Ukrayna-Rusiya gərginliyi nə ilə nəticələnəcək?

2022/01/LGMBH-1643022642.jpg
Oxunub: 767     14:48     24 Yanvar 2022    
Ukrayna və Rusiya arasında hərbi gərginlik 2014-cü ildə Krım yarımadasının Rusiya tərəfindən ilhaqından sonra ən yüksək səviyyəyə çatıb. Rusiya Ukrayna sərhədlərinə 100 mindən artıq qoşun toplayıb. Qərb dövlətləri və Ukrayna Rusiyanın tezliklə yeni işğala başlayacağını düşünür. Dekabrda ABŞ kəşfiyyatı bildirib ki, Rusiya 2022-ci ilin əvvəlində Ukraynaya hərbi hücuma başlaya bilər.

Rusiyanın hərəkətlərindən narahat olan Qərb dövlətləri Ukraynaya hərbi yardımlar göndərib. Kanada və Böyük Britaniya Kiyevə xüsusi təyinatlı hərbi qulluqçular yerləşdirib. ABŞ başda olmaqla bir sıra NATO ölkələri Ukraynaya silahlar tədarük edib.

Bir neçə həftə əvvəl Qərb və Rusiya arasında təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar keçirilib. ABŞ-Rusiya, NATO-Rusiya, ATƏT-Rusiya formatında keçirilən 3 dialoq prosesi nəticəsiz qalıb.

Rusiya qoşunları Belarusla birgə hərbi təlimlərə başlayır. Moskva Belarusun qərb sərhəddində NATO üzvü olan Polşa və Litva və cənub cinahı yaxınlığında keçirləcək “Müttəfiqlərin Qətiyyəti” təlimləri üçün bu ölkəyə qoşun yeridib. Təlim çərçivəsində S-400 hava hücumundan müdafiə sistemi də Belarusa göndərilib.

Kreml işğal planlaşdırdığını inkar edir və iddia edir ki, NATO-nun Ukraynaya dəstəyi, o cümlədən silah təchizatı və hərbi təlimlərin artırılması Rusiyanın qərb cinahında təhəkələri artırıb. Rusiyanın Müdafiə Nazirliyi Ukrayna ilə həmsərhəd olan bölgədə “müntəzəm” qış hərbi təlimləri keçirdiyini bildirib.

Ukraynanın Rusiya ilə həmsərhəd olan şərqdəki Donbas adlandırılan Donetsk və Luqansk vilayətləri 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçıların nəzarətindədir. Ukraynanın “müvəqqəti olaraq işğal olunmuş ərazilər” adlandırdığı bölgədə Rusiya qüvvələri də var. Rusiya 2014-cü ildə ilhaq etdiyi Ukrayna ərazisi olan Krımdakı nəhəng dəniz bazasında sayı on minlərlə olan qüvvələr yerləşdirib.

Münaqişə ilə bağlı 5 il ərzində demək olar ki, heç bir nəticə əldə edilməyib. Ara-sıra kiçik toqquşmalar baş verir. Ukrayna qüvvələrinin oktyabr ayında ilk dəfə olaraq Türkiyə istehsalı olan zərbə PUA-ları ilə separatçıların mövqelərinə zərbə endirməsi Rusiyanı qəzəbləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna-Rusiya  


Bizi "telegram"da izləyin