Ermənistan prezidenti öz səlahiyyətlərini şəxsən məhdudlaşdırıb – Bəs o nədən şikayət edir?

2021/10/sarki-1633667023.jpg
Oxunub: 936     16:59     26 Yanvar 2022    
Ermənistan Prezidenti Armen Sarkisyanın istefası bir çoxları üçün gözlənilməz olsa da, bəziləri üçün belə deyildi. Hətta onun istefa üçün gücikdiyini deyənlər də var.

Ermənistanda konstitusiya dəyişikliklərinin elan olunduğunu nəzərə alsaq, müharibədən sonra istefa verməyən Sarksiyanın Nikol Paşinyanın vəzifədə qalması üçün əlindən gələni əsirgəmədiyi görünürdü. Sarkisyan son müsahibələrinin birində Ermənistanın yeni Konstitusiya qəbul edəcəyi təqdirdə dərhal istefa verməyə hazır olduğunu qeyd edib. Amma onun istefası konstitusiya dəyişikliklərinin həyata keçirilməsindən əvvəl baş verib, bu da indiki çətin mərhələdə yeni daxili siyasi vəziyyət yaradır.

Armen Sarkisyanın niyə indi getməyə qərar verməsi aktiv müzakirə obyektinə çevrilib. Birincisi, istefasını xalqın gözündə “legitimləşdirmək” üçün onun özünün təqdim etdiyi səbəblərə diqqət yetirmək lazımdır. Armen Sarkisyanın istefası mətnində Ermənistan prezidentinin böhranlı situasiyalarda xarici və daxili siyasi hadisələrə təsir etmək üçün indiki hakimiyyət sistemində kifayət qədər səlahiyyətlərə malik olmaması ilə bağlı əsaslandırma var. Armen Sarkisyanın fikrincə, prezident institutunun potensialından ölkənin xeyrinə istifadə etmək üçün konstitusiya aləti yox idi.

Armen Sarkisyan birinci dəfə deyil ki, hazırkı konstitusiyaya əsasən prezident institutuna lazımi səlahiyyətlər verilmədiyindən şikayətlənir. O, bu barədə çoxsaylı çıxışlarında və müsahibələrində dəfələrlə bəyan edib. O halda sual yaranır ki, o, məsələn, böhranlı vəziyyətlərdə, xüsusən də müharibədə məğlubiyyət nəticəsində Ermənistanın çox çətin vəziyyətə düşdüyü vaxtda nəyə görə vaxtından əvvəl istefa verməyib?

Yaxud ötən il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra öz fikrini bildirərək, inzibati resurslardan sui-istifadə və siyasi təzyiq nəticəsində hakimiyyətin mənimsənilməsindən şikayət edərək istefa verə bilərdi. Növbəti sual ondan ibarətdir ki, əgər Armen Sarkisyan Ermənistanın hazırkı konstitusiyasına görə prezident institutunun lazımi səlahiyyətlərə malik olmadığından, onun yalnız mərasim roluna malik olacağından şikayətlənirsə, o zaman niyə prezident postunu tutmağa razılıq verib? Məgər o vaxt konstitusiyada prezidentin səlahiyyətləri ilə bağlı hissəyə yaxşı bələd deyildi?

Təbii ki, yaxşı tanış idi. Və ən azı “mənə edilən təklifdən çıxış etdim, ona görə...” deməsi qəribədir, çünki belə bir vəzifəyə sadəcə şifahi razılaşma ilə əlavə səlahiyyətlər verilmir. Bunun üçün konstitusiya var. Digər tərəfdən, bu, Sarkisyanın erməni ictimaiyyəti qarşısında kifayət qədər dürüst olmadığını göstərir. Çünki bir çox erməni ekspertlərin fikrincə, konstitusiya ilə prezident institutuna verilən səlahiyyətlər prezidentin dövlət başçısı kimi fəaliyyət göstərməsi üçün kifayət idi.

Onun bu müddətdə prezident institutunu dəyərləndirə bilməməsi isə başqa məsələdir. Yaxud prezidentin səlahiyyətləri yox idisə, o zaman niyə ötən il Ermənistan Konstitusiya Məhkəməsi haqqında qanuna faktiki olaraq prezidentin səlahiyyətlərini məhdudlaşdıran əlavələr paketini imzaladı? Başqa sözlə, Sarkisyan şəxsən səlahiyyətlərini məhdudlaşdırıb. Bir sözlə, Armen Sarkisyan Ermənistan prezidenti kimi ölkənin daxili və xarici işlərində daha fəal rol oynamaq imkanına malik olub, lakin Sarkisyanın ona verilən rıçaqları tətbiq etməyə belə cəhd etməməsi başqa məsələdir. Belə çıxır ki, Armen Sarkisyanın istefa mətnində gətirdiyi bəhanələr inandırıcı deyil.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Sarkisyan  


Bizi "telegram"da izləyin