KTMT Qazaxıstandakı missiyası ilə yeni sülhməramlı model təqdim etdi? - ANALİZ (II HİSSƏ)

2022/01/34534-1643283532.jpg
Oxunub: 1022     15:30     27 Yanvar 2022    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Rusiyanın Qazaxıstandakı hadisələrə dörd kiçik müttəfiqi ilə sülhməramlı formasında müdaxiləsi 1992-ci ildən bu günə qədər Rusiyanın iddia etdiyi təsir dairəsində “sülhməramlı” kimi etiketlənən Rusiya əməliyyatlarının sayını altıya çatdırdı. Əvvəlki hallarla (Tacikistan, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Qarabağ) müqayisədə Qazaxıstandakı əməliyyat bir çox cəhətdən yenidir.

Bu, Rusiyanın çoxmillətli olaraq həyata keçirdiyi ilk sülhməramlı missiyasıdır. Rusiyan əvvəlki əməliyyatları koalisiya xarakteri daşımayan birtərəfli qaydada həyata keçirilib. Qazaxıstanda isə Rusiya ilk dəfə olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi əməliyyatda istifadə edib. KTMT-yə üzv dövlətlər (Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan) KTMT Nizamnaməsinə uyğun olaraq, üzv dövlətlərin ərazilərində kollektiv sülhməramlı əməliyyatlar həyata keçirə bilərlər.

Bu, həm də təşkilatın 2002-ci ildə təsis edilməsindən və 2012-ci ildə KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin yaradılmasından sonra KTMT-nin ilk real əməliyyatıdır. KTMT-yə üzv ölkələrin hərbçilərinə sülhməramlı əməliyyatlar üçün hazırlanmış bölmələr daxildir. Rusiya ordusunun 15-ci motoatıcı briqadası sülhməramlı missiyalara (həmin briqadanın bir hissəsi hazırda Qarabağda yerləşdirilib) göndərilir. KTMT-nin özünə təşkilatın strukturunda 3600 hərbçidən ibarət çoxmillətli Sülhməramlı Qüvvələr komponenti daxildir. Buna baxmayaraq, Qazaxıstanda missiyaya göndərilən milli kontingentlər, əsasən, sülhməramlı əməliyyatlar üçün hazırlanmamış hərbi hissələrdən təşkil olunub.

Çoxmillətli kompozisiya, üstəlik, bu halda tokenizmə çevrilir. Kiçik qeyri-rus kontingenti nə qədər gərəkli kimi təqdim olunsa da, onlar missiyanın bütün aspektləri üçün böyük miqyasda Rusiyadan asılı idilər.

Bu missiya üçün hüquqi bazanın olması Rusiyanın sülhməramlı əməliyyatları tarixində daha bir “ilk”dir. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin dəvəti Rusiyanın bu missiyaya təşəbbüs göstərməsi və ona rəhbərlik etməsi üçün hüquqi əsas verdi. Öz iddiasının (və Qazaxıstanın) şübhə altına alınmaması üçün Rusiya missiyanı dayandırdı və Tokayevin tələbi ilə müttəfiq qoşunlarını ölkədən dərhal çıxardı. Bu baxımdan, bu missiyanı qanuniləşdirmək üçün KTMT Nizamnaməsinə müraciət etmək lazımsız arqumentdir.

Buna baxmayaraq, Rusiya (koalisiya lideri kimi) və Qazaxıstan (dəvət edən dövlət kimi) bu missiyanın başqa hüquqi əsaslandırılması üçün KTMT Nizamnaməsinə istinad ediblər. Nizamnamənin 4-cü maddəsinə əsasən, “iştirakçı dövlətlərdən hər hansı birinə qarşı təcavüz (təhlükəsizliyə, sabitliyə, ərazi bütövlüyünə və suverenliyinə təhdid yaradan silahlı hücum) baş verdikdə, bütün digər iştirakçı dövlətlər həmin tərəf-dövlətin tələbi ilə dərhal ona lazımi yardımı, o cümlədən hərbi yardım göstərir”.

Avropa mediasına danışan Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdinin sözlərinə görə, bu böhran zamanı Qazaxıstana hərbi yardım təklif edən başqa ölkələr də olub: “Lakin bizim KTMT-dən başqa ölkə və ya təşkilatlardan qoşun qəbul etmək üçün hüquqi əsasımız yox idi”. Bu arqument gərəksizdir və əsassızdır. KTMT Nizamnaməsi özlüyündə bu missiyanı beynəlxalq hüquq baxımından etibarlı əsasla təmin edə bilməzdi, çünki KTMT-nin özündə həm beynəlxalq hüquqi status, həm də mandat vermək səlahiyyətləri yoxdur.

Qazaxıstandakı əməliyyat Rusiyanın “terrorizmlə” mübarizə adı ilə başqa bir ölkədə həyata keçirdiyi ilk əməliyyatdır. Rusiya bu məsələdə Qazaxıstanın arqumentlərini qəbul edib. Qazaxıstan hakimiyyəti ölkədə qəflətən baş vermiş kütləvi, şiddətli iğtişaşları həm xaricdən, həm də yerli qüvvələrdən qaynaqlanan terrorun təzahürü kimi səciyyələndirib. Hakimiyyət ordunun və təhlükəsizlik xidmətlərinin asayişi bərpa etmək səylərini “antiterror əməliyyatı” kimi qiymətləndirib. Prezident Tokayev və digər qazax rəsmiləri Qazaxıstan qüvvələrini dəstəkləmək və əməliyyat zamanı Rusiyanın rəhbərlik etdiyi müdaxiləni əsaslandırmaq üçün terror görüntülərindən çox istifadə ediblər. Onlar terrorun xarici dəstəyinə işarə edərək, Qazaxıstanın “xarici təcavüz”lə üzləşdiyi qənaətinə gəliblər və bununla da Rusiya/KTMT yardım missiyası üçün iddialarını gücləndiriblər. Rusiya prezidenti Vladimir Putinin hökuməti və nəzarət edilən kütləvi informasiya vasitələri Rusiyanın başçılıq etdiyi müdaxiləni əsaslandırmaq üçün Qazaxıstanın antiterror ritorikasını geniş şəkildə təkrarladılar.

Daha bir “ilk”də Rusiya anarxiya ilə həmsərhəd olan xaos vəziyyətində ictimai asayişi bərpa etmək missiyasına sülhməramlı etiketi yapışdırdı. “Sabitləşdirmə əməliyyatı” etiketi Rusiyanın müdaxiləsinə və Qazaxıstana yerləşdirilən qoşunların hərəkətlərinə daha uyğun gələ bilər. Məqsədinə görə bu əməliyyat aktivlərin qorunması və asayişin bərpası kimi, həm də polis əməliyyatı ilə müqayisə oluna bilərdi. Bununla belə, başqa yerlərlə müqayisə oluna bilən situasiyalarda polis əməliyyatlarından fərqli olaraq, Rusiyanın rəhbərlik etdiyi missiyanın döyüş qaydaları öldürücü gücdən istifadə etmək üçün çox az imkan verirdi.

Rusiyanın əvvəlki “sülhməramlı” əməliyyatları adətən dondurulmuş münaqişə zonalarına daxil olmaq və tərəflərə təzyiq etmək üçün nəzərdə tutulurdu. Etniklərarası münaqişələri manipulyasiya edərək Rusiya öz qoşunlarını interpozisiya qüvvələri kimi və ya “sülhə məcbur etmək” üçün yerləşdirir. Bu əməliyyatların heç birinin elan edilmiş məqsədləri arasında terrorla mübarizə və ya ictimai asayişin bərpası yoxdur. Qazaxıstandakı əməliyyat göstərir ki, Rusiya (həmçinin qəbul edən tərəf) “sülhməramlı” olaraq nəyin nəzərdə tutulduğuna dair elastik təriflərdən istifadə edə bilər. Tərifin həlledici səlahiyyətlərinə Rusiya malikdir və o, gələcək “sülhməramlı” əməliyyatlarda bu tərifi lazım gəldikdə yaradıcı şəkildə genişləndirə bilər.

Qazaxıstana müdaxilə də onu göstərir ki, Rusiya post-imperiya postsovet domenində sülhməramlı əməliyyatlar üzərində monopoliyadan istifadə etməkdə davam edir. Qərb dövlətləri bu imtiyazı heç vaxt tanımasalar da, onlar da buna etiraz etməyiblər və bəzi hallarda bununla yanaşı gediblər. Bu faktiki inhisar Rusiyanın Avrasiyadakı təsir dairəsi üçün tikinti blokunu təşkil edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Qazaxıstan  


Bizi "telegram"da izləyin