.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının FHN-i məlumat yayıb.

Məlumata görə, təxliyə olunan vətəndaşlar müvəqqəti sığınacaqlarda və qohumlarının evlərində yerləşdirilir. Onların qida məhsulları və digər zəruri əşyalarla təmin olunduğu bildirilir.

****

Qırğızıstanla sərhəddə baş verən toqquşmada Tacikistanın iki vətəndaşı həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Tacikistan sərhəd qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, toqquşmada İsfar mərkəzi xəstəxanasının təcili tibbi yardım maşınının sürücüsü Abdulatif Şərifov və Xocai-Alo kənd sakini Obidjon Tuyçiyev ölüb.

****

28 yanvar yerli vaxtla saat 08:00-a olan məlumata görə, Qırğızıstan-Tacikistan dövlət sərhədinin Səmərqəndıq, Tort-Koço, Kok-Taş, Daxma, Koço-Boyu və Qolovnaya bölgələrində vəziyyət sabit qiymətləndirilir.

Ordu.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti bildirib.

Sərhəd Xidmətindən qeyd olunub: "Gecə insidentsiz sakit keçib. Vəziyyətə nəzarət və monitorinqi Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti həyata keçirir".

****

Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla sərhəddə vəziyyəti nəzarətdə saxladığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə dövlət başçısı feysbuk sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Əziz qırğızıstanlılar! Sərhəddəki vəziyyət tamamilə mənim nəzarətimdədir. Allah qoysa, hər şeyi danışıqlar yolu ilə, sülh yolu ilə həll edəcəyik. Narahat olmayın", - ölkə lideri sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər. İki ölkənin sərhədində dünən baş verən atışma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qırğızıstan tərəfinin məlumatına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Lakin Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla törədildiyini bildirir.

****

Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşma nəticəsində Qırğızıstan tərəfdən 11 hərbi qulluqçu yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, dördündə qəlpə yaraları, ikisində güllə yarası qeydə alınıb:

"Yaralananların vəziyyəti orta ağır qiymətləndirilir".

****

Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Qırğızıstanın Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.

“Danışıqların yekunlarına görə aşağıdakı razılıqlar əldə olunub: tam atəşkəs haqqında; hər bir tərəfin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə çıxarılması haqqında, Batken-İsfana magistral yolu boyunca hərəkətin açılması, münaqişələrin qarşısının alınması üçün Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarının hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə patrul xidməti haqqında”, - mətbuat xidmətinin sözçüsü bildirib.

Onun sözlərinə görə, danışıqlarda Qırğızıstanın Batken vilayətinin və Tacikistanın Soqd vilayətinin qubernatorları, iki ölkənin sərhəd idarələrinin və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dünən Qırğızıstan və Tacikistan sərhədində atışma olub. Qarşıdurma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qırğızıstan tərəfinin məlumatına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Lakin Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla törədildiyini bildirir.

****

Qırğızıstanın Batken vilayətinin qubernatoru və Tacikistanın Soqdiysk əyalətinin qubernatorları arasında sərhəddəki atışma ilə bağlı danışıqlar başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

Qeyd edilir ki, tərəflər sərhəddə görüş keçirirlər.

“Qırğızıstan Respublikasının Sərhəd Xidmətinin İnformasiya və Rabitə İdarəsi bildirir ki, Qırğızıstan Respublikası Prezidentinin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsi A.Alimbayev və Qırğızıstan Respublikasının Sərhəd Xidmətinin Batken üzrə sərhəd nümayəndəsi, polkovnik K.Tolonbayev Tacikistanın Suqd vilayətinin qubernatoru və Tacikistan Respublikasının sərhəd nümayəndəsi ilə görüş keçirib. Görüş 28 yanvar 2022-ci il saat 01:43-də başlayıb və Batken vilayətinin Kak-Sai ərazisində keçirilir”, - xidmətin xəbərində deyilir.


****

Qırğızıstanla sərhəddə baş verən insident zamanı Tacikistan sakini həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Tacikistanın "ASIA-Plus" media qrupu məlumat yayıb.

Daha 17 tacikin yaralandığı bildirilir. Yaralananlardan üçü mülki şəxs, səkkizi isə hərbçidir.

****

Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində bir nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə "Sputnik Tacikistan" məlumat yayıb.

Həmçinin yaralananların sayı 6 nəfərə çatıb. Xəsarət alanların hamısı Tacikistan vətəndaşıdır.

Daha əvvəl üç tacik hərbçisinin yaralandığı bildirilirdi.

****

"Tacikistan tərəfi sərhəddə atəşkəs tələblərinə məhəl qoymur".

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

Qırğızıstan Sərhəd Xidməti bildirib ki, tacik hərbçiləri Qırğızıstanda elektrik xətləri və sərhəd postlarını atəşə tutur.

Qeyd edək ki, Tacikistanla sərhəddə vəziyyətin gərginləşməsindən sonra Qırğızıstanın Batken vilayətinin bir hissəsi işıqsız qalıb.

****

Qırğızıstanın Tacikistanla dövlət sərhədində vəziyyət gərgin olaraq səciyyələndirilir.

Ordu.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

İki ölkənin sərhəd xidmətlərinin nümayəndələri arasında aparılan danışıqların yekunlarına əsasən, Batken-İsfana yolunun həmin ərazidəki hissəsi yenidən açılıb.

Buna baxmayaraq, axşam saatlarında Tacikistan tərəfinin silahdan istifadə etməsi və Qırğızıstan Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd bölmələrini atəşə tutması səbəbindən vəziyyət daha da pisləşib.

Qırğızıstan və Tacikistan sərhəd qoşunlarının bölmələri arasında əsas atışmalar Tort-Koço və Çir-Dobo ərazilərində gedir. Tacikistan tərəfi minaatan və qumbaraatanlardan istifadə edir. Tacik mətbuatı 3 hərbçisinin yaralandığı barədə məlumat verib.

Tacikistanla sərhəddə yerləşən Qırğızıstan qəsəbələrinin sakinləri atışma səbəbindən evlərini tərk etməyə başlayıblar.

Atışma davam edir.

Yaranmış gərginliklə əlaqədar Qırğızıstan Operativ Qərargah yaradıb.

Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb. Qırğızıstan tərəfinin əmin etdiyi kimi, vəziyyət Qırğızıstan sərhədçilərinə qarşı Tacikistan tərəfinin silahdan istifadə etməsi səbəbindən daha da pisləşib.

****

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti Tacikistanla sərhəddə gərgin vəziyyət barədə məlumat yayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının zabitləri birtərəfli qaydada Batkenin bölməsini bağlayıblar.

Milli Təhlükəsizlik Dövlət Komitəsinin Batken vilayəti üzrə idarəsinin rəisi Kyyalbek Tolonbayev və Batken sərhəd dəstəsinin rəisi Rüstəm Mirşakirov həmin əraziyə gediblər. Sərhəd bölmələri gücləndirilmiş xidmət rejiminə keçirilib.

Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir, Sovet İttifaqının dağılmasından sonra sərhəddə onlarla mübahisəli hissələr qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan indiyədək komissiyaların və işçi qrupların iki yüzə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında bəzən münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   Tacikistan   Sərhəd   Atışma  


Bizi "telegram"da izləyin