“Topçular istənilən tapşırığı uğurla yerinə yetirmək əzmindədirlər” - REPORTAJ (FOTOLAR)

2022/01/93b2f-3285673722.jpg
Oxunub: 1275     17:32     28 Yanvar 2022    
Danılmaz həqiqətdir ki, müharibədə artilleriyanın yeri və rolu əvəzsizdir. Yəqin elə bu amili nəzərə alan Azərbaycanın görkəmli hərb xadimi Əlağa Şıxlinski deyib ki, artilleriya müharibənin Allahıdır. Qoşunların üzbəüz döyüşlərində artilleriyadan istifadə etmədən qalib gəlmək mümkün deyil. Qalib gəlsən də, çox itki verməli, çox qan axıtmalı olacaqsan.

İstər 2016-cı ilin Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində artilleriyaçılarımız böyük hünər və qəhrəmanlıq göstərdilər. Onlar dəqiq atəş zərbələri ilə erməni işğalçılarının zirehli texnikalarını, atəş mövqelərini və canlı qüvvələrini məhv etdilər. Bir sözlə, İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasına böyük töhfələr verdilər.

“N” hərbi hissəsində artilleriyaçılarla söhbət etdik. Vətən müharibəsində göstərdikləri igidlik və rəşadətdən də xeyli danışdıq. Zabitlərdən biri dedi ki, əvvəllər artilleriyanı müharibənin Allahı adlandırırdılar. Amma Vətən müharibəsi göstərdi ki, artilleriya müharibənin Allahı olmaqla bərabər, həm də özüdür.


Bu gün müharibələri artilleriyasız təsəvvür etmək mümkün deyil. Bu və ya digər amilləri nəzərə alan artilleriyaçılarımız daim dərs və məşğələlər keçir, döyüş hazırlıqlarını artırırlar. Vətən müharibəsində göstərdikləri cəsarət və rəşadətdən, qazandıqları uğurlardan ruhlanan hərbçilərimiz artilleriyanın sirlərinə daha da dərindən yiyələnməyə çalışırlar.

Çöl məşğələlərini izləyərkən biz bunun canlı şahidi olduq. Təlim keçən əsgərlər məşğələlərdə fəal iştirak edir, artilleriya qurğusunun sirlərinə daha da dərindən yiyələnməyə can atırdılar.


Kapitan Pərviz Ağamalıyevlə söhbətimiz maraqlı keçdi. Zabit dedi ki, çöl məşğələsinə qatılan artilleriyaçıların əksəriyyəti Vətən müharibəsinin iştirakçılarıdır. “Döyüşdən Zəfərlə çıxmış zabit və əsgərlərimiz təcrübəlidirlər. Döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyət bilik və bacarığını yenə də artırmaqda davam edir. Məşğələ prosesində Vətən müharibəsində qazanılan təcrübədən də istifadə olunur. Dərsin mövzularına uyğun olaraq hərbçilərimiz planlı və plandankənar hədəflərin məhv edilməsini, atəş mövqeyinin tutulmasını, tərk edilməsini və zəruri olan başqa vərdişləri dərindən mənimsəyirlər. Çalışırıq ki, məşğələlər səmərəli keçsin, heyət nəfərləri hərbi bilikləri elə mənimsəsinlər ki, bu vərdişlər gələcəkdə onlara yeni qələbələr qazandırsın”.

Top komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Paşa Məhəmməd oğlu Abışov ilə görüşüb söhbət etdik. O da Vətən müharibəsinin iştirakçısıdır. Talış və Suqovuşan uğrunda vuruşub. Artilleriyaçı kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələrək erməni qəsbkarlarının neçə-neçə atəş mövqeyinin külünü göyə sovurub, xeyli canlı qüvvəsini məhv edib. Döyüşlərdə göstərdiyi igidlik və cəsarətə görə Abışov Paşa Məhəmməd oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülüb.

- Qalib ordunun sıralarındayam. Bundan qürur duyur, iftixar hissləri keçirirəm, - deyə top komandiri Paşa Abışov sözə başladı. - Ermənilər 28 ildən artıq idi ki, torpaqlarımızı işğalda saxlayırdılar. Təəssüflər olsun ki, bu müddət ərzində aparılan sülh danışıqları da müsbət nəticə vermirdi. Deməli, işğalda qalan yurdumuz yalnız müharibə yolu ilə, Azərbaycan əsgərinin qəhrəmanlığı ilə azad olunmalıydı. 27 sentyabr 2020-ci ildə ermənilər yeni ərazilərimizi ələ keçirmək məqsədilə mövqelərimiz üzərinə hücuma keçdilər. Əks-hücum əməliyyatı ilə Vətən müharibəsi başlandı. Talış və Suqovuşan uğrunda vuruşduq. 44 gün ərzində mərmiləri erməni işğalçılarının üstünə dolu kimi yağdırdıq. Azərbaycan Ordusu Vətən müharibəsindən zəfərlə çıxdı. Qürur duyuram ki, yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə mən də ordumuzun sıralarında oldum. Əsgər yoldaşlarımla bərabər çiyin-çiyinə vuruşdum. İndiyə qədər əxz etdiyim döyüş təcrübəsini bu gün çöl məşğələsində gənc əsgərlərə öyrədir, onların hazırlığını artırırıq. Təlim və məşğələlərin keçirilməsində əsas məqsəd budur.

Əsgər Sadiq Habil oğlu Almasov ordu sıralarına 2020-ci ildə - yurdumuzun azadlığı uğrunda gərgin döyüşlər gedən günlərdə çağırılıb. - Çox təəssüflər olsun ki, gənc əsgər olduğumuza görə bizi döyüşlərə cəlb etmədilər, Vətən müharibəsinin iştirakçısı ola bilmədik, - deyə əsgər söhbətə başladı. - Çox istərdim ki, torpaqlarımızın azadlığı uğrunda mən də döyüşüm. Müharibəyə göndərilməsək də, təlim və məşğələlərdə fəal iştirak etdim. Hərbi bilik və döyüş vərdişlərini dərindən mənimsədim. Buna görə də təlimlər zamanı tuşlayıcı kimi vəzifəmin öhdəsindən bacarıqla gəlirəm. Çünki bu gün iştirak etdiyimiz məşğələlərdə qazandıqlarımız biliklər gələcəkdə bizə yeni-yeni qələbələr qazandıracaq. Xalqımız əmin olsun ki, topçular istənilən tapşırığı uğurla yerinə yetirmək əzmindədir.

Əsgərlər Həbib Gözəlov, İlkin Əhmədli, Murad Zərbalıyev də dərs və məşğələlərdə fəal iştirak etdiklərini, hərbi bilik və vərdişləri mükəmməl mənimsədiklərini dedilər.

Döyüş vərdişlərini mənimsəyən əsgərlərə xidmətlərində uğurlar arzuladıq.

Vahid Məhərrəmov "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin