Əsgər məktubu| Sən dövlətimizin güclü ordusunda xidmət edən məğrur bir əsgər anasısan

2022/01/5f25d-1642837415.jpg
Oxunub: 926     16:21     24 Yanvar 2022    
Salam anacan. Necəsən? Bu məktubu sənə qalib orduda xidmət etməyimdən qürurlanaraq yazıram. Yadındadır, sən həmişə deyərdin ki, oğlum, Vətən torpağı bizlərə əmanətdir. Əmanəti qoruyub saxlamaq hər bir vətəndaşın borcudur. Bu gün mən də əziz Vətənimin müdafiəsində dayanıb borcumu yerinə yetirirəm. Ana, gözün aydın, mən əsgərəm. Orduda olduğuma görə özümü xoşbəxt hiss edirəm. Xoşbəxtəm, ona görə ki, xalqımız əsgərlərinə daim inanır, güvənir. Xalqımızın 30 illik həsrətinə son qoyan, qələbə sevincini yaşadan ordunun əsgəri olmaq məni də sevindirir.

Ana, bilirsən, Vətənə layiqli xidmət etmək üçün bizlərə burada hər cür qayğı göstərilir. Yeməklərimiz sənin yeməyin kimi dadlıdır. Hər gün müxtəlif növ dadlı, yüksək keyfiyyətli təamlarla qidalanırıq. Müasir tələblərə cavab verən yataqxanamız var. Yataq dəstlərimiz hər həftəsonu yenisi ilə əvəz olunur. İsti və soyuq suyu olan əl-üz yuma yerləri, səliqəli hamamımız var. Paltarlarımızı da hər həftə camaşırxanada yuyub özümüzə qaytarırlar. Asudə vaxtımızı səmərəli keçirməyimiz üçün ideoloji otağımızda hər cür şərait yaradılıb. Bütün bunların qarşısında bizim üzərimizə sadəcə bir vəzifə düşür - keçirilən dərslərdə fəal iştirak edib, komandirlərimizin bizə öyrətdikləri bilikləri dərindən mənimsəmək, onların döyüş təcrübəsindən nümunə götürmək. Canım anam, bir sözlə, xidmətim əla keçir. Artıq sən də qürurla deyə bilərsən ki, dövlətimizin güclü ordusunda xidmət edən məğrur bir əsgər anasısan.

Atam, qardaşım və bacım necədirlər? Atama bildir ki, komandirlərimiz daim bizə diqqət göstərir. Onların diqqət və qayğısını hər an üzərimizdə hiss edirik. Yuxarı komandanlıq da tez-tez hərbi hissəmizə gəlir, şəraitimizlə maraqlanır. Xidmətim zamanı bir qərara gəlmişəm. İnanıram ki, bu qərarım sizi də sevindirəcək. Atam bir dəfə mənə dedi ki, həyatda özünə elə bir peşə seç ki, gələcəkdə onunla qürurlanasan. Hərbçi olmaq qərarına gəlmişəm, anacan. Düşünürəm ki, hərbçi olmaq, Vətənə xidmət etmək çox qürurludur. Xidmətimi başa vuran kimi yenidən orduya qayıdacağam. Komandirlərim də bu yolda mənə kömək olacaqlarını deyiblər. Bunun üçün hər gün fiziki hazırlığımı artırır, keçirilən dərslərdə fəal iştirak edirəm.

Biz burada xidmətimizlə bərabər, ölkə gündəmi ilə də məlumatlandırılırıq. Bilirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edildi. Şuşa şəhəri dövlətimiz, xalqımız üçün dəyərlidir. Dövlət başçımızın diqqəti ilə işğaldan azad edilən torpaqlarımız yenidən qurulur. Aparılan yenidənqurma işləri bitdikdə şuşalılar, kəlbəcərlilər, füzulililər, zəngilanlılar artıq öz doğma torpaqlarına qayıdacaqlar. Bu böyük zəfərimizin nəticəsidir.

Məhəmməd Əsədov "N" hərbi hissəsi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin