ABŞ-ın THAAD raket əleyhinə müdafiə sistemi ilk dəfə istifadə edilib

2022/01/JIK5E-1643009222.jpg
Oxunub: 781     15:30     24 Yanvar 2022    
Birləşmiş Ərəb Əmirlikləri ABŞ istehsalı olan THAAD raket əleyhinə müdafiə sistemini ilk dəfə operativ şəkildə istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşri yazıb.

BƏƏ “Lockheed Martin” şirkətinin istehsalı olan THAAD sistemində istifadə edərək Yəməndəki “Husi” qiyamçıları tərəfindən buraxılan ballistik raketi havada məhv edib.

BƏƏ-nin Vaşinqtondakı səfiri Yusuf əl-Otaibanın sözlərinə görə, hücumda qanadlı raketlər, ballistik raketlər və PUA-lardan istifadə edilib. Hücum nəticəsində 3 mülki vətəndaş həyatını itirib, 6 mülki şəxs isə yaralanıb.

BƏƏ 2015-ci ildən Yəmən vətəndaş müharibəsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə kömək edir. BƏƏ son illərdə qoşunlarının əksəriyyətini ölkədən çıxarsa da, hələ də hərbi varlığı var.

Qısa, orta və uzun mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş THAAD ilk dəfə 1990-cı illərdə istehsal edilib. Birləşmiş Ştatlar THAAD sistemini digər ölkələrdəki bazalarına yerləşdirir. Bu ölkələrə Quam, İsrail, Cənubi Koreya və Yaponiya daxildir.

Səudiyyə Ərəbistanı 2017-ci ildə 15 milyard dollar dəyərində THAAD-ın tədarükünə dair müqavilə imzalayıb. BƏƏ isə sistemin ilk xarici müştərisi olub.

2011-ci ildə imzalanan 3,50 milyard dollarlıq müqavilə ilə BƏƏ 2 batareya və 96 raketdən ibarət THAAD sisteminin tədarükünü rəsmiləşdirib.

“Terminal High Altitude Regional Defense” (THAAD) sistemi ballistik raketlərin məhv edilməsi üçün ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən hazırlanıb. 200km+ mənzilə və 150km yüksəkliyə qədər ballistik raketləri məhv edə bilən sistem ballistik raketləri aşkar etmək üçün AN/TPY-2 radarından istifadə edir. Hər bir THAAD raket buraxılış qurğusu 8 raketi daşıya bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   THAAD  


Bizi "telegram"da izləyin