Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Normal plana əsasən, qırıcıların 2026-cı ilin sonuna qədər təhvil verilməsi planlaşdırılır. Ancaq ABŞ “Lockheed Martin” tərəfindən istehsal olunan və yeni imkanlarla təchiz edilmiş F-16-ların “Block 70” konfiqurasiyasının çatdırılmasını sürətləndirmək istəyir.
Məlumata görə, Çinin təzyiqlərindən narahat olan Tayvan hökuməti ABŞ prezidenti Co Baydenin administrasiyasından qırıcıların daha tez çatdırılmasını xahiş edib.
Tayvan 2019-cu ildə təsdiq edilmiş 8 milyard dollarlıq müqavilə çərçivəsində 66 ədəd F-16 C/D “Block 70” təyyarəsini təhvil aldıqdan sonra Asiyanın ən böyük F-16 parkından birinə sahib olacaq. 2026-cı ilə qədər köhnə versiyalar da daxil olmaqla adada F-16-ların sayı 200-dən çox olacaq.
Mütəxəssislərin fikrincə, yeni təyyarələrin tədarükünü sürətləndirmək üçün Bayden administrasiyası Tayvanın müdafiə ehtiyaclarının digər müttəfiqləri və tərəfdaşlarının ehtiyaclarından daha aktual olduğuna dair qərar qəbul edə bilər.
Sevinc Əliyeva
Ordu.az