"Əsgərimiz vədəsindən asılı olmayaraq döyüş meydanında düşmənə aman vermirdi" - REPORTAJ (FOTOLAR)

2022/01/786c6-1642836265.jpg
Oxunub: 1622     11:21     22 Yanvar 2022    
2020-ci il Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və məğrur xalqımızın dəstəyi ilə Azərbaycan Ordusunun qazandığı Böyük Qələbə ili olaraq tarixləşdi. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən qalibiyyət döyüşü 50 milyondan çox soydaşımızı müsəlləh əsgər etdi. "Dəmir yumruq" əməliyyatı təkcə öz yurdundan tərkidiyar olan məcburi köçkünlərin arzusu deyildi, bütün həmvətənlərimizin, soydaşlarımızın qəlbindəki Qarabağ həsrətinə son qoyulacağının carçısı idi. Elə buna görə də yaşından, vəzifəsindən və yaşadığı yerdən asılı olmayaraq dünya azərbaycanlılarının ürəyi döyüş meydanında Azərbaycan əsgəri ilə birgə döyünürdü.


Yolumuz bu dəfə də, həsrətinə son qoyulan Vətən torpaqlarınadır. Avtomobil şütüyür, ətrafa bir göz qırpımında nəzər salıram. Dağılmış evləri, viran qoyulmuş torpaqları gördükcə heyrətlənir, heyrətləndikcə düşmənə nifrətim daha da artır. Düşmən vandalizminin və barbarlığının təzahürü olan dağıdılmış qəbir daşları, yerlə-yeksan olunmuş təbiətin yaddaşımızdan silinməsi və unudulması çətin səhnələrdəndir. Bir zamanlar yaşıllığı, əsrarəngiz təbiəti ilə göz oxşayan bu yerlərdə isti yay günündə daldalanmağa bir ağac belə qalmayıb. Bütün bunlar düşmənin xislətindən xəbər verir. Lakin ölkə başçısının tapşırığı ilə aparılan quruculuq və bərpa işlərinin də şahidi oluruq ki, görülən işlər gələcəyə nikbinliyimizi və bu ərazilərin yenidən gözəlləşəcəyinə inamımızı daha da artırır. Qısa müddət ərzində artıq böyük işlərin görülməsi bizi bir daha əmin edir ki, bir zamanlar bu torpaqların həqiqi sakini olmuş soydaşlarımızın Böyük Qayıdışı ilə burada həyat yenidən canlanacaq və təbiət öz gözəlliyinə yenidən qovuşacaqdır. Bu fikirlər üzümə gülüş qondurur. Bu gülüşü Azərbaycan xalqına qazandıranları düşünürəm. Düşüncələr yolun necə bitdiyini hiss etdirmir. Mənzil başına çatırıq. İlk öncə zabit Ruhi Cavadovla tanış oluruq və kəlmələşirik.


O, söhbət əsnasında ölkəmizdə aparılan müasir ordu quruculuğundan danışır və bildirir ki, regionun ən güclülərindən olan Azərbaycan Ordusunda xidmət etmək qürurvericidir. "Beynəlxalq hərbi müstəvidə olduğu kimi, Azərbaycan Ordusunda da müasir standartlara uyğunlaşmaq istiqaməti prioritet təşkil edir. Belə ki, ölkələrin gücünün və geosiyasi təhlükəsizliyinin qarantı onun ordusudur. Sevindirici haldır ki, bu gün Azərbaycan Ordusu dünyanın qüdrətli orduları sırasındadır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilərimizlə görüşündə demişdi: "Bizim şanlı ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir". Həqiqətən də, silahlanmamızda olan modern idarəetmə, innovativ hərbi texnologiyalardan uğurla istifadə edən savadlı kadrlarımız haqq savaşında müstəsna rol oynadı.


Ordu quruculuğunda qazanılan uğurun banisi, ümummilli lider Heydər Əliyevdir. Çünki ordu quruculuğundakı dirçəliş məhz Ulu Öndərin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qısa zamanda hərbi təhsil sistemində islahatlar aparıldı, ordumuzun təcrübəli zabit kadr heyəti ilə komplektləşdirilməsi prosesində mühüm işlər görüldü. Vahid komandanlığın yaradılması və onun təkmilləşdirilməsinə yönəlik fəaliyyətlər planı hazırlandı və uğurla yerinə yetirildi. Əbədiyaşar komandan Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hərb sahəsində daha yeni uğurlar əldə edildi. Dünyanın aparıcı ordularına və müdafiə sənayesinə malik ölkələrlə imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən, arsenalımıza müasir tələblərə cavab verən silah və hərbi texnikalar daxil edildi. Həmçinin ölkəmizin müdafiə sənayesi gücləndirildi. Hazırlanan modern silahlar təkcə ölkəmiz ərazisində deyil, ölkə hüdudlarından kənarda da böyük rəğbət qazandı. Ötən illər ərzində hərbi qüdrətimizin artması, müdafiə qabiliyyətimizin yüksəldilməsi üçün saysız-hesabsız işlər görüldü. Nəhayət, bütün bu hazırlıqlar və görülən işlər öz nəticəsini hərb tariximizin şərəfli səhifəsinə çevrilən "Dəmir yumruq" əməliyyatı ilə göstərdi. Hərbi sahəyə olan xüsusi diqqətin təzahürü idi ki, güclü Azərbaycan Ordusu tarixi torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdi".


Zabitlə söhbətimizi başa çatdırdıqdan sonra gizir Mirismayıl Zeynalovla kəlmələşirik. "Azərbaycan əsgəri əliyalın, südəmər körpələrimizin, ahıl yaşlılarımızın, qadınlarımızın başına açılan və heç bir insanlığa sığmayan erməni terrorunun, barbarlığının gecikmiş, amma layiqli cavabını verdi. Düşmən öz xislətindən döyüşlər vaxtı da əl çəkmədi. Döyüş meydanından kilometrələrcə uzaqda olan mülki əhaliyə qadağan olunmuş silahlardan atəş açdı. Bunlar xalq-ordu birliyini, qələbə istəyini sarsıda bilmədi. Ali Baş Komandanının və xalqının etimadını layiqincə doğrultmaq üçün Azərbaycan əsgəri vaxtından, vədəsindən asılı olmayaraq döyüş meydanında düşmənə aman vermirdi. Şuşa şəhərinin işğaldan azad olunması da, qələbəni təmin edən hadisələrdən biri oldu. Müxtəlif cəbhələrdə olsaq da, hər gün işğaldan azad olunan və azad edilən kəndlərin müjdə xəbərləri bizi daha böyük uğurlara ruhlandırırdı, sevincimizi daha da artırırdı. Bu tarixi qələbə Vətən həsrətinə son qoydu. O günlər hər bir azərbaycanlının gözlədiyi günlər idi, şəhidlərimizin qisasının alındığı günlər idi, ata-babalarımızdan bizə miras qalan tarixi ərazilərimizin Vətən torpağına birləşdiyi günlər idi. Böyük Qələbə qədirbilən Azərbaycan xalqı tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tariximizdə əbədi yaşayacaq və gələcək nəslə layiqincə və lazımınca aşılanacaq. Qazanılan Zəfər gənclərimiz üçün əsl qəhrəmanlıq, rəşadət və igidlik nümunəsidir".

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhəmməd Əliyev işğaldan azad olunan ərazilərdə yaradılan şəraitdən və burada xidmət edən əsgərlərimizin vətənpərvərlik hissindən danışır. "Tarixi Zəfər qazanan rəşadətli ordumuzun azad etdiyi tarixi torpaqlarımızda yerləşən bölmələrimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması fonunda mühüm fəaliyyətlər planı həyata keçirilir. Görülən işlərin məntiqi nəticəsidir ki, qısa müddət ərzində xidmət etdiyimiz bölmədə maddi-texniki təminat güclənib və sosial rifahımız xeyli yaxşılaşdırılıb. Xidmət etdiyimiz bölgədə xidmətin düzgün təşkili üçün arzuolunan şərait mövcuddur. Hərbi qulluqçuların xidməti tapşırıqlardan başqa, asudə vaxtını səmərəli təşkil etmək, fiziki hazırlığını nəzarətdə saxlamaq, bir sözlə, təsdiq olunmuş günün nizam qaydasına uyğun tədbirlərin icrası üçün hər cür şərait yaradılıb. Bizim üzərimizə düşən əsas vəzifə isə tabeliyimizdə olan şəxsi heyəti əsl döyüşçü kimi formalaşdırmaqda komandirlərimizin qarşıya qoyduğu tapşırıqların öhdəsindən layiqincə gəlməkdir. Əsgərlər dərs və məşğələlərdə öyrəndikləri nəzəri bilikləri, təlimlərdə praktiki icra edərək özünə inam hissini artırır və Vətən müdafiəsində dayanan təcrübəli döyüşçü olur. Bölməmizdə böyük qələbə ovqatı, ruh yüksəkliyi mövcuddur. Əsgərlərin hər biri üzərinə düşən məsuliyyəti dərindən hiss edərək müqəddəs amala xidmət etməkdən qürur duyur. Bu gün xidmət etdiyimiz tarixi ərazilərimizi göz bəbəyi kimi qoruyan oğullarımız anlayırlar ki, bu torpaqların hər qarışı uğrunda şiddətli döyüşlər gedib və torpaqlarımızın bütövlüyü uğrunda canını qurban verən Vətən oğullarımız olub. Və bilirik ki, şəhid qanı ilə torpaq vətənləşir. Hər birimiz düşmənə nifrət, Vətənə sədaqət hissi ilə xidmət edirik. Xalqımız əmin olsun ki, bu gün Vətən müdafiəsində duran igid oğullarımız məhz onların firavanlığı üçün düşməni nəzarətdə saxlayır, gecə-gündüz keşik çəkirlər. Öz məkrli niyyətindən əl çəkməyən düşmənin başını hər zaman əzməyə qadir, Ali Baş Komandanına və xalqına sədaqətlə bağlı olan qalib ordumuz, qalib əsgərlərimiz var.

Əsgərlər Rail Qurbanov, Rabil Səbizadə, Sərxan Aycalovla tanış oluruq və onlarla danışdıqdan sonra bir daha əmin oluruq ki, Vətən müdafiəsi etibarlı əllərdədir. Onların hər birinə bu şərəfli missiyada uğurlar arzulayıb, sağollaşırıq. Bu mötəbər günləri yaşamış xalq olaraq Zəfər salnaməmizlə hər birimiz qürur duymalıyıq. Qürur duymalıyıq ki, biz rəşadətli ordusu olan qalib ölkənin vətəndaşlarıyıq. Dünya tarixində belə hadisələr tez-tez olmur. Bunun üçün də biz Zəfər tariximizi layiqincə yaşatmalı və gələcək nəslə düzgün ötürməliyik ki, onlar da əcdadları kimi bu torpağın hər qarışını müqəddəs Vətən bilsin, onu göz bəbəyi kimi qorusun. Çünki Vətənin hər qarışı bizə əzizdir. Torpaq şəhid qanı ilə vətənləşir. Biz xalq olaraq Böyük Qələbəyə gedən yolda çox qurbanlar vermişik. Qazanılan qələbə ilə Zəhra balamızın, Mübariz İbrahimovun, Murov qartalı Raquf Orucovun, general-mayor Polad Həşimovun və onların timsalında bütün şəhidlərimizin qisası alındı. Azərbaycan tarixinin şanlı səhifələrinə "Zəfər salnaməsi" yazan oğullarımızdan nə qədər danışsaq azdır. Canını və qanını Vətən torpaqlarının azadlığına, ölkənin suverenliyinə, xalqın firavanlığına qurban verən şəhidlərimizin ruhu qəlbimizdə əbədi yaşayır və tarix boyu qədirbilən soydaşlarımız tərəfindən yüksək ehtiramla yad ediləcək. Şəhidlər ölməz, Vətən bölünməz!

Fuad Cəfərov "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin