Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırıldı - FOTO

2022/01/3d195-1642837014.jpg
Oxunub: 970     12:29     22 Yanvar 2022    
Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanovun dislokasiya yeri işğaldan azad edilmiş ərazi olan hərbi hissədə xidmətdə fərqlənənləri qiymətli hədiyyələrlə mükafatlandırması böyük sevgi, hərbi xidmətə məsuliyyət yaradıb.

Kapitan Elşən Balakişiyev:

- Vətən müharibəsi ordumuzun böyük qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Bu müharibə də, qazanılan Zəfər də tarixləşdi. Azərbaycan Ordusunun zabiti olaraq qürurlanıram ki, Vətən müharibəsində mən də iştirak etmişəm.

Vətən müharibəsi bu günün gənclərinin vətənpərvərlik tərbiyəsinin daha geniş, məzmunlu şəkildə formalaşmasında mühüm əhəmiyyətə malik oldu. İndi hər bir çağırışçı hərbi xidmətə qazanılmış Zəfərin ovqatı ilə gəlir, ilkin hərbi hazırlığını da, ümumilikdə hərbi xidmətini də Zəfərin davamı bilir.

Biz işğaldan azad edilmiş ərazidə xidmət edirik. Əsgərlərimiz qalib əsgərlərin davamçıları olaraq Vətənə sədaqətlə xidmət edirlər, verilən tapşırıqları, əmr və göstərişləri məsuliyyətlə yerinə yetirirlər.

Bu günlərdə müdafiə nazirinin müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanovun hərbi hissəmizə gəlişi, şəxsi heyətlə bilavasitə xidmət yerində söhbətləşməsi, onlara gərəkli tövsiyələr verməsi hər birimizə könül xoşluğu verdi. Söhbət hərbi xidmətin məsuliyyətinin Vətənə sevgi olduğunun təsdiqi kimi dinlənildi.

Qürurlanıram ki, nazir müavini məni də təltif etdi. Bu təltifə işğaldan azad edilmiş ərazidə xidmətimə görə layiq görülməyimi hərbçi taleyimin uğuru bilirəm.


Gizir Pənah Sadıqlı:

- Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Qələbə Günü kimi tarixləşdi, düşmən üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Qazanılan Zəfər torpaqlarımızın işğaldan azad edilməsini təmin etdi. Vətən müharibəsində mən də iştirak etdim.

İndi xidmətimi işğaldan azad edilmiş ərazidə davam etdirirəm. Bu, mənə həm qürur verir, həm də məsuliyyətimi artırır. Vətən qarşısında borcumuzu məhz bu məsuliyyətlə ödəyirik. Əsgərlərimiz dözümüylə, hərbi xidmətə sevgisiylə təsdiqləyir ki, Vətən müharibəsində qazanılan Zəfər onların dünyaduyumunu da genişləndirib, Vətən sevgilərini də yüksəldib. Onlar nümunəvi xidməti ilə Vətən müharibəsi iştirakçılarının mənəvi davamçılarıdır.

Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanovun hərbi hissəmizə gəlişini böyük ruh yüksəkliyi ilə qarşıladıq. Bunu hərbi xidmətimizə etimad bildik. Nazir müavininin söhbətləri də, tövsiyələri də bizim bundan sonrakı hərbi xidmətimizə stimul olacaq.

General-leytenant Nizam Osmanov məni də təltif etdi. Buna həm sevinirəm, həm də bunun məsuliyyətini aydınlığıyla dərk edirəm. Mənim hərbi xidmətim müddətində müxtəlif təltiflərim olub. Bu təltifi həmişə duyğusallıqla xatırlayacam. İşğaldan azad edilmiş ərazidə xidmətə görə təltifin nə olduğunu heç zaman unutmayacam...

Əsgər Abid Rəhimov:

- Bu gün müdafiə nazirinin müavini cənab general-leytenant Nizam Osmanov tərəfindən təltif olunan hərbi qulluqçulardan biri də mən oldum. Hədiyyə almaq gözəl hissdir. Lakin general tərəfindən təltif olunmaq əsgər üçün ən böyük sevincdir. Xidmətimin ən yaddaqalan günlərindən birini yaşayıram. Bu hədiyyəni hərbi xidmətim dövründə, ələlxüsus əzəli və əbədi Vətən torpaqlarında almağım məni daha da qürurlandırır. Qürurluyam... Qürurluyam ki, bu gün işğaldan azad olunmuş tarixi torpaqlarımızın keşiyində duran Vətənin oğulları sırasındayam. Hər birimiz üzərimizə düşən məsuliyyəti dərindən hiss edir, Vətən müdafiəsində dayanmağın nə qədər vacib və müqəddəs vəzifə olduğunu yaxşı anlayırıq. Məqsədim qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməklə yaxınlarıma və doğmalarıma hər zaman başucalığı gətirməkdir. Hərbi xidmətə gəldiyim gündən komandirlərimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı görmüşəm. Bu gün də təltif olunmağım bunun əsas göstəricilərindən biridir. Göstərilən isti münasibət məni xidmətə daha da ruhlandırır. Həmçinin ordu rəhbərliyinin də bölməmizi tez-tez ziyarət etməsi, bizim üçün yaradılan şəraitlə tanış olması, qayğı və problemlərimizlə maraqlanması bizə olan yüksək etimadın və ordumuza göstərilən diqqətin təzahürüdür. Qısa vaxt ərzində ordumuzda aparılan quruculuq işləri nəticəsində bölməmizdə arzuolunan şərait yaradılıb. Yaradılan şərait bizim xidməti fəaliyyətimizi düzgün təşkil etməkdə yardımçı olur.

Əsgər Kənan Əliyev:

- Əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində orta məktəbdə oxuyurdum. Lakin aidiyyəti qurumlara müraciət edərək döyüşlərdə iştirak etmək istədiyimi bildirsəm də, buna icazə verilmədi. Şanlı Qələbəni müjdələyən rəşadətli ordumuzun Zəfər paradını ailə üzvlərimlə birlikdə çox böyük sevinc hissi ilə izlədim.

Bu gün isə mən qalib bir ordunun əsgəri olmağımla fəxr edirəm. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm qələbə ordumuzun gücünü, qüdrətini artırmaqla yanaşı, xalqımızın birliyini, həmrəyliyini də dünyaya nümayiş etdirdi. İndi hər bir əsgər qalib Azərbaycan Ordusunun sıralarında olmaqdan və düşmən işğalından azad edilən əzəli və əbədi torpaqlarımızda müqəddəs borcunu yerinə yetirməkdən qürur duyur.

İlk gündən Hərbi Nizamnamələrin, komandirlərimin, təcrübəli əsgər yoldaşlarımın da dediklərini və tövsiyələrini yerinə yetirirəm. Bu, mənim hərbi biliklərimin artmasında mühüm rol oynayır. Xidmətim Vətən müharibəsi iştirakçısı olan komandirlərimin xatirələriylə, təəssüratlarıyla daha da zənginləşib. Əldə etdiyim biliklər mənim fərqlənməyimdə başlıca rol oynadı. Fərqlənmək isə xidmətin uğurlu davamı üçün başlıca şərtlərdəndir.

Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi tərəfindən qiymətli hədiyyəyə layiq görülmək isə ən unudulmaz xatirədir.

Əsgər Pünhan Mehdiyev:

- Qalib xalqın əsgəri olmaqdan qürur duyuram. Komandirlərimin əmrlərinə, tələb və göstərişlərinə əməl etməyə çalışıram. Havalar soyuq, sərt keçsə də, iqlimin belə olması Vətənə borcumuzu yerinə yetirməyə mane ola bilmir. Torpaqlarımızın işğaldan azad olunması bir əsgər kimi məni də çox, lap çox sevindirdi.

Bu gün hərbi xidmətdəyik. Həm də işğaldan azad edilmiş ərazidə. Bizim üzərimizə düşən məsuliyyəti tam dərk edirik. Bizdən sonra hərbi xidmətə gələn əsgərlər də bizim yolumuzu davam etdirəcəklər. Əminəm ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri tezliklə başa çatacaq. Mən də o zaman qürurla deyəcəm ki, bu torpaqlarda xidmət etmişəm.

Doğma torpaqlarımızda xidmət bizim Vətənə sevgimizi yüksəldir. Hər oba, hər cığır, hər dağ-təpə də bizim evimiz, yurdumuzdu. Əsgər yoldaşlarım da bu mövzuda mənimlə eyni fikirdədirlər. Biz azad olunmuş torpaqlarda xidmət etməkdən, yeni hərbi biliklər öyrənməkdən, dostlar qazanmaqdan məmnunuq.

Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov xidmətlərimə görə məni də qiymətli hədiyyə ilə mükafatlandırdı. Bu diqqət məni daha da ruhlandırdı. Nümunəvi xidmət edərək daim əsgər yoldaşlarıma örnək olmağa çalışacam.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin